Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Şou Biznes / Əhalidə bayram əhval-ruhiyyəsi hiss olunmur: Meymunun isə kefi kökdür – REPORTAJ, FOTOLAR

Əhalidə bayram əhval-ruhiyyəsi hiss olunmur: Meymunun isə kefi kökdür – REPORTAJ, FOTOLAR

2016-cı ilin gəlişinə artıq sayılı günlər qalır. Bakıda artıq yolkalar qurulub, hər tərəf al-əlvan işıqlarla bəzədilib. 
 
 
Amma builki yeni təqvim ilinin gəlişi insanların əhvalında özünü bir o qədər də bəlli etmir. Bakının mərkəzi küçələrinin gözəl görünməsi üçün demək olar ki, hər şey edilib: 36 metrlik yolkadan tutmuş, müxtəlif görünüşdə işıqlar, yol qırağına düzülmüş al-əlvan lampalar, uşaq və böyüklərin əyləncəsi üçün attraksiyonlar və s.  
Bütün bunlar əlbəttə ki, insanlara ruh yüksəkliyi, bayram əhval-ruhiyyəsi aşılayır. Amma paytaxt sakinlərinin bir çoxu son devalvasiyadan sonra maddi durumlarının zəif olmasından və Yeni ili istədikləri kimi qarşılaya bilməyəcəklərindən şikayətlənirlər.
Samara Rəsulova da məhz həmin paytaxt sakinlərindən biridir. 61 yaşlı təqaudçu qadın deyir ki, nəvələrini istədiyi kimi əyləndirə bilmir: “Bazarlarda qiymətlər od tutub, yanır. Böyüklər birtəhər bayramı büdcələrinə uyğun keçirirlər. Amma uşaqları başa salmaq olmur ki, pul yoxdur. İstədiklərini almalısan. Almasan, buyur gəl, qabaqlarında dayan, görək necə dayanırsan (gülür). Amma bir nüansı da qeyd edim ki, yeni ilə görə hər gün 3 saat attraksionlar pulsuz olur. Buna görə də, Bulvar həhbərliyinə “çox sağ ol” deyirəm”.
S.Rəsulova keçən il bayramı Gürcüstanda qarşıladıqlarını da bildirdi: “Amma bu il heç oraya da getməyə imkan yoxdur. Manat ucuzlaşdıqdan sonra dəyəri qalmayıb. Bayramı elə ən yaxşısı evdə, qohumlarla birgə qeyd etməkdir”.
Başqa bir paytaxt sakini Rəsul Məsimli isə, hər şeydən razı olduqlarını, əylənmək üçün şəhərdə hər cür şəraitin yaradıldığını dedi: “Siz çıxıb, Dağüstü Milli Parkdan şəhərin görüntüsünə baxın. Vallah o görüntünü görəndə insanın bütün dərdləri yadından çıxır. Çalşıram ki, işdən sonra, axşam saat 9-10 arasında uşaqları səhərə gəzməyə çıxarım. Hava da pul ilə deyil ki..? Hər kəsə gözəl bayramlar arzu edirəm. 2016-cı il bütün ölkəmiz üçün uğurlu il olsun”.
Yolumuza şəhərin “Torqovı” kimi tanınan Nizami küçəsində davam etdik. Burada bayram əhval-ruhiyyəsi olduqca zəif idi. Bu isə adi vaxtlarda insan əlindən tərpənmək mümkün olmayan kafelərdə, restoranlarda özünü daha aydın biruzə verirdi. Şəhərin ən məhşur restoranlarında tək-tük adam tapmaq olardı.
“Şaurma” satışı ilə məşul olan Ağası Əliyev deyir ki, satışları iki dəfə azalıb: “Əgər adi günlərdə 60-70 kq “şaurma” satırdıqsa, bu rəqəm iki dəfə aşağı enib. Bu da bəllidir ki, insanların maddi durumunun zəif olması ilə bağlıdır. Ümidimiz Yeni il gününədir. Azdan-çoxdan bayram günləri işimin yaxşı gedir”.
“Torqovı”da diqqətimizi çəkən ən maraqlı yenilik isə bir meymun oldu. Sahibi foto çəkdirmək istəməsə də, 1 manat qarşılığında meymunla şəkil çəkdirməyimizə icazə verdi. 26 yaşlı Ələkbər Qasımov artıq bir neçə ildir ki, bu yolla pul qazanır.
Ələkbər Qasımovun sözlərinə görə, meymunlar 6 ildir ki, ondadır: “Elə bilirsiniz ki, bunlara baxmaq asandır? Gərək onların nazı ilə oynayasan, təmiz saxlayasan. Pampersə kimi qoyuram, altına… İndiki vaxtda təsəvvür edin ki, bu, nə deməkdir (uca səslə gülür)”.
Nizami küçəsində hər il keçirilən “Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkası da öz axarı ilə davam edir. İnsanların ən çox həftəsonlarında gəldikləri bu yarmarka dekabrın 31-nə kimi davam edəcək. Xeyriyyə yarmarkasından əldə olunan vəsait ənənəyə uyğun olaraq, müalicəyə və əməliyyata ehtiyacı olan uşaqlara sərf ediləcək.
Sonda musavat.com olaraq, 2016-cı ilin hər kəs üçün uğurlu il olmasını arzu edirik. Yeni iliniz mübarək!!! 











Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …

Bir cavab yazın