Ana səhifə / Şou Biznes / 170 minlik rüşvət qalmaqalı səngimir

170 minlik rüşvət qalmaqalı səngimir

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) sədri Hicran Hüseynovanın adı hallanan 170 minlik qalmaqalla bağlı yeni xəbərlər yayılıb.

İşdə zərərçəkən Eynur Kərimovun vəkili Kamandar Nəsibov Turan-a deyib ki, hüquqlarını müdafiə etdiyi şəxs onun iştirakı ilə dindirilib.

Vəkilin sözlərinə görə, Eynur Kərimov istintaqa ifadəsində pul AQUPDK-nın keçmiş aparat rəhbəri Səfər Imanova veriləndə, bundan Hicran Hüseynovanın da xəbərdar olduğunu bildirib.

“O, həmçinin, ifadəsində qeyd edib ki, pul veriləndən az sonra, komitə sədri onu qəbul edib. Eynur Kərimov deyir ki, Hicran Hüseynovanın qəbulunda olarkən komitə sədri onun cv-si ilə tanış olub, ona ”bizə sizin kimi kadrlar lazımdır” deyib ” – vəkil qeyd edib.

K.Nəsibov bildirib ki, Hicran Hüseynova Eynur Kərimovun şikayət edəcəyini biləndən sonra Səfər Imanov barədə müvafiq qurumlara müraciət edib:

“Yəni, öz işçisini, həm də qohumunu önə verib. Halbuki, Eynur Kərimov deyir ki, Səfər Imanov parçadan olan çantadakı pulu Hicra Hüseynovaya verib. Bunu Eynur Kərimov da görüb. Həmçinin,bizdə audio və video faktlar da var. Səfər Imanov özü də “skype” vasitəsilə Elnur Kərimovla danışarkən pulu Hicran Hüseynovaya verdiyini deyib”.

Vəkil onu da bildirib ki, Səfər Imanov barədə cinayət işi başlanması xəbəri doğru deyil.

Sözügedən işdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sabiq aparat rəhbəri Səfər İmanov ittiham olunur. Vətəndaş Eynur Kərimov S.İmanovun icra başçısının müavini vəzifəsinə düzəltmək adı ilə ondan 170 min ABŞ dollar aldığını iddia edir. S. İmanovun mülklərini satıb Bakı-İstanbul reysi ilə ölkəni tərk etdiyi bildirilir. E. Kərimovun vəkil mətbuata açıqlamasında rüşvət qalmaqalında komitə sədri H. Hüseynovanın adını da hallandırmışdı.

Ancaq komitə sədri bir müddət öncə rüşvətlə bağlı iddiaları yalanlamışdı:

“Əlbəttə, bunlar hamısı yalan, böhtandır. İkinci söhbət ola bilməz. Amma qoy araşdırsınlar. Baxsınlar, kimin burada günahı var, kim hansı işləri törədib? Jurnalistlərə, hüquq-mühafizə orqanlarının nümayəndələrinə, vəkillərə demək istəyirəm ki, etikanı qorusunlar. Hansısa adam haqqında bir şey yazanda əvvəlcədən faktları yoxlayıb, sonra yazsınlar. Məncə, heç kim haqqında belə çirkin yazıları yazmaq olmaz. Xüsusilə də dövlət məmurları haqqında belə yazıları yazanda fikirləşmək lazımdır ”- deyə komitə sədri bildirmişdi.

Dələduzluqda ittiham olunan S. İmanov, onun yaxınları qalmaqalla bağlı heç bir açıqlama verməyiblər.

Həmçinin oxuyun

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”Müğənni Kərim Abasov onu iftar süfrəsinə dəvət edən …

Bir cavab yazın