Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Sosial / Zəngilanda yaşayan Martirosyan hafta.az-a açıqlama verdi

Zəngilanda yaşayan Martirosyan hafta.az-a açıqlama verdi

Işğalından 22 il ötən Zəngilanda məskunlaşdırılmış ermənilərin sayı və eyni zamanda Suriyadan qaçan ermənilərin də bu bölgədə yerləşdirilməsi haqqında bir neçə ildir ki, ziddiyyətli məlumatlar səslənir. Bu qədim türk torpağında baş verən gerçəkləri öyrənməyə cəhd etmək üçün orada yaşayan ermənilərlə əlaqə qurmağa çalışdıq. Sosial şəbəkələrdə uzun axtarışdan sonra, nəhayət, “Kovsakan” adlandırılmış Zəngilanda yaşadığını bildirən bir erməni tapa bildik: Martirosyan Karen Kovsakanci… Qeyd edək ki, social şəbəkələrdə Zəngilanda yaşayan ermənilərin azlığı da orada yaşayanların sayının əslində şişirdildiyinin və eyni zamanda kəskin sosial problemlərin olduğunun, yəni işğal altındakı Azərbaycan torpaqlarındakı ermənilər üçün müasir informasiya texnologiyalarının əlçatmazlığının göstəricisidir.

Karen Martirosyan:” Burada mən işıqsız da, neftsiz də dözərəm…”

Karenin sözlərinə görə, o, Zəngilan rayon mərkəzində yaşayır və kefi kökdür. Bunun səbəbi sonradan bizə məlum oldu… Mədəniyyət evində erməni milli rəqs müəllimi işləyir.Yaşayış şəraiti yüksək səviyyədədir. Zəngilanda işıq, su, yanacaq problemi, eləcə də nə qədər maaş alması haqqında suallarımıza Martirosyan konkret cavab verməkdən yayındı. Yalnız onu vurğuladı ki, “azad edilmiş vətənində yaşamağın ləzzəti bütün problemlərdən üstündür”. Mən özümün dostlarımla birgə azad etdiyim vətənimdə yaşayıram. Və mən burada neftsiz də, qazsız da, işıqsız da dözərəm”…
Martirosyan onunla eyni soyadı daşıyan və hazırda Bakıda yaşayan Ermənistan Milli Azadlıq Hərəkatının sədri Vaqan Martirosyanın Azərbaycana sığınmasına belə qiymət verdi:”Vaqan xəyanətkardır. O, unudub ki, 1988-ci ildə Sumqayıtda, 1990-cı ldə isə Bakıda nə qədər erməni doğranıb”. Əlbəttə, biz Bakıdakı Martirosyanın danışdıqlarının tam əksini söyləyən adaşına bir sıra həqiqətləri, o cümlədən bəzi dünya güclərinin, imperiyaların ermənilərdən alət kimi istifadə etmələrini çatdırmağa çalışdıq. Ancaq o, bunların çoxunu qəbul etmək istəmədi. Və sonda buna heç təəccüblənmədik də. Çünki Karen Martirosyanın Daşnaksütyun partiyasının üzvü olduğu, eləcə də 1989-cu ildən bəri müxtəlif bölgələrdə Azərbaycana qarşı vuruşduğu bilindi. O, bunu özü etiraf etdi. Elə görünür, bu səbəbdən də bəzi suallarımızdan, o cümlədən Zəngilandakı suriyalı qaçqın ermənilərin sayı barədə də sualımızdan “Siz düşmənsiniz, mən isə düşmənlərə informasiya vermirəm” -deyərək yayındı. Yəqin ki, Martirosyanın Zəngilanda kefikök yaşamasının əsas səbəbi də onun Daşnaksütyun tərəfindən maliyyələşdirilməsidir. Ümumiyyətlə, işğal altındakı torpaqlarda digər ermənilərə ideoloji təzyiq vasitəsi kimi məhz daşnakların yerləşdirilməsi barədə faktlar var. Ötən ilki bir yazımızda Zəngilanın keçmiş prokurorluq binasının üzərində də Daşnaksütyun embleminin olduğunu da yazmışdıq. Karen bir dəfə də olsun, Azərbaycanda olmadığını, lakin sovet ordusunda hərbi xidmət zamanı azərbaycanlı dostlarının olduğunu bildirdi.

“Kovsakan” sözünün mənası nədir?

– Bəs Vaqan Martirosyanın Sarkisyan rejimi və Ermənistandakı acınacaqlı iqtisadi vəziyyət haqqında dediklərinə necə yanaşırsız?
– Əlbəttə, Ermənistan hələ İsveçrə deyil. Amma vəziyyət Azərbaycandakından yaxşıdır. Sarkisyana gəldikdə o, qalib bir ordunun ali baş komandanı olduğundan mənim üçün üstündür…
Martirosyan Kövsakan sözünün mənasını belə izah etdi:”… “Kovsakan” ermənicə bakirə, toxunulmaz anlamındadır. “Bəs türkləri düşmən hesab etdiyiniz halda niyə soyadınızda türk mənşəli -ci şəkilçisini işlədirsiz?” sualına cavabında zəngilanlı erməni bu şəkilçinin erməni dilində hansısa məkana məxsusluq mənasında işləndiyini, yəni “kovsakanci”-nin kovsakanlı demək olduğunu bildirdi.
-Belə görünür ki, siz Azərbaycan və Türkiyəyə qarşı düşmənçiliyin, o cümlədən müharibə və terrorun davam etdirilməsinin tərəfdarısız. Bəs inanırmısız ki, Rusiya qoşunları Ermənistandan çıxarıldığı halda erməni ordusu Azərbaycan ordusu qarşısında duruş gətirəcək və siz Zəngilanda rahat yaşamağa davam edəcəksiniz?
-Biz nəinki müdafiə olunacağıq, hətta əks-hücuma keçib Türkiyədəki qədim Kilikiya ərazisindən Araz çayı boyu bütün torpaqlarımızı azad edəcəyik. Və o zaman mən indi Türkiyənin əlində olan Qərbi Ermənistanın Muş çəhərində yaşayacağam. Babalarım oradan gəlmədir…

İranlılar Zəngilana gəlirmi?

-İrandan farslar, yaxud azərbaycanlılar Zəngilana gəlirmi?
-Onların burda nə işi var?..
Sonuncu “Ermənistan Rusiya üçün sadəcə bir əyalət, bir for-postdur” fikri ilə razısınızmı?” sualına isə daşnak erməni “İnsanlar həmişə nəsə deyirlər” kimi qeyri-müəyyən cavab verdi.
Söhbət zamanı məlum oldu ki, Martirosyan və onun kimi daşnakların beyninə Azərbaycan və Türkiyə haqqında bir çox yalanları elə yeridiblər ki, onlara əksini sübut etmək qeyri-mümkündür. Məsələn, o bizlərə “məsləhət” görür:” Çalışın, qalan torpaqlarınızı da uduzmayasınız”. Daşnaksütyunun üzvü bunu belə əsaslandırır ki, guya “talışlar, ləzgilər, avarlar və kürdlər Azərbaycanın qalan torpaqlarını ələ keçirə bilərlər”. Erməniyə bildirdik ki, biz də heç bir talış, ləzgi və s. problemi yoxdu. Azərbaycanda bütün xalqlar mehriban yaşayırlar. Təbii ki, bu fikirlər ermənilərin beyninə Azərbaycanı parçalamaq istəyən güclər, o cümlədən Rusiya və Fransanın şovinist və ermənipərəst dairələri tərəfindən yeridilir…

Sultan Laçın

Həmçinin oxuyun

Maşın bazarında durğunluğun səbəbi nədir? (VİDEO)

Ötən illə müqayisədə avtomobil bazarında durğunluq müşahidə edilir. Bunu avtomobil bazarına üz tutan insanlarn sayından …

Bir cavab yazın