Cümə , Aprel 19 2024
Ana səhifə / Sosial / Zahid Oruc: “Arxadan zərbə vurmaq heç bir türk kişisinin işi deyil”

Zahid Oruc: “Arxadan zərbə vurmaq heç bir türk kişisinin işi deyil”

Rusiyanın Türkiyədəki səfirinin Ankarada öldürülməsi barədə müxtəlif iddialar səsləndirildi və səsləndiriləcək. Bəzi ekspertlər baş vermiş hadisədə Fətullah Güləni günahlandırır. Bir qrup ekspert isə səfrin qətlinin Rusiya-Türkiyə yaxınlaşması əleyhinə hesablandığını bildirir. Diplomatın öldürülməsi Suriyada məğlub olan Qərb koalisiyasının qisası kimi də qiymətləndirilir.

Rusiyalı səfirin öldürülməsi və bu hadisə ətrafında cərəyan edən iddialarla bağlı millət vəkili Zahid Oruc fikirlərini bölüşüb:

“Hələb ətrafında hərbi əməliyyatlar başa çatanda demişdim ki, Qərb koalisiyası bunun əvəzini çıxacaq. Heç bir halda Qərbin planları 5 ildən sonra tamamilə iflasa uğraya bilməz. Çünki Avropa və ABŞ hesablamalarına əsasən, Yaxın Şərqin layihəsində Rusiyanın yeri yoxdur. Əgər bu gün Bəşər Əsəd hakimiyyətini Rusiyanın, İranın, Hizbullahın köməyi ilə qoruya bilirsə, bu proses biraz da irəli gedərək gələcəkdə sünni rejimlərin yıxılmasına da yol aça bilər. Həmçinin, Yəməndə və digər ölkələrdə başlanan proseslər Qərbin tamamilə əleyhinə çevrilə bilər. Hələbdəki qələbə hələ qeyd olunmamış mütləq əks-koalisiya qüvvələrinə zərbə endiriləcək.

Rusiyanın ABŞ-dakı seçkilərə müdaxiləsi ilə bağlı kiber hücumlar məsələsinin ABŞ tərəfindən siyasi gündəmə yerləşdirilməsi təsadüfi deyildi. Kütlənin beynində lazım olan məsələni plana uyğun şəkildə formalaşdırdıqdan sonra zərbə endiriləcəkdi. Əlbəttə ki, bu açıqlamamla dünən tətiyi çəkilən silahın sifarişçisinin hansı cinahda olduğunu söyləmək istəmirəm. Çünki bu məsələ çox ciddi istintaq tədbirləri tələb edir. Mümkündür ki, burada başqa dairələr ABŞ-Rusiya, Türkiyə-Rusiya, Türkiyə-ABŞ, Türkiyə-İran arasında toqquşma yaratmaq üçün həmin vasitədən istifadə etsinlər.

Beynəlxalq kriteriyalara görə, səfir adi insan deyil. Səfir dövləti təmsil edir və ona qarşı atılan güllə həmin ölkəni, xalqı hədəf etməkdir. Bu mənada dünən Türkiyədə səfirin qətlə yetirilməsi məsələsinin Yaxın Şərq hadisələrindən kənarda dəyərləndirilməsinin əleyhinəyəm”.

Türkiyədə baş verən terror aktları ilə bağlı danışan millət vəkili bildirdi ki, Türkiyə son iki ildə 31 terror hadisəsinə şahidlik edib:

“Müəyyən hadisələr səbəbindən Türkiyə iqtidarının verdiyi qərarlara görə bu gün cəbhə xətti artıq İstanbuldan, Ankaradan keçir. Bu çox üzücü hadisədir. Türkiyənin hərbi qüvvələri İraqa, Suriyaya daxil olduğu bir dövrdə terrorçu dəstələr, onların əlaltıları, havadarları, maliyyələşdirənləri Türkiyənin içərisinə sızıblar. Artıq özlərini real gücə çevirməyi bacarıblar. Bu səbəbdən terror aktları həyata keçirilməklə Hələb ətrafında və yaxud Suriya məsələsində 3 dövlətin razılıq əldə etməsinin qarşısını almaq istəyirlər”.

Bu qətlin böyük savaşa yol aça biləcəyi ilə bağlı səsləndirilən fikirlərə münasibət bildirən Zahid Oruc bunu tarixi paralellərlə şərh etdi:

“Benqazidə ABŞ səfirinin, vaxtilə İranda Qribayedovun qətl hadisələrinin böyük dövlətlər arasında savaşa yol açacağını iddia edənlər var idi”.

Bu hadisənin Ərdoğanı devirmək istəyən qüvvələrin işi olması ilə bağlı məsələyə münasibət bildirən millət vəkili bildirdi ki, Ərdoğanı yıxmaq istəyənlər açıq şəkildə silahlı mübarizəyə qoşulub:

“Onlar görürlər ki, seçki yolu ilə AKP hökumətini devirə bilmirlər. Bu səbəbdən çox mümkündür ki, bir neçə istiqamətdə fəaliyyət göstərən daxili cəbhə real hərəkətə keçib. Fətullah Gülən və onun çevrəsində olan qüvvələr nə müqaviməti çox asanlıqla qırıla bilən Ergenekonçulardır, nə də kiçik hərbi qüvvələrdir. Fətullah Gülənin Türkiyəyə təslim edilməsi və yaxud Ərdoğanın edam kötüyünə gəlməsi çoxlu qanın axmasından sonra mümkündür. Çünki onu 10 illərdir ağladıb, 21-ci əsrin matahına çevirənlər dini, siyasi lider kimi Türkiyə üçün müxtəlif planlarını cızıblar. Hansı ki, 15 iyulda bunun qarşısı alındı.

Hazırki dövrdə Qərb dairələri Rusiya ilə Türkiyə arasında yarana biləcək hər hansı ittifaqın onların mənafelərinə zərbə vuracağını çox yaxşı hesablayır. Tarixdə 13 dəfə bu ölkələr arasında müharibə olub. Bu savaşlar Avrasiya qitəsində maraqları olan, oranın sərvətlərini sümürən qüvvələrin lehinə işləyib. Dünən həm Putin, həm də Ərdoğan tərəfindən verilən bəyanat ondan ibarət oldu ki, terrora qarşı mübarizələrini bir yerdə aparacaqlar. Lakin təəssüflər olsun ki, yaxın keçmişdə onlar səngərin ayrı-ayrı tərəflərində idilər.

Birlik yaranacaqmı, onu nə qədər qoruyub saxlamaq mümkün olacaq? İki imperiya varisi sayılan Türkiyə və Rusiya arasında əlaqələr hara qədər dərinləşə bilər? Bütün bu məsələlər gerçəkdən Avrasiya qitəsindəki təhlükəsizliyi analiz etmək üçün çox önəmlidir.

Dünən 22 yaşlı bir şəxsin son dərəcə qəddar addımının Hələb və ya digər hadisələrlə əlaqələndirilməsini qəti şəkildə pisləyirəm. Lakin bu şəxsin, simvolik görünsə də, “Rusiya türklərin gözü ilə” foto sərgisinə gəlib divardakı tabloları əlindəki silahla kənara itələyib, özünün bir tabloya çevrilməsini ikiqat pisləyirəm. Çünki belə bir şəxs türk ola bilməz. Arxadan zərbə vurmaq heç bir türk kişisinin işi deyil. Ona görə də, həmin insanın hansı qandan, gendən, milliyyətdən, siyasi şüarlardan olduğunu kənara ataraq qlobal tətik, qlobal atəş, müharibənin bir elementi saymalıyıq.

İstər iki gün öncə Çeçenistanda küçədə insanlara atəş açmaq, dünən gecə ABŞ səfirliyi qarşısında güllə atmaq, Berlində 12-14 nəfərin ölümünə səbəb olan avtobus hücumu, Sürixdə məscidin ətrafında atəş səslərinin eşidilməsi, hamısı sübut edir ki, əgər sən terroru qara bayrağına görə lənətləyib, ancaq digər rənginə, ideyalarına görə pisləməsən, lənətləməsən onlara qarşı mübarizə aparmasan, onda dünyanın təhlükəsiziliyi sarsılacaq. Bu təkcə bir dövlətə, siyasi hakimiyyətə qarşı yönəlməyib. Terror ümumi insanlığın həyatını zərbə altında qoyur. Ona görə də, bəşəri güc ona qarşı bir səngərdə birləşməlidir. Keçən dəfə də demişdim, Türkiyə və Rusiya vahid səngərdə birləşməlidir. Bu birləşmə olmasa belə hadisələr davam edəcəkdir”.(Ölkə.Az)

Həmçinin oxuyun

Neftin qiymətində olan artım maaş və pensiyalara təsir edəcək? – VİDEO  

Hazırda dünya bazarında brend markalı neftin qiymətində artımlar müşahidə olunur. Bəs bu artımlar pensiya və maaşların …

Bir cavab yazın