Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Şou Biznes / Əfv məsələsi yenidən gündəmə gəldi

Əfv məsələsi yenidən gündəmə gəldi

Hüquq müdafiəçiləri arasında ikitirəlik yaranıb; məhbus ailələri ümidsizdir

Əfv sərəncamının veriləcəyi barədə növbəti dəfə xəbərlər yayılıb. Daha öncədən 1 noyabr seçkilərindən sonra bir sıra siyasi məhbusların azadlığa buraxılacağı deyilirdi. 28 oktyabrda ABŞ Senatında Azərbaycan əleyhinə dinləmələrin keçirilməsi və ölkəmizdəki siyasi məhbuslarla bağlı hakimiyyətə çağırışlar edilməsi ümidləri artırır.

Yayılan xəbərlərdə qarşıdan gələn 9 noyabr Dövlət Bayrağı Günündə, yaxud da Yeni il ərəfəsində əfv veriləcəyi deyilir.

Hüquq müdafiəçiləri arasında bu məsələdə fikir ayrılığı yaranıb. Bir qisim əfv sərəncamının veriləcəyinə inansa da, digərləri bunun əksini düşünür.

“Yeni Müsavat”a açıqlamasında İnsan Haqları üzrə Birgə İşçi Qrupunun üzvü Mirvari Qəhrəmanlı ilin sonunda siyasi məhbusların bir qisminin azadlığa buraxılacağına ümid etdiyini bildirdi: “Sual o xəbəri yayanlara yönəlməlidir. Birinci dəfədir ki, müxtəlif beynəlxalq qurumlar Azərbaycanda insan hüquqlarının vəziyyətini müzakirə edirlər? O qədər bu problem müzakirə olunub ki, artıq adiləşib. Əfvi isə, ilin axırına gözləyirəm. Sadəcə düşünürəm və arzu edirəm”.
Siyasi məhbus ailələrinin də bu məsələyə mövqelərini aldıq.

REAL Hərəkatının sədri İlqar Məmmədovun həyat yoldaşı Vəfa Məmmədova əfv xəbərləri ilə bağlı bunları dedi: “Həmişə belə xəbərlər çıxır. Təki düz olsun. Neçə məhbus azadlığa buraxılsa, bu müsbət hal olacaq. Amma bu siyahıda kimin adının olacağını deyə bilmərəm”.
Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlının ailəsi ümidsizdir. Partiya liderinin həyat yoldaşı Həcər Pənahlı yayılan xəbərlərin doğruluğuna inanmadığını qeyd etdi: “Ümidimizi çoxdan itirmişik. Heç bir ümid, gözləntim yoxdur. Nemət həbs olunduğu gündən gəldiyim qənaət odur ki, onu günəgün saxlayacaqlar. Əfv olsa da inanmıram ki, Nemətə aid etsinlər”.
NİDA-çı gənc Rəşad Axundovun həyat yoldaşı Türkan Hüseynova hər əlamətdar günlərdən öncə bu cür xəbərlərin yayıldığını söylədi: “Bu barədə heç bir fikir yürütmək istəmirəm. Əfv ola da bilər, olmaya da. Fikir bildirmək olduqca çətindir. Açığı heç bir gözləntim yoxdur”.
Digər NİDA-çı gənc Ömər Məmmədovun atası Əlyar Məmmədov da ümidsiz danışdı: “Ömərlə görüş günlərində görüşmək imkanımız olur. Bu barədə heç bir fikir bildirmir. Ümumiyyətlə, cəzaçəkmə müəssisəsində əfv söhbətləri getmir”.

Həmçinin oxuyun

“Səsim batmışdı, elə bilirdilər lalam”

“Səsim necə batmışdısa… 2 il zorla danışırdım”.  Axşam.az xəbər verir ki, bu sözləri aşıq Zülfiyyə …

Bir cavab yazın