Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Sosial / Zığ sakinləri axşam saatlarında sahibsiz itlərin qorxusundan küçəyə çıxa bilmirlər – REPORTAJ

Zığ sakinləri axşam saatlarında sahibsiz itlərin qorxusundan küçəyə çıxa bilmirlər – REPORTAJ

Paytaxt Bakının sahibsiz itlər problemi bitmir. Artıq təkcə Bakıətrafı kənd və qəsəbələrdə deyil, şəhərin mərkəzi küçələrində də sahibsiz heyvanlar vətəndaşlar üçün real təhlükəyə çevrilib. Az qala hər həftə bu barədə xəbərlərlə rastlaşırıq.

“Uşağın ayağından tutub sürüdü”

Suraxanı rayonu, Zığ qəsəbəsinin sakinləri deyirlər ki, axşam saatlarında sahibsiz itlərin qorxusundan küçəyə çıxa bilmirlər. Sakinlərdən Zəminə Məmmədovanın sözlərinə görə, 8 yaşlı qızı binanın yaxınlığında zibil atarkən itlərin hücumuna məruz qalıb. “Binanın qarşısında gözləyirdim, birdən səs-küy düşdü. Baxdım ki, it uşağın paltarından tutub sürüyür. Yaxınlıqdakı mağazanın satıcısı kömək elədi, güclə iti uşaqdan araladıq”.

Zəminə əlavə edir ki, xoş təsadüfdən yaxınlıqda olanlar köməyə gəlib. Heç kim olmasaydı, it uşağı parçalayacaqdı. O gündən indiyədək uşaq qorxusundan tək küçəyə çıxa bilmir: “Uşaq həyəcandan əsirdi, təcili yardım çağırdıq, sakitləşdirici vurdular. İtlərin qorxusundan uşaqları küçəyə buraxmaq istəmirəm”.

İt qonaq getdiyi ünvanı səhv salan qadının dabanını qopardı

Daha bir faciə bu günlərdə Nizami rayonu, 8-ci kilometr qəsəbəsi, Naxçıvani küçəsində qeydə alınıb. Qonaq getdiyi ünvanı səhv salan qadın itin hücumuna məruz qalıb. Təxminən 15 dəqiqə qadını itin pəncəsindən xilas etmək mümkün olmayıb. İt qadının ayağını dişləyib, dabanının bir hissəsini qoparıb. Qadının qonaq getdiyi evin sahibləri səs-küçəyə çıxıblar.

“Qadın qan içində idi, demək olar ki, it hər yerini dişləmişdi. Təcili yardım çağırdıq. 4 gündür xəstəxanadadır, dabanına 17 tikiş qoyulub. Hələ də hadisənin şokundadır, yəqin ki, müalicədən sonra psixoloji yardım alacaq. Çünki sakitləşdiricinin təsirindən ayılan kimi qışqırır, ağlayır, qorxu keçirir”, – yaxınları virtualaz.org saytının əməkdaşına söyləyiblər.

Xatırladaq ki, bu ilin avqustunda Sumqayıtda azyaşlı Zeynəb Mikayılovanın it dişləməsi nəticəsində ölməsi uzun müddət mətbuatın gündəımindən düşmədi. İt bacısı ilə həyətdə oynayan uşağın üzünü, başının bir hissəsini qoparmışdı.

Heyvan dişləməsinin 95 faizi sahibsiz itlərin payına düşür

Bunu isə Respublika Gigiyena və Epidemiologiya Mərkəzində baş direktorun epidemiologiya məsələləri üzrə müavini Afaq Əliyeva virtualaz.org saytına açıqlamasında deyib. Onun sözlərinə görə, heyvan dişləməsinin 95 faizi sahibsiz itlərin payına düşür. Yerdə qalan göstərici siçovul, pişik, tülkü və ya digər heyvanların payına düşür.

“Heyvan dişləmələri ilə bağlı Bakı və rayonlardan daxil olan statistika təhlil edilib. İt dişləmələri ötən ilə nisbətən 5 faiz artıb. Müşahidələrə görə, sahibsiz heyvanların da sayında artım var”, – A.Əliyeva əlavə edib.

Dövlət proqram hazırlayıb

Azərbaycan 1997-ci ildə Strasburqda “Heyvanların Mühafizəsi” ilə bağlı Avropa Konvensiyasına qoşulub. Buna əsasən sahibli və ya sahibsiz heyvanlar öldürülə bilməz. Amma heyvanda quduzluq və ya başqa yoluxucu xəstəlik aşkarlanarsa öldürülərək zərərsizləşdirilməsinə icazə verilir.

Sahibsiz heyvanlar real təhlükə mənbəyi olsa da, görülən tədbirlər itin küçədən götürülərək sığınacaqda yerləşdirilməsi ilə yekunlaşır.

Afaq Əliyeva deyir ki, gələn ildən küçə itləri probleminin həllində müəyyən addımlar atılacaq. Dövlət tədbirlər proqramı hazırlayıb. Həmin proqrama əsasən, heyvanlar üçün xüsusi sığınacaqların yaradılması nəzərdə tutulub. Bundan əlavə, gələn ildən baytarlıq xidməti tərəfindən sahibsiz heyvanların peyvəndlənməsinə, hətta vəhşi heyvanlara quduzluğa qarşı oral vaksinlərin təyin edilməsinə başlanıla bilər. Bundan sonra sahibsiz it problemi nisbətən çözüləcək. Hələlik isə it hücumuna məruz qalanlar dərhal həkimə müraciət etməlidirlər. “İstirahət və bayram günlərində it hücumuna məruz qalanlar Kliniki Tibbi Mərkəzi, 3 saylı kliniki xəstəxanaya, 6 saylı kliniki xəstəxanaya və Respublika Kliniki Xəstəxanaya müraciət edə bilərlər. Adi günlərdə isə poliklinikalarda vaksin vurulur”.

 

3 nəfər quduz olub

Bu il 3 nəfər quduzluğa yoluxub. Hər bir hadisə ayrıca araşdırlıb, bəlli olub ki, onlar həkimə müraciət etməyiblər. “Vaxtında həkimə müraciət olunmur, ona görə də ölüm baş verir. Vaksin vurulandan sonra həkimin təyin etdiyi müalicə davam etdirilməlidir”, – A.Əliyeva deyib.

 

Bəs sahibli itlər?

İnsanların sıx olduğu küçələrdə, park və bağlarda itlərin buruntaqsız gəzdirilməsi çoxlarının narazılığına səbəb olur. Axşam saatlarında “Gənclər”, “Fəvvarələr” meydanlarında, küçədə gəzmək təhlükəli olub.

“Buruntaqsız gəzdirilən müxtəlif cins ev itləri qorxu yaradır, onlar hər an hücum edə bilərlər”, – Nizami küçəsində yaşayan sakinlər deyirlər.

Sakinlərdən İbrahim Alıyev deyir ki, dəfələrlə sahibli cins itlərin hücum etməsinin şahidi olub. Sahibi müdaxilə etsə də, itləri sakitləşdirmək çətin olur.

Qeyd edək ki, Nazirlər Kabinetinin 9 mart 2011-ci il tarixli 38 nömrəli qərarına əsasən, ev heyvanları saxlayan şəxslər kənar şəxslərin rahatlığını pozmadan, onların ehtiyaclarını vaxtında qarşılamaq şərtilə ev heyvanı sahibi ola bilərlər. İnsanların təhlükəsizliyi və sağlamlığının qorunması üçün itləri ancaq kiçik cilovda, iri cins itləri isə cilovda, buruntaqda olmaqla ümumi məhəllələrdə və yaxud küçələrdə gəzdirmək olar. Əks halda onların gəzdirilməsi qadağandır. İnzibati Xətalar Məcəlləsində isə itlərin cilovsuz və buruntaqsız gəzdirilməsinə görə cəzalar nəzərdə tutulub. İt sahibi 200 manat cərimələnə bilər. Eyni hal təkrarlandığı halda 300 manat cərimə, itin hücumu nəticəsində xəsarət alan şəxs olarsa 1000 manata qədər cərimə tətbiq edilə bilər.

Gələn ilə sayılı günlər qaldı. İtlərin qorxusundan küçəyə çıxa bilməyənlərə dövlət proqramının tətbiqini gözləməyi tövsiyə edirlər, gözləyək.

Həmçinin oxuyun

Maşın bazarında durğunluğun səbəbi nədir? (VİDEO)

Ötən illə müqayisədə avtomobil bazarında durğunluq müşahidə edilir. Bunu avtomobil bazarına üz tutan insanlarn sayından …