Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Şou Biznes / 1000 lari cərimə azərbaycanlıları hiddətləndirib

1000 lari cərimə azərbaycanlıları hiddətləndirib

Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Qardabani rayonunda etiraz aksiyası keçirilib. Aksiyada Gürcüstan-Azərbaycan sərhəd nəzarət-keçid məntəqəsinə yaxın kəndlərin, eləcə də Ağstafa rayonunun Sadıxlı, Muğanlı kəndlərinin sakinləri iştirak ediblər.

Etirazçılar Gürcüstan tərəfinin sərhəddə süni yaratdıqları problemlərin həll edilməsini tələb ediblər. Onlar son aylarda sürücülərə 1000 lari həcmində cərimə yazılmasından şikayət ediblər. Deyiblər ki, Vaxtanqisi nəzarət-keçid məntəqəsinin əməkdaşları onları sorğu-suala tutur, qarşı tərəfə hansı məqsədlə getdiklərini, özləri ilə nə apardıqlarını, habelə nə vaxt qayıdacaqlarını soruşurlar. Suallara cavab verməyənlər sərhəddən buraxılmır. Bununla yanaşı avtomobillərinin yanacaq çənində 10 litrdən artıq yanacaq aşkar edilən sürücülərə də cərimə yazılır. Aksiya iştirakçıları sərhəddə qarşılaşdıqları problemlər barədə Gürcüstan Maliyyə Nazirliyinin müvafiq departamentinə məlumat veriblər. Nazirlik rəsmisi Xatiya Moistrapişvili bildirib ki, istər Gürcüstan, istərsə də Azərbaycan vətəndaşlarına yazılan cərimələr və protokollarla bağlı faktlar təsdiqlənsə, müəyyən ölçü götürüləcək.

Əngəllərlə bağlı “Şərq”ə danışan Gürcüstanda yaşayan soydaşımız, “Qeyrət” Xalq Hərəkatının rəhbəri Əlibala Əsgərov bəhs edilən problemlərin həqiqətən də süni şəkildə yaradıldığını söyləyib. Amma vurğulayıb ki, məsələ o qədər də kütləvi hal almayıb:

“Hesab edirəm ki, o cür problemlər, maneələr sərhədyanı kəndlərdə yaşayan sakinlərin gün ərzində bir neçə dəfə sərhədi keçməsi hallarında baş verir. Əlbəttə, heç kimin haqqı yoxdur ki, vətəndaşların hara və niyə getdiyi barədə məlumat toplasın. Belə hallar “Qırmızı Körpü” sərhəd-keçid məntəqəsində baş vermir. Amma son dövrlər əksər sahələrdə dövlət məmurları tərəfindən qanun pozuntuları müşahidə olunur. Bu, danılmaz faktdır. Digər tərəfdən düşünürəm ki, burada ikili standartlar da mövcuddur. Məncə, bu proses uzun müddət davam edəcək”. Ə.Əsgərov sürücülərin yanacaqla bağlı cərimələnməsi faktına da münasibət bildirib: “Bu qanun çoxdan var idi və əsasən sərnişin avtobuslarına şamil olunurdu. Minik avtomobillərinə isə tətbiq edilmirdi. Görünür, indi vəziyyət bir qədər dəyişib. Cərimə olunanlar isə çox vaxt qeyri-qanuni yanacaq alveri ilə məşğul olanlardır”.

Həmçinin oxuyun

“Səsim batmışdı, elə bilirdilər lalam”

“Səsim necə batmışdısa… 2 il zorla danışırdım”.  Axşam.az xəbər verir ki, bu sözləri aşıq Zülfiyyə …

Bir cavab yazın