Bunu AzNews.az-a açıqlamasında Əməkdar artist, Gəncə Dövlət Teatrının aktyoru Salam İsmayıl deyib. O, qeyd edib ki, mətbuatda mərhum ögey oğlu Azərin ölümü ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir:

“Azər hepatit xəstəliyindən əziyyət çəkirdi, qaraciyərində problem vardı. Müalicə olunurdu. Xəstəliyi ilə bağlı heç kəsə bir kəlmə də olsun bildirmirdi. Rusiyada yaşayıb işləyirdi. Orada başqa adamların maşınlarını işlədirdi, beləcə ailəsinə çörək pulu qazandırırdı. Görünür, orada soyuq olub, xəstəlik bir az da irəliləyib. Son vaxtlar xəstəliyi büruzə verdi. Həkimlər də dedi ki, vaxtında bilsəydiniz bəlkə də köməyimiz dəyərdi, amma indi daha gecdir. Xəstəlik qanını tamam zəhərləmişdi. Hər anı ölümlə üzbəüz idi. Elə axşam çağı evdə kresloda oturduğu yerdə dünyasını dəyişib. Azər televizora baxdığı yerdəcə keçinib. Həyat yoldaşı işdə olub, zəng edib, görüb ki, Azər telefonu götürmür. Narahat olub, mənə zəng edib. Gələndə baxdım ki, rəngi qapqaradır. Özümü itirdim.”

Salam İsmayıl bildirib ki, mərhum Azər ondan bir gün əvvəl gecə 1:30-da evə gələndə özünü narahat hiss edib: “Svetoforda dayanıb və həmin anda orada olan insanlar Azərin əmisi oğluna zəng edib. Vahid gəlib, baxıb ki, yaxşıdır, maşını özü idarə edərək evinə gəlib. Yəni, yolda maşında ölməsi yalandır. Azərin iki oğlu var. Gözəl ailəsi, evi, işləyib, başını saxlayırdı.”

Aktyor Azəri doğma balasından çox istədiyini vurğulayıb: “Adam onu yaşayanda bilir. Mən həmişə deyirəm ki, Azər mənim qızımın doğma qardaşıdır. Söhbət bağlılıqdan gedir. Onun 44 yaşı vardı, bir dəfə də olsun mənim yanımda siqaret çəkməyib. Deyirdim ki, sən də bir kişisən, özünü rahat hiss elə. Doğma-ögeylik yoxdu, onun ölümü məni bir daha sındırdı. Yenə şükür edirəm ki, iki balası var. Allah onu bizə çox görməsin.”