Cümə , Aprel 19 2024
Ana səhifə / Sosial / Ziya Məmmədovun oğlunun deputatlığına “qırmızı işıq” yandırıldı 

Ziya Məmmədovun oğlunun deputatlığına “qırmızı işıq” yandırıldı 

Nəqliyyat naziri Ziya Məmmədovun oğlu, iş adamı Anar Məmmədovun  parlament seçkilərində iştirak etməsinə qadağa qoyulub.

Bu haqda Avropa.info-ya hakimiyyətdəki mənbələrdən məlumat daxil olub.
Məlumatlara görə, Anar Məmmədovun hakim partiya YAP-ın siyahısından namizədliyini irəli sürmək üçün, cəhdlər edilib. Lakin, hakimiyyətin yuxarı eşalonundan sonu günlər  Ziya Məmmədovun  “vurulması” fonunda  buna  “qırmızı işıq” yandırılıb.
Xatırladaq ki, Nəqliyyat naziri, ölkənin ən güclü oliqarxlarından olan Ziya Məmmədovun “vurulması” prosesi artıq 1 ildən çoxdur ki, pillə-pillə davam edir.
Nazirlər  Kabinetinin  14 aprel  2014-cü il  qərarı ilə nazirin  əsas maliyyə qaynaqlarından sayılan paytaxtda sərnişin daşınmasının təşkili funksiyasının  Bakı şəhər İcra Hakimiyyətinə verilməsiylə başlanan proses davam edir.
Həmin qərara kimi,  paytaxtda sərnişin daşınması nəqliyyat naziri Ziya Məmmədova məxsus “Transqeyt” şirkətinin monopoliyasında  idi. Bununla da Ziya Məmmədovun  çox önəmli  maliyyə qaynaqlarından biri əlindən alındı. Bundan  daha  öncə isə  Bakı yollarının təmir-bərpası funksiyası da Nəqliyyat Nazirliyindən alınaraq, Bakı Şəhər İcra Hakimiyyətinə verilmişdi.
Lakin, məsələ bununla da bitmədi və Ziya Məmmədovun  çökdürülməsinə hesablanan proses davam etdi.  Paralel olaraq, Ziya Məmmədovun biznes ortağı  “Hafka” ləqəbli  Hafiz Məmmədovla da aralarında olan narazılıq pik həddə çatdı. Hafiz  Məmmədov   Ziya Məmmədovla  biznes tərəfdaşlığına son vermək istəyini ortaya qoydu.  Ziya Məmmədova məxsus  “Bank of Azərbaycan”da  onların  biznes şərikliyinə son verildi. Belə ki, Hafiz Məmmədov  dövr edən pullarını , bankdan çıxarmaqla “Bank of Azərbaycan”ın  iflasına səbəbkar oldu.
Elə həmin vaxtlarda da Ziya  Məmmədovun  yaxın qohumlarının bahalı avtomobillərlə, olduqca dəbdəbəli həyat şəraiti  ilə gündəmə gəlmələri  nazirin mövqelərini xeyli dərəcədə zəiflətdi. Hakimiyyətin yuxarı pillələrində  prezident  İlham Əliyevin   “qudurğan məmur balaları”na barmaq silkələməsinə baxmayaraq , Ziya Məmmədovun qardaşı deputat Elton Məmmədovun oğlu  Aynar Məmmədovun  bahalı  avtomobillərlə  ötüş yarışına çıxmasını qəzəblə qarşılayırdılar. Bundan başqa Ziya Məmmədovun  nəqliyyat sektorundakı fəaliyyəti də qənaetbəxş sayılmır.
Nəqliyyat nazirinin  biznesinə artıq əl qoyulduğunu deyən mənbənin sözlərinə görə, onun yaxın qohumlarının  da  “vurulacağı”  gözlənilir. Nazirin kurasiyasında olan, onun yaxın qohumlarından ibarət  bir  neşə rayonun icra başçısının işdən çıxarılacağı planlaşdırılır.
“Ziya Məmmədovun kurasiyasında olan bir neçə deputatın qarşısında artıq “qırmızı işıq” yandırılıb. Hətta oğlu Anar Məmmədovun deputat mantadı alması belə imkansızdır.”
Mənbənin dediyinə görə, bir neçə gün öncə, Anar Məmmədov tərəfindən 2011-ci ilin mayında Vaşinqtonda təsis edilmiş Azərbaycan Amerika Alyansının fəaliyyətinə xitam verilməsi də, hakimiyyətin yuxarı eşalonunda  Məmmədovların nüfuzunun zəifləməsinə səbəb olub.

Qeyd edək ki, bir neçə gün öncə. virtualaz.orq saytı   A.Məmmədov biznesində yaranmış maliyyə problemləri səbəbindən ABŞ-dakı lobbiçilik fəaliyyətini dayandırdığı haqda məlumat yaymışdı. Azərbaycan Amerika Alyansının fəaliyyəti Amerika siyasi isteblişmentinin nüfuzlu nümayəndələrinə, senatorlara, konqresmenlərə və siyasətçilərə təsir etmək yolu ilə Vaşinqtonla Bakı arasındakı münasibətlərin hökumətlər səviyyəsində möhkəmlənməsinə yönəlmişdi.

Məlumatlara görə, bir neçə həftə əvvəl Anar Məmmədov Vaşinqtondakı ofisini bağlayıb, təşkilatın kollektivi rəsmən buraxılıb. Nazir oğlu bir neçə il əvvəl Amerika siyasi çevrələrində qeyri-real ambisiyaları, böyük iddiaları və möhtəşəm planları ilə peyda olmuşdu.

O, Konqresin Xarici Əlaqələr Komitəsinin keçmiş sədri Dan Bartona iş verərək onu sanballı maaşa Amerika Azərbaycan Alyansının icraçı direktoru təyin etmişdi.

A.Məmmədovun təşkilatının fəaliyyəti əsasən Vaşinqtonda hər dəfə 600-700 adamın qatıldığı qala-ziyafətlərlə və təntənəli Azərbaycan gecələri ilə yadda qalmışdı. Bu ziyafətlər üçün ərzaq xüsusi təyyarələrdə Bakıdan daşınırdı, qonaqları Azərbaycanın tanınmış müğənniləri əyləndirirdi. Ziyafətə qatılanlar isə konqresmenlər, senatorlar, səfirliklərin nümayəndələri, diaspor üzvləri, habelə rəsmi şəxslər olurdu.

Ancaq belə görünür ki, Azərbaycana da gəlib çatan qlobal iqtisadi böhran iri oliqarxik şirkətlərə də öz təsirlərini göstərib. Ziya Məmmədovun və oğlunun biznesinin düşdüyü mürəkkəb vəziyyət həmçinin onların şirkətlərinin pis menecmenti ilə bağlıdır.

Həmin mənbələrin məlumatına görə, Anar Məmmədovun böyük borcları yaranıb. Onun biznes işlərinin acınacaqlı vəziyyətə düşməsinin digər oliqarx Hafiz Məmmədovla maliyyə zəminində ayrılmaları ilə əlaqəli olduğu bildirilir. H.Məmmədov nazirin oğlunu maliyyə baxımından qeyri-dürüstlükdə ittiham etməkdədir.

Məmmədovların maliyyə imperiyasının çökməsinin səbəbləri haqda kifayət qədər geniş və uzun-uzadı bəhs etmək olar. Bu zaman oliqarxın 50 milyon dollarlıq şəxsi təyyarə alınmasından tutmuş Bodrumda otel tikintisinə qədər ölçüyəgəlməz şəxsi xərclərini xatırlatmaq olardı.

Ancaq qeyri-peşəkar menecment faktı da ortadadır. Vaşinqtonda Azərbaycanın maraqlarını qorumaq üçün yaradılmış Amerika Azərbaycan Alyansı bağlanb. Senatorları yedirtməyə artıq heç nə qalmayıb…

 

Həmçinin oxuyun

Adı məktəblilərin zəhərlənməsində hallanan şirkət bu dəfə DİM-ə yemək satacaq

Dövlət İmtaham Mərkəzi (DİM) tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “TAİS-İKF” MMC (VÖEN-1400019741) olub.Yeniavaz.com xəbər verir ki, …

Bir cavab yazın