Şənbə , Aprel 20 2024
Ana səhifə / Şou Biznes / “40 yaşı var, mətbuatda, saytlarda mələyir ki, “ölürəm””

“40 yaşı var, mətbuatda, saytlarda mələyir ki, “ölürəm””

Çarəsiz durumda olan yazar intihar edir və ya intihara cəhd edir, xəstə olan yazar imkanlı şəxslərdən yardım gözləyir. Ancaq üzv olduğu Yazıçılar Birliyindən nə səsinə səs verən tapılır, nə də köməyinə yetişən. Bu vəziyyət, həmçinin, digər yaradıcı şəxslərdə, aşıqlarda, bəstəkarlarda, eləcə də jurnalistlərdə də mövcuddur. Baxmayaraq ki, bu şəsxləri də özündə birləşdirən yaradıcılıq birliklər var.
Maraqlıdır, əgər yaradıcılıq birlikləri öz üzvlərinə belə yardım edə bilməyəcəksə, fəaliyyətlərinin nə mənası var?
Moderator.az-ın sualına tanınmış yazıçı Seyran Səxavət aydınlıq gətirib.
Seyran Səxavət deyib ki, Yazıçılar, Rəssamlar, Bəstəkarlar İttifaqları o məqsədlə yaradılmayıb ki, “Sobez” funksiyasını daşısınlar: 
“Düzdür, düşəndə üzvlərinə yardım ediblər, ancaq bu qurumların hər kəsə kömək etməyə elə də imkanı yoxdur. Biz tarixdən də oxumuşuq ki, normal cəmiyyətdə, elə Azərbaycanın yaxın keçmişində də, milyonçular ehtiyacı olanlara, imkansızlara, tələbələrə, xəstələrə kömək ediblər. Bu, əslində Azərbaycan milyonçularının vəzifəsidir.
Qaldı yaradıcılıq ittifaqlarının heç elə bir öhdəlikləri də yoxdur ki, kiməsə mütləq kömək etsinlər. Ancaq eşitdiyimə görə imkanları daxilində kömək ediblər, dəstək veriblər. Bu təşkilatlar sırf mənəvi-yaradıcı təşkilatlardır. Bir klub kimi yaradıcı adamların, bəstəkarların, aşıqların, yazıçıların və s. bir yerdə olması, yaradıcılıq söhbətləri etməsi üçündür. Elə Yazıçılar İttifaqını götürsək, hər gün “Natavan” klubunda tədbir olur. Bu yaradıcılıq ittifaqlarn elə bir öhdəçilik götürsələr belə kağız üzərində qalır, çünki elə maddi imkanları yoxdur”.
S.Səxavət qeyd edib ki, hər kəs, o cümlədən də yaradıcı şəxslər tənbəlliyin daşını atıb, çox çalışmalıdırlar:
“Bir məsələni də qeyd edim ki,  sizin nəzərdə tutduğunuz adamların çoxusu bir qədər tənbəldirlər. Ad çəkmədən bir misal gətirəcəm, hardasa 40 yaşlarında çox istedadlı bir cavan mətbuatda, saytlarda mələyir ki, “ölürəm”. Amma həmin o cavandan, hansı ki, hörmətim var, bir-birimizi tanıyırıq, bir iş tapşırmışdıq. Bir həkim dostum öz qardaşı haqqında ailə albomu formasında balaca kitab nəşr etdirmək istəyirdi. Mən də həmin o maddi ehtiyacı olan istedadlı cavan yazıçıyla danışdım, dedi ki, hə, çox ehtiyacım var. Görüşdük, beh də verdik, ancaq aradan 2 ildən vaxt keçib hələ də o işi görməyib. Məni də həmin dostumun yanında üzüqara qoyub. Halbuki o kitabçanı yazsaydı 2500 manat pul alacaqdı və o kitabı da o, 1 aya yazardı. Bir aya az puldurmu ki? Adam vargecə-gündüz işləyir, ancaq bir aya o məbləği qazana bilmir.
İndi bu misalı çəkməkdə məqsədim odur ki, bunların əksəriyyəti belədir: “Allahdan buyruq, ağzıma quyruq”. Biz də tələbə olmuşuq, gənc olmuşuq, gecə-gündüz yazırdıq ki, qonorar ala bilək. İndi qonorar yoxdur, amma başqa şeylər var, hərəkət etmək lazımdır. Yaradıcı adamalar bu ələbaxımlılığı özlərinə necə sığışdırırlar? Mənim də o qədər çətin vaxtlarım olub, ancaq heç kimdən kömək gözləməmişəm, kömək ummamışam.
Bizim vaxtımızda musiqiçilər, xanəndələr, aşıqlar var idi ki, gecə-gündüz oxuyurdular, elə indi də oxuyurlar. Qazandıqlarının bir hissəsini dar günləri üçün dala atırdılar ki, bu günün sabahı da var. İndi də musiqiçilərimiz, aşıqlarırmız belə etməlidir, hər kəsdən öncə özlərinə güvənməlidirlər. Yaradıcılıq ittifaqlarına “Sobez” kimi baxmaq düz deyil.
50 ilə yaxındır mən də bir birliyin üzvüyəm, amma heç vaxt bir umacağım olmayıb ki, məsələn, nəvəm olanda Yazıçılar İttifaqı ona beşik alsın. Mən bu cür həyat, yaşam tərzinin əleyhinəyəm. Ola bilər ki, bu gün sənə kimsə kömək etsin, sabah da etsin, ancaq üçüncü dəfə deyəcək “get işinlə məşğul ol”. Nəinki yaradıcılıq birlikləri, öz qohumlarımız belə bezib uzaq duracaq, deyəcəklər ki, əlin var, ayağın var, get işlə, qazan. Hələ ölkədə acından ölən olmayıb, biri az yeyir, biri çox, biri yağlı yeyir, biri yavan, amma ölən olduğunu eşitməmişəm”.

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın