Ana səhifə / Sosial / Zahid Oruc: “90-cı illərdə Azərbaycanda yaşananlar indi Ermənistana keçib”

Zahid Oruc: “90-cı illərdə Azərbaycanda yaşananlar indi Ermənistana keçib”

Azərbaycan-Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsinin son 4 gündə açıq savaşa çevrilməsi və ordumuzun qazandığı qələbələr əhalidə ərazilərimizin qayıdacağına inam yaradıb. Hazırda tərəflər arasında atəşkəslə bağlı danışıqlar getsə də, proses hələ davam edir. 
Milli Məclisin Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvü Zahid Orucun son günlər cəbhə bölgəsində baş verənlərlə bağlı fikirlərini təqdim edirik:
– Zahid bəy, hazırda hökumətin planı nədir? Savaşa davam etmək, yoxsa bəlli mövqeləri qazandıqdan sonra danışıqlar masasına oturmaq? 
– Hazırda ordumuz elə bir şəraitdədir ki, hər an bir neçə yeni hərbi mövqelər də Azərbaycanın nəzarətinə qayıda bilər. Qarabağın ürəyi 7 rayondur. Dağlıq Qarabağın ümumi ərazisi 4,38 min kvadrat kilometrdir. Ermənilər tərəfindən ələ keçirilən həmin 7 rayon isə 13,2 min kvadrat kilometrdir. Yəni, əgər Dağlıq Qarabağın əhalisi 60-70 min nəfərdirsə, yerdə qalan 7 rayonun əhalisi 800 minə qədərdir. Yəni, sabah Füzulinin azad edilməsi, yaxud Cəbrayıl və Ağdam mövqelərində irəliləməyimiz o radiusda məhdudlaşıb qalmayacaq. Hərbi olaraq proses o nöqtədə dayansa belə, siyasi olaraq yeni mexanizmlər işə düşür. Erməni artıq bilir ki, orada möhkəmlənə bilməyəcək, sadə insanları orada məskunlaşdıra və təsərrüfat sala bilməyəcək. Qarabağdakı ermənilər də qorxu altındadır. 130 min erməni ilə dövlət qurmaq qeyri-mümkündür. Hətta özlərinin dediyi ki, Dağlıq Qarabağı müstəqil respublika kimi tanısalar da, bu, Qarabağın təhlükəsizliyini gücləndirməyəcək. Bəs, dövləti hansı ərazidə qurublar? 4,8 min kilometr ərazidə… Bəs, qalan ərazi haradır? Azərbaycan əraziləri… Məcburdurlar desinlər ki, buranı işğal etmişik. Bu baxımdan Azərbaycanın siyasi elitasında və hökumətdə mövqe ondan ibarətdir ki, hamımız vahid bir komanda altında, ali baş komandanın  əmri ilə mövqeyimizi irəlilətməliyik. Hələ ki, proses beynəlmiləlləşdirilməmiş, xarici dövlətlər arasında toqquşma predmetinə çevrilməmiş, real hərbi meydanda münaqişəni həll etmək lazımdır. Bu, baş verəcək və 90-cı illərdən sonra postsovet məkanında ilk hadisə olacaq ki, itirilmiş torpaqların qayıtması baş vermiş olsun. Və bu, Azərbaycan əsgərinin əli ilə baş verəcək.
– Müharibə prosesində və torpaqlarımız qayıtdıqdan sonra orada yaşayan Dağlıq Qarabağ ermənilərinə, yəni Azərbaycan vətəndaşı olan ermənilərə münasibət necə olacaq? Onlara müsbət mənada fərq qoyulacaqmı?
– Cənab prezidentin yanında keçirilən Təhlükəsizlik Şurasının iclasında əslində bu məsələyə tamamilə aydınlıq gətirildi. Orada vurğulandı ki, biz erməni analarının  öz övladlarına görə ağlamasını istəmirik, mülki insanların ölməsinin əleyhinəyik. Lakin, bundan ötrü Azərbaycan ərazilərində qazılmış səngər aradan qalxmalıdır və Ermənistandan gətirilmiş əsgərlər əraziləri tərk etməlidir. Bu gün ermənilərin itirdiyi mövqelər, Talış kəndi, həmçinin Lələtəpə istiqamətində, o cümlədən digər ərazilərdə erməni mövqelərinin basılması fonunda o xalqı təhlükəyə məruz qoyan Sarkisyan rejmidir. İndi ermənilərə silahlar qarşı tərəfdən deyil, başlarının arxasından dirənib. Onlar Ermənistan rəhbərliyindən itirilmiş mövqeləri geri almaq əmri alıblar. Azərbaycan ordusu bir az da irəli getsə, erməni əsgərləri onları bu savaşa atan saxta rəhbərlərinə qarşı çevriləcəklər, silah Sarkisyanın əleyhinə yönələcək. Çünki, 90-cı illərdən fərqli olaraq indi erməni xalqını “Böyük Ermənistan” hərəkatı adı altında birləşdirmək mümkün deyil. Həmin müharibədən qazancla çıxan Sarkisyan və onun çevrəsində olan adamlardır. Buna görə də, Azərbaycanın xeyrinə işləyən məqamlardan biri də Qarabağ ermənilərinin Sarkisyan rejimini dəstəkləməməsidir. Hərçənd ki, onların sayı çox azdır. Bu ərazidə demək olar ki, yerli əhali qalmayıb. Dağlıq Qarabağda yaşayanların əksəriyyəti hərbçilər və hərbçi ailələridir, yaşlı ermənilərdir. Bir də müxtəlif ərazilərdən Azərbaycan ərazilərinə köçürülən ermənilərdir. Bu, real mənada bizim qəbul etdiyimiz xalq anlayışı deyil. Azərbaycan isə elan edir ki, Azərbaycanın Konstitusiyasını tanıyan hər kəs, sülh dəhlizindən keçə bilənlər bizim düşmənimiz deyil. Biz savaşı bizim torpaqlarda bizə qarşı səngər quranlarla aparırıq.
– Hansı şərtlərdə, ermənilərin Azərbaycan torpaqlarında yaşaması mümkündür? 
– Hazırda Azərbaycan əsgəri elə bir durum yaradıb ki, qarşı tərəfin hansısa kompromis istəkləri, Qarabağ münaqişəsinin həllini əvvəlki dövrdən fərqli bir müstəviyə daşımaq niyyətləri, yaxud bu məsələni yenidən Rusiyanın üzərinə atmaq cəhdləri müşahidə olunur. Qarabağ münaqişəsinin həllində Azərbaycan əsgəri yeni bir reallıq yaradıb. Ancaq bu şərait təhlükəsizlik baxımından orada yaşan insanların daha çox xeyrinədir. Məgər onlar azərbaycanlılarla bir yerdə yaşayanda indikindən daha pis vəziyyətdə idilər? Siz görürsünüz, Şuşa televiziyasında, digər yerlərdə Azərbaycanın verdiyi cavab reaksiyalarından orada yaranan narahatlıqları göstərən videolarda da görünür ki, həmin yaşayış məskənlərindəki vəziyyət nə qədər bərbaddır. O erməni ki, Azərbaycana qarşı savaşmır, Azərbaycan qanunlarını qəbul edir və silahını Sarkisyana qarşı çevirir, bu, onun həmin ərazidə yaşamının yeganə yoludur.
– Azərbaycan cəmiyyətinin müharibə şəraitində davranışını necə qiymətləndirirsiniz? 
– İndi elə bir dövrdür ki, 90-cı illərdən tamamilə fərqlənir. O dövrdə yaşanan ən neqativ hadisələrdən biri siyasi elitadakı parçalanma, xəyanət, xof və sairə idi. Bu, indi yoxdur. İkincisi, o zaman cəmiyyətdə çaşqınlıq yaradılırdı, elə diversiyalar törədilirdi ki, psixoloji cəhətdən pərakəndə şəkildə olan ordunun əhatəsində yaşayan insanlar o təbliğatlara uyub, əraziləri bir güllə atılmadan tərk edirdilər. Yəni, ermənilər kəndləri tankla-topla yox, informasiya zərbələri ilə boşaldırdılar. Üçüncü məsələ, indi Azərbaycanın siyasi elitası, xalqı və ordusu arasındakı birlikdir. Ancaq o dövrdə ayrı-ayrı partiyaların çevrəsində silahlı dəstələr var idi və şəhidlər də partiya mənsubiyyətinə görə bölünürdü. İndi isə iqtidarlı, müxalifətli hər kəs ordunu öz ordusu hesab edir. Azərbaycan Silahlı Qüvvələri bu xalqın ordusudur. Bu baxımdan, indi Azərbaycanın ziyanına kiçik bir hadisə belə, baş vermir. O dövrdə Rusiyanın siyasi elitası bizim əleyhimizə idi və ermənilərin yanında idilər. İndi isə əksinə, Rusiya rəhbərliyi kifayət qədər öz neytral mövqeyini qoruyub saxlayır. 90-cı illərdə Azərbaycanda yaşanan hadisələr indi sanki Ermənistana keçib. 2 aprel tarixi onilliklər ərzində bizim üçün faciə tarixi olmuşdu, indi ermənilər üçün faciə günü oldu.
– Zahid bəy, mətbuatın və sosial medianın informasiya siyasətini necə qiymətləndirirsiniz?
Bu gün müharibə təkcə səngərdə getmir, informasiya məkanında da gedir. Vətəni sevən heç kəs bu prosesdən kənarda qalmamalıdır və informasiya müharibəsində ölkəsinə dəstək olmalıdır. Biz qarşı tərəfdə pessimizm və məğlubiyyət əhval-ruhiyyəsi görürük. Azərbaycanda isə media da, siyasi təşkilatlar da hökumət əleyhinə çıxışlarını dayandırıblar. Artıq qələbə ruhuna köklənmişik. Azərbaycan əsgəri bizim üçün yeni bir səhifə açır. Buna adekvat olaraq, hərbçilərimizin qazandığı uğurları vətəndaşlarımız və siyasətçilərimiz də müdafiə etməyi bacarmalıdır.
İnformativ olaraq beynəlxalq məkanda da ermənilər yalnız ayrı-ayrı xarici təşkilatları ittiham etməkdədirlər. ATƏT-i, BMT-ni tənqid edirlər. Çünki, həmin təşkilatlar bu günlərdə neytral bəyanatlar verib. Bu, o deməkdir ki, ermənilər  informativ məkanda Azərbaycanın mövqeyi üzərinə hücumlar təşkil edə bilmirlər. Son olaraq, onu deyim ki, 90-cı illərin məğlub atalarımızı qınamaqdansa, özümüzün qalib oğula çevrilməyimiz daha yaxşıdır.  Musavat.com

Həmçinin oxuyun

Erməni terroru nəticəsində həlak olanlara şəhid statusu verildi

Vətən Müharibəsi zamanı erməni terroru nəticəsində həlak olan 94 mülki şəxsə şəhid statusu verilib. Əmək …

Bir cavab yazın