Cümə , Aprel 19 2024
Ana səhifə / Sosial / Ziya Məmmədov “vurulur”, yoxsa…?

Ziya Məmmədov “vurulur”, yoxsa…?

Parlament seçkiləri ərəfəsində struktur islahatları həyata keçiriləcək. Bu günə kimi adı dəfələrlə mətbuatda mənfi formada anılan nəqliyyat naziri Ziya Məmmədovun da kreslosu dəyişə bilər. 
Hakimiyyət daxilində müəyyən dəyişikliklərin olacağı hiss edilirdi. Ziya Məmmədov və Məmmədovlar ailəsi hakimiyyət üçün hər zaman problem olub. Hörümçək toru kimi ətrafına öz adamlarını toplayan Ziya Məmmədov artıq nazir olaraq çalışmayacaq.
Bu haqda modern.az saytı yazıb. Sayt yazır ki, dəyişikliklər nəticəsində uzun illər Azərbaycanda nəqliyyat sektoruna rəhbərlik edən Ziya Məmmədov tutduğu nəqliyyat naziri postundan uzaqlaşdırılacaq və ona başqa vəzifə veriləcək.
Sayt iddia edir ki, Ziya Məmmədov Baş nazirin müavini postuna təyin olunacaq. Artıq məsələ ilə bağlı Ziya Məmmədovun özünün məlumatlandırıldığı da deyilir.
Onun hansı sahələrə nəzarət edəcəyinə gəlincə isə, qeyd edilir ki, baş nazirin bir neçə digər müavini kimi, Ziya Məmmədov da daha çox kabinet adamı olacaq. Məsələni bir az da konkretləşdirsək, o, təxminən hazırkı baş nazirin müavini İsmət Abbasovun statusuna yaxın bir vəzifədə olacaq.
Diqqətləri çəkən bir nüans var. Belə ki, Ziya Məmmədovun “vurulacağı” gözlənilən dövrdə o, öz qohumlarını, yaxın ətrafını daha yaxşı vəzifələrə gətirə bildi. Bəlkə də bu addım Z.Məmmədovun vəzifə dəyişikliyi üçün bir dayaq idi.
O, ilk olaraq “Azəryolservis” ASC-nin sədri olan qohumu Cavid Qurbanovu “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədrliyinə gətirdi. Eyni vəzifədə olan Arif Əsgərovu isə özünə müavin etdi. Bu yolla da ətrafını gücləndirdi. Məlumat üçün qeyd edək ki, deputat Cavid Qurbanovun qardaşı Şəhriyar Şəmşirli isə Abşeronda polis rəisidir.
İndi isə onun özünü vəzifədən kənarlaşdırırlar. Və bu yolla onun əlində cəmləşən böyük imkanları alırlar.
Musavat.com-un əldə etdiyi məlumatlara görə, Ziya Məmmədovun yerinə yenə də onun qohumu gətirilir. Bu, deputat, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanovdur.
Məlumatda o da qeyd edilir ki, C.Qurbanov bu ilki parlament seçkilərində namizədliyini irəli sürməyəcək. O, öz yerinə yaxın qohumu və iki dəfə seçkilər zamanı ona yardım edən və ən yaxın adamlarında biri olan Adil Şükürovu gətirmək istəyir.
Bütün bunlardan belə görünür ki, Z.Məmmədov vəzifəsini itirmək təhlükəsiylə üzləşsə də, əlindəki gücü itirmək istəmir.
Ona görə də, belə sual yaranır ki, görəsən, nazirin bu vəzifə dəyişikliyi onun “vurulması”, yaxud ona əlavə güc verilməsi deməkdir?
Bunu məsələni şərh etmək üçün gənc politoloq Əhəd Məmmədli ilə danışdıq. Politoloq deyir ki, Z.Məmmədov əgər bu vəzifəyə təyin edilsə, bu, onun “vurulması” deməkdir: “Azərbaycan Avropa ölkələri kimi demokratik və ya heç olmasa, Rusiya kimi avtoritar bir ölkə olsaydı, nazir Ziya Məmmədovun baş nazirin müavini olmasını bir yüksəliş kimi dəyərləndirmək olardı. Amma Azərbaycanda protokolda ikinci post sayılan vəzifənin belə, nominal xarakter daşıdığını nəzərə alsaq, bunu Ziya Məmmədov üçün keçmiş xidmətlərinə görə prestijli, lakin nominal xarakterli təyinat, əslində isə onun “vurulması” kimi qiymətləndirmək olar. Bizdə nazirlər konkret sahələrə nəzarət edirlər. Baş nazirin müavinlərinin isə, elə baş nazirin özü kimi konkret olaraq, hansı səlahiyyətlərə malik olduqları məlum deyil”.

Həmçinin oxuyun

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi

Elm və Təhsil Nazirliyi “Şərq-Qərb” ASC (VÖEN – 2000043631) ilə 1 milyon 996 min 500 …

Bir cavab yazın