Cümə , Aprel 19 2024
Ana səhifə / Sosial / Zibil boğaza qalxıb, icra günahı əhalidə görür… – Foto

Zibil boğaza qalxıb, icra günahı əhalidə görür… – Foto

Hökməli qəsəbəsi, yeni salınmış “Atyalı” adlanan yaşayış massivinin sakinləri nəzarətsiz qalan məişət tullantıları səbəbindən acınacaqlı vəziyyətə düşüb.

Bu barədə qəsəbə sakinləri Axar.az-a ünvanladıqları şikayət məktubunda bildiriblər ki, zibil qutusu olmayan əraziyə öz hesablarına böyük qutular alıb qoysalar da, onların içinin təmizlənib, atılmasına nəzarət edən yoxdur.

“Qəsəbəmizin sakinləri Abşeron rayonunun inzibati ərazisinə aid olan Hökməli qəsəbəsi, yeni Atyalı massivinin giriş hissəsindəki (“İSoil” yanacaqdoldurma məntəqəsinin arxasında) Zərifə Əliyeva küçəsində yerləşən tullantı qutularından hər gün istifadə etmək məcburiyyətindədir. Yeni massiv salındıqdan sonra əraziyə zibil qutuları qoyulmamışdı. Bu səbəbdən tullantı qutularını sakinlər öz şəxsi vəsaitləri hesabına alıb yerləşdirdi.

Ancaq ərazidəki məişət tullantılarının Abşeron Rayonu İcra Hakimiyyəti tərəfindən heç vaxt daşınmaması ucbatından Zərifə Əliyeva küçəsində biabırçı mənzərə yaranıb. Əraziyə toplanan sahibsiz itlər xüsusilə qaranlıq vaxtda qəsəbə sakinlərinə hücum etməyə başlayıb, yay olduğu üçün də ifunət iyindən evlərdə oturmaq mümkün deyil”, – sakinlər qeyd edib.

Sakinlər bildirib ki, məsələ ilə bağlı Abşeron RİH-ə dəfələrlə yazılı və şifahi müraciət olunsa da, tullantıların daşınması ilə bağlı indiyə kimi heç bir tədbir görülməyib.

Məsələ ilə bağlı Axar.az-a açıqlama verən Abşeron icra başçısının Hökməli qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Müseyib İbrahimov bildirib ki, Atyalı massivinin zibilliyinin təmizlənməsini “Təmiz məkan” şirkəti ilə birgə həyata keçirirlər. M.İbrahimov bildirib ki, zamanla Hökməli qəsəbəsindəki zibilliklər birdəfəlik yığışdırılacaq və alternativ vasitələrdən istifadə ediləcək:

“Bərabər işlədiyimiz “Təmiz məkan” şirkəti bütün qapılara zibil torbaları paylayır və gün ərzində dolan həmin torbaları vətəndaşların qapısından özü götürərək aparır. Bunun müqabilində vətəndaşlar 3 manat haqq ödəyirlər. Əvəzində qəsəbəmiz təmiz qalır, vətəndaş da zibili harasa atmalı olmur, onu qapısından götürürlər.

Bu gün intizamsız əhali hər yerdə var, hara gəldi, zibil atırlar. Biz bütün bunların qarşısını almaq üçün belə addım almışıq. Bizim “Bura zibil atmayın” elanı vurduğumuz yerlər var ki, vətəndaşlar məhəl qoymur. Əlləri adət edən yerlərə zibil atırlar. Vətəndaşlar deyir ki, ora öz hesablarına dəmir yeşiklər alıb qoyublar. Həmin dəmir yeşikləri aparmaq və boşaltmaq üçün xüsusi maşınlar lazımdır ki, onlardan da bizdə yoxdur. Gələcəyin işidir bu.

Ancaq “Təmiz məkan” vətəndaşların zibil atmaq problemini aradan qaldırmaq üçün zibillərini qapılarından götürürsə, bu ayrıca zibillik nəyə lazımdır?”

M.İbrahimov bildirib ki, qəsəbədə, massivdə əvvəlcədən müəyyən edilmiş zibillik yerləri var. İcra rəsmisinin sözlərinə görə, sakinlərin dediyi yerdə zibillik yoxdur:

“Biz ümumiyyətlə çalışırıq ki, bu zibillik anlayışı birdəfəlik sıradan çıxsın. Zibillər qapılardan götürülürsə, o zibillik dedikləri əraziyə niyə zibil atırlar?

Hökməli qəsəbəsinin massivlərlə bir yerdə 26 zibil atılan yeri var. Biz onların yarısını artıq ləğv etmişik ki, zibillər qapıdan yığılsın. Zamanla digər zibilliklər də ləğv edilib bu sistemə keçiriləcək. Bu iş üçün icra başçısı 8 fəhlə təyin edilib, xüsusi maşınlar ayrılıb”.

Həmçinin oxuyun

Adı məktəblilərin zəhərlənməsində hallanan şirkət bu dəfə DİM-ə yemək satacaq

Dövlət İmtaham Mərkəzi (DİM) tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “TAİS-İKF” MMC (VÖEN-1400019741) olub.Yeniavaz.com xəbər verir ki, …