Çərşənbə , İyul 24 2019
Ana səhifə / Şou Biznes / “Ərə getmədən ana olmaq istəyirəm…” – Azərbaycanda ən qalmaqallı mövzu

“Ərə getmədən ana olmaq istəyirəm…” – Azərbaycanda ən qalmaqallı mövzu

“İkinci dəfə ana olmaq istəyirəm, amma ərə getmədən. Ər və ya qanuni ailə olmadan övladlığa götürmək çətindir, süni mayalanma çox bahadır, qalır sperma donoru tapmaq. Hər 3 halda, qadını qadınlar da, kişilər də qınayır, əxlaqsız sayır. İndi ana olmaq istəyən mütləq ərə gedib kişini özünə yük etməlidir”.

“Qafqazinfo” xəbər verir ki, bu fikirlərin müəllifi Günel Fərhadqızının 34 yaşı var. Bir dəfə əcnəbi vətəndaşla ailə qurub və ayrılıb. Hazırda ilk evliliyindən bir qızı var və uşaq atası ilə qalır. Bu səbəbdən Günel xanım yenidən ana olmaq istəyir, ancaq bu dəfə ailə həyatı qurmadan. Bu arzusunu dəfələrlə səsləndirsə, ona qarşı münasibət birmənalı olmayıb. Ana olmaq arzusunu yüksək dəyərləndirib, dəstək olmağa çalışanlarla yanaşı uşağı atasız böyütməyin gələcəkdə psixoloji çətinliklərinin olacağını da deyənlər az deyil. Bütün öhdəlikləri tək başına götürə biləcəyini deyən Günel Fərhadqızı isə bir şeydən narahatdır: gələcəkdə cəmiyyətin uşağına olan münasibətindən.

Fotoda: Günel Fərhadqızı

Donor sperma nədir?

Dünya təcrübəsində tez-tez qarşılaşsaq da, ölkəmizdə bu hala çox nadir hallarda rast gəlirik. Sperma donorları vasitəsilə dünyaya uşaq gətirən qadınlar tənqidlərə tuş gəlməmək üçün çox zaman bunu gizlətməli olurlar. Ancaq məşhur aparıcısından sadə insanına kimi bu yolla dünyaya övlad gətirən analar var. Sperma donorları gələcəkdə doğulacaq uşaqda hər hansı bir öhdəliyə sahib olmamağa dair müqavilə imzalayır və sırf sperma vermək üçün cinsi münasibətdə olur. Ölkəmizdə olmasa da, dünyada sperma donorluğunu özünə peşə seçən kişilər illik 4-5 min avro əməkhaqqı da alır. Ancaq süni-mayalanmadan fərqli olaraq donorluq çox vaxt ödənişsiz təklif olunur. Hətta bunun üçün saytlar da fəaliyyət göstərir.

2003-cü ildən yaradılan “free sperm donations.com” (pulsuz sperma donorlar) saytı artıq 4 mindən çox donor qeydiyyatdan keçib və bu illər ərzində donorların yalnız qadın, lezbiyan və sonsuz ailələrə kömək edib.

Saytdan iki anket doldurmaqla qeydiyyatdan keçmək olar: donor kimi, müraciətçi kimi.

Fotoda: Trent Arsenolt

Saytda artıq uzun müddətdir ki, qeydiyyatdan keçən 42 yaşlı Trent Arsenolt hazırda 16 uşaq atasıdır. O, uşaqlarından cəmi bir neçəsi ilə görüşə bilib. Çünki elə ailələr var ki, donorlarla sonradan uşağı ilə görüşməyəcəyinə dair müqavilə imzalayır. Ancaq sonradan uşaq bioloji atasını görmək istədiyi təqdirdə onları görüşdürən qadınlar da var.

Yazımızın qəhrəmanı Günel xanım da sonradan uşağının istədiyi təqdirdə atasını görə biləcəyini deyir:

“Atanın kim olduğunu mən biləcəm, gələcəkdə uşaq və atası razı olsa, uşaq da biləcək. Atası istəsə, görəcək, onu məcbur etməyəcəyəm, nə də ona övladını görməyə qadağa qoymayacağam. Amma bundan öncə necə doğulduğunu və reallığı deyəcəyəm. İstəyər, atası ilə görüşdürərəm. Əsas diqqət etməliyəm ki, ata namizəd həssas, romantik duyğulu biri olmasın, realist olsun, övlad davası etməsin”.

Sual yaranır: sperma bankları olduğu təqdirdə, donorlara nə ehtiyac var?

Əvvəldə də qeyd etdiyimiz kimi, donor sperma pulsuz və daha effektivdir. Digər bir məqam isə, sperma banklarında spermalar dondurulmuş olduğu üçün çox vaxt işə yaramır.

Donor spermaya üstünlük verən qadınlar süni mayalanmadan yararlana bilmədikləri üçün bu vasitəyə üz tutduqlarını bildirirlər.

Ölkəmizdə ailəli olmayan qadınlar süni mayalanma üçün həkimə müraciət edə bilər?

Azər Türk Med Klinikasının baş həkimi Dr. Ersadik Turan indiyə kimi ailəli olmayan qadınların onlara süni-mayalanma üçün müraciət etmədiyini deyir:

“Azərbaycanda fəaliyyətim müddətində bu kimi halla rastlaşmamışam”.

Milli Məclisin Səhiyyə komitəsinin üzvü Qənirə Paşayeva ölkəmizdə yalnız ailəli şəxslərin süni-mayalanma üçün müraciət edə biləcəklərini söyləyib:

Bizdə hələ də “Reproduktiv sağlamlıq haqqında” qanun tam qəbul olunmayıb. Qanun qəbul olunduğu təqdirdə də süni-mayalanma üçün yalnız ailəli şəxslər, yəni ər və arvad birlikdə müraciət etməlidir. Sadəcə nikahda olan ailələr süni-mayalanmadan istifadə edə bilər. Dünyada bu qanun fərqli qəbul edilir, ancaq bizim ölkəmiz üçün bu cür yanaşma daha doğrudur”.
Onu da qeyd edək ki, hazırda ölkəmizdə süni-mayalanma qiymətləri 2-4 min arasında dəyişir.

Donor seçən zaman nələrə diqqət yetirilir?

İlk növbədə donor şəxsin genetik fondu güclü olmalıdır. Hər hansı bir xəstəlik daşıyıcısı olmadığı, intellektual savadı, irsi vəziyyət dərindən araşdırılır. Hətta göz və saç rəngi, boyu, çəkisi və bir çox bu kimi vizual xüsusiyyətlərə də fikir verənlər var.

Donor vasitəsilə dünyaya gələn uşaqların psixologiyasına sonradan nə kimi təsirlər olur?

Sualımıza cavab tapmaq üçün məşhur psixoloq Elnur Rüstəmovla əlaqə saxladıq. Psixoloq bildirib ki, evlilik fobiyası olan bir insan övlad dünyaya gətirmək istəyirsə, o, bu düşüncədə azaddır:

“Azərbaycanda imkan verməsələr, o bunu xaricdə edəcək. Bəli, bizim cəmiyyətimizdə hələ də bununla bağlı müəyyən qınaqlar var. Ancaq ictimai qınaq əvvəlki kimi sabit deyil. Sabit olmamasına səbəb kimi bu gün boşanmaların olmasını, övlad sahibi ola bilməyən ailələrdə tez-tez konfliktlərin yaranmasını, xanımlarımızın sosial aktivliklərinin artmasını, işləyən xanımların kişilərdən heç də geridə qalmamasını, bəzi hallarda evdə kişi olmasına baxmayaraq ailəyə baxanın qadın olmasını və bir çox məqamları göstərə bilərik.

Düzdür, müəyyən qorunmalı məqamlar var ki, gələcək genefondumuza mənfi təsir göstərməsin. Biz bir xanımın ailə qurmadan uşaq dünyaya gətirməsini təqdir etmirik. Ancaq xanım özünü psixoloji cəhətdən buna hazır hesab edirsə və övladı normal bir vətəndaş kimi böyüdüb cəmiyyətə təqdim edə biləcəksə, bunu həyata keçirə bilər. Bu zaman qadın həm ana, həm də ata olacaq. Ancaq bütün qadınlar bunu bacara bilmir. Donorla dünyaya uşaq gətirən xanım nə qədər güclü iradəyə sahib olsa da, uşaqda ata obrazını formalaşdırmaq üçün ailədəki kişi fərdlərdən kömək almalıdır. Bu obraz yaranmadığı təqdirdə zaman keçdikcə, uşaqlarda özgüvənlə bağlı problemlər, cinsi meyil pozuntuları ola bilər. O ki qaldı cəmiyyətdəki qınaqlara, urbanizasiya, yerdəyişmə yöntəmi ilə uşağı bu kimi situasiyalardan qorumaq olar. Yetər ki, uşaq psixoloji travma almasın. Hamı uşağın donor vasitəsilə dünyaya gəldiyini bilmək məcburiyyətində deyil.

Elə ailələr var ki, heç boşanmır, ancaq o qədər ailədaxili konflikt var ki, o uşaqlar daha çox travma alırlar, nəinki bu uşaqlar”.

Həmçinin oxuyun

Xalq artisti Flora Kərimovanın doğum günüdür

Azərbaycan estradasının canlı əfsanəsi Flora Kərimova bu gün 78 yaşını qeyd edir. 1941-ci il iyulun …

Bir cavab yazın