Cümə , Aprel 19 2024
Ana səhifə / Şou Biznes / 20 Yanvar qətliamına görə Qorbaçova güllə atan adam danışdı…

20 Yanvar qətliamına görə Qorbaçova güllə atan adam danışdı…

Son bir neçə onillikdə başımıza gələn müsbət və mənfi olayların səbəbkarı olan bir neçə dünya şöhrətli lider vardır ki, onlardan biri də SSRİ-nin ilk və son prezidenti Mixail Qorbaçovdur. Rahat kreslolarda oturub “qloballaşma”, “demokratiya” , inteqrasiya və s. barədə danışan, SSRİ-nin süqutu başlayan illərdən bəri heç bir maddi fiziki itki, faciə və məhrumiyyətlərə məruz qalmamış siyasətçi və politoloqlar Qorbaçovu ““qırmızı” imperiyanın sonuna çıxmış, demokratiya carçısı olan mütərəqqi düşüncəli bir siyasi xadim” kimi təbliğ edirlər. Lakin son 25-30 il boyu xaotik olaylar girdabından keçərək min ağrı-acı yaşamış aşağı və orta təbəqə insanları, xüsusən keçmiş SSRİ və sosialist məkanı sakinlərinin yaddaşında Qorbaçov yüz minlərin qatili, milyonların qaçqınlıq, yoxsulluq və s. səbəbkarı kimi qalıb. Pravoslav inanclı rusların belə “xaçlı Mixail” adlandırararaq lənətlədikləri bu şəxs Azərbaycan xalqının başına gələn 20 Yanvar faciəsinin, Ermənistandan qaçqınlığın, Qarabağın işğalına təkan verən hadisələrin müəllifi kimi tanınıb. Yadınızdadırsa, 20 Yanvar faciəsindən bir neçə gün sonra o zaman İsmayıllı rayonunun xalq hakimi olan, sonradan respublika Ali Məhkəməsinin sədri və istiqlalçı deputat kimi tanınmış Tahir Kərimli SSRİ prezidenti barəsində qiyabi ölüm hökmü çıxarmışdı. Ancaq bildiyimizə görə, Azərbaycandan heç kəs Qorbaçova birbaşa qəsd etməyə, ona güllə atmağa cəhd etməyib. Halbuki, 20 Yanvar soyqırmından cəmi 10 ay 18 gün sonra Moskvada ruslar arasından belə bir adam tapıldı…

1990-cı il noyabrın 7-də Qızıl meydanda Böyük Oktyabr İnqilabının ildönümü ilə bağlı ənənəvi parad zamanı düz Lenin mavzoleyinin yanında leninqradlı çilingər Aleksandr Şmonovu Qorbaçovun qatili olmaqdan bir neçə saniyə ayırdı… Araşdırmalarımızdan məlum oldu ki, dünyaya meydan oxuyan nəhəng bir dövlətin başçısına atəş açmağa cəsarət etmiş bu şəxs hələ də sağdır və az öncə Rusiya saytlarından birinə müsahibə verib. Bu gün səhər liveinternet.ru saytında dərc olunmuş materialda bir sıra məqamlara rast gəldik. O da aydın oldu ki, sui-qəsdin siyasi motivlərlə bağlı olduğunu vurğulayan A.Şmonovun bu addımı atmasında 20 Yanvar soyqırımının da öz rolu olub: ”Mənim hərəkətim sırf siyasi motivlərlə bağlıdır. Qorbaçov 9 aprel 1989-cu ildə Tiflisdə, 20 yanvar 1990-cu ildə isə Bakıda dinc insanların qətlində günahkardır. İnsanlar demokratiya uğrunda ayağa qalxaraq plakatlarla küçələrə çıxmışdılar. Ancaq onların üzərinə tankları, qoşunları göndərdilər. Qorbaçovu yerli hakimiyyətlər güdaza verdi? Xeyr! O, birinci şəxs kimi ölkədə baş verən hər şeyə görə cavabdeh idi… Qorbaçov hakimiyyəti xalqın razlığı olmadan ələ keçirmişdi. 1985-ci ildə onu Siyasi Büro Baş katib seçmişdi. 1990-cı ildə də heç bir xalq seçkisi olmadan prezident təyin edildi. Yadımdadır ki, 1990-cı ilin martında mən hökumətə bir neçə teleqram göndərdim. Təklif edirdim ki, gəlin Amerikadakı kimi referendum keçirək…”.

Sui-qəsd cəhdindən sonra Moskvanın diktəsi ilə KİV-lərin “ başdanxarab”, “şizofrenik” kimi təbliğ etdiyi Aleksandr Anatoliyeviç Şmonov sovet dövründə Leninqradda Elmi-Tədqiqat Kibernetika İnstitutunun elmi əməkdaşı kimi çalışıb. 1980-ci illərdən Rusiya Sosial-Demokrat Partiyasının üzvü olan Şmonov jurnalistlərə əmək kitabçasını və ixtiralarına verilmiş patentləri də göstərərək məhz Qorbaçovun dövründə öz elmi ideyalarını həyata keçirmək imkanından məhrum edildiyini söyləyir. Ona alim kimi dəyər verilmədiyini görən A.Şmonov özünü ifadə etmək imkanı tapmaq ümidi ilə Özbəkistana yollanır. Ancaq orada da işləri alınmır və Leninqrada dönür. Lakin onu artıq əvvəllər çalışdığı elmi instituta işə qaytarmırlar. Odur ki, İjorsk zavodunda çilingər kimi işə düzəlir. Bundan sonra öz başına gələn olaylar fonunda SSRİ-nin müxtəlif guşələrində baş verən haqsızlıq, faciə və cinayətləri izləyən Şmonov qəti şəkildə ölkə prezidenti Qorbaçova və Ali Sovetin sədri Lukyanova sui-qəsd etməyi qərara alır. Bu məqsədlə guya ovçuluqla məşğul olmaq adı altınd rəsmi icazə ilə ov silahı əldə edərək onu kəsdirib qısaldır. Və 7 noyabr 1990-cı ildə həmin silahı paltosunun altında gizlədərək Qızıl Meydandakı parada yollanır…

Şmonov 25 ildən sonra ilk dəfə sui-qəsd üçün Qızıl Meydana təkcə gəlmədiyini, tapança ilə silahlamış daha bir ortağının da olduğunu açıqlayıb: ”Danışmışdıq ki, dostum məni milislərdən qoruyur, mən isə atəş açıram. Ancaq mən artıq Qorbaçovu nişan alanda ortağım sakitcə aradan çıxıb. Sonradan boynuna aldı ki, qorxub. Bir anlıq özünü tutandan sonra güllələyəcəklərini gözünün önünə gətirib…”.

A.Şmonov “Mən totalitar dövlətin başçısı Qorbaçova niyə və necə atəş açdım” kitabında hər şeyi ətraflı nəql edir. 7 noyabr saat 11.08.-də Şmonov tribunada duran Qorbaçovdan 47 m məsafədə dayanır və onun başını nişan alır. O, prezidentin zirehli gödəkçə geyinəcəyini də nəzərə alıbmış. O, qoşalüləli kəsik tüfəngdən əvvəlcə Qorbaçovu, sonra da onun düz yanında duran parlament sədri Lukyanovu güllələmək fikrindəymiş. Lakin son anda yaxınlıqda olan bir milis Şmonov nişan aldığı andaca tüfəngi lüləyindən yapışıb yuxarı qaldırır. Güllələr Qorbaçovun başının üzərindən keçir. Beləliklə, bir milisin cəmi bir neçə saniyəlik hərəkəti dünyadakı proseslərin gedişini dəyişə biləcək qətlin qarşısını alır…

Dərhal həbs edilən A.Şmonov bir ilə yaxın türmədə olduqdan sonra psixiatriya xəstəxanasına yerləşdirilir. 4 il “müalicə” olunduqdan sonra 1995-ci ildə II qrup əlil kimi xəstəxanadan buraxılır. Bir müddət santexnik işləyir. Tikinti-təmir firması yaradır. 1999-cu ildə Dumaya namzidliyini irəli sürür. Lakin seçki dairəsi onun namizədliyni qeydə almır. Bundan sonra Qorbaçovun uğursuz “qatili” hüquq müdafiəçisi kimi fəaliyyətə başlayır. 6 ictimai hərəkat yaradır. Hazırda A.Şmonov psixiatrların əlindən zərər çəkmiş şəxslərin, eləcə də zorla müalicə edilən insanların hüquqlarının fəal müdafiəsi ilə məşğul olur. Hafta.az

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın