Ana səhifə / Sosial / Zahid Oruc: “Prezidentin varlılara yönəlik çağırışları çox önəmli məsələdir”

Zahid Oruc: “Prezidentin varlılara yönəlik çağırışları çox önəmli məsələdir”

“Elə ödəmə mexanizmləri qurulmalıdır ki, böyük imarətlərə, mülklərə sahib olanlar daha çox vergi ödəsinlər”

Azərbaycan prezidenti İlham Əliyevin Bakıda 1 saylı “ASAN kommunal” mərkəzinin açılışındakı çıxışı zamanı varlılara ünvanladığı növbəti mesaj gündəmin əsas mövzularından birinə çevrilib. Sosial ədalət prinsiplərindən danışan ölkə başçısı qaz və işıq məsələsinə də toxunub və qeyd edib ki, imkanlı, varlı insanlar, böyük evlərə, villalara sahib olan vətəndaşlar daha çox vergi ödəməlidirlər.
Qeyd edək ki, son aylardakı çıxışları zamanı dövlət başçısı dəfələrlə imkanlı şəxslərə, iri ranqlı dövlət məmurlarına yönəlik mesajlar ünvanlayıb. Ekspertlər prezidentin son açıqlamasında bir daha bu cür fikirlər səsləndirməsini təsadüf saymırlar.
İqtidaryönlü deputat Zahid Oruc bildirdi ki, zənginlər üçün vergi anlayışı kapitalist dünyasının bir kəşfidir: “Ölkədə nə qədər çox istehlak edirsənsə, bir o qədər də çox ödəməlisən. Bu prinsipi vergi qanunvericiliyinə salmaq lazımdır. Ayrı-ayrı sahələrdə bunlar tətbiq olunmaqdadır. Zənginlər, varlıların torpaq sahələrinin zəbtində son bir ildə qırmızı xətti keçmələrinə də prezidentin reaksiyası olmuşdu. Hamı yaxşı bilirdi ki, bu imkanlar kasıb bir şəxsə məxsus ola bilməzdi. Söhbət hektarlarla torpaq sahələrindən gedirdi. Kimsə bolşevikcəsinə buna qarşı deyil.
Dövlətimizin yürütdüyü siyasət bundan ibarət olub ki, hamı imkanlı olsun, hamı yaxşı yaşasın. Təbii ki, şəxslər bunu vəzifə səlahiyyətlərindən istifadə edib reallaşdırmamalıdır, mənimsəmələr və başqa qanunsuz yollarla əldə etməməlidir. Varlılara qarşı ictimai nifrət də formalaşdırmaq olmaz. 2013-cü ildə hakimiyyət əleyhdarları Badamdar qəsəbəsi və digər bəlli ünvanları barmaqla göstərərək, hakimiyyətə gələcəkləri təqdirdə o villaları satdırıb, büdcəyə vəsait gətirəcəklərini deyirdilər. Bu yanlış yanaşma idi. Sadəcə, elə ödəmə mexanizmləri qurulmalıdır ki, böyük imarətlərə, mülklərə sahib olanlar daha çox vergi ödəsinlər.
Sonuncu dəfə vergi qanunvericiliyinə edilən dəyişikliklərin içərisində bahalı maşınlarla bağlı hissələr də var. Avropa ölkələrində bu, tətbiq olunmuş modeldir. Düşünürəm ki, ölkəmizdə də bu qəbul olunmalıdır. Əhalinin aztəminatlı hissəsinin vəziyyətini yaxşılaşdırmağın yollarından biri də budur. Sosial ədalət prinsiplərinin yaranması üçün də bu çox vacibdir. Böyük ərazilər tutursan, imkanın kifayət qədər yüksəkdir, o zaman çox vergi ödə. Bu çox normal bir yanaşmadır”.
Deputat prezidentin mesajından varlıların ibrət dərsi götürə biləcəyini də vurğuladı: “İnsanlar ictimai mədəniyyət olaraq, könüllü şəkildə rəsmi proseslərə qoşulmağa meylli olmurlar. Bu, zamanla yaranan bir məsələdir. Biz Avropa ölkələrinin inkişaf etməsindən, texnologiyada inqilab etmələrindən danışanda, qanunlara əməl etdiklərini deyəndə, bunları bəzən onların mental xüsusiyyətləri kimi qələmə veririk. Amma əslində belə deyil. Kimsə varlılarla savaşa çıxmır. 70-ci illərdə Nikson iri burjuaziya və xırda sahibkarlarla bağlı belə qərarlar verəndə prosesin nə qədər həssas olduğunu görürdü. Yaxşı şərtlər asan bitmir. Onlar müqavimətlə rastlaşır. Bu cəhətdən ölkə başçısı iradə qoyub. Hesab edirəm ki, 2017-ci il bu istiqamətdə böyük dəyişikliklər, islahatlar ili olacaq. Hamı da bunu qəbul etməlidir. Ölkədə maddi nemətlərdən daha çox istifadə edirsənsə, niyə də çox ödəməməlisən? Ölkə sənə niyə ucuz xidmət etməlidir? Bu, sırf publisistik mənəvi yanaşmadır. İstəmirsən, daha fərqli şəraitə keç. Kimsə öz böyük villalarını, əmlaklarını kimlərinsə adına rəsmləşdirəcək, hətta məcburi köçkünlərin adına keçirəcək, bu şəkildə özünü qoruyacaqsa, bu, çox qüsurlu bir fəaliyyətdir. Bu baxımdan, hesab edirəm ki, qanunların daha sərt üzü ilə bu proseslərə getmək lazımdır. Çağırışlar çox önəmlidir. Prosesləri hüquqi aktlarla tamamlamaq lazımdır”.(musavat.com)

Həmçinin oxuyun

Pensiya və müavinətlər artırıla bilər – VİDEO

Cari ilin ortaları pensiyaların yenidən artırılacağı gözlənilir. Bunu millət vəkili Aydın Hüseynov deyib. O bildirib …

Bir cavab yazın