Cümə , Oktyabr 30 2020
Ana səhifə / Sosial / Zəlzələ ciddi dağıntısız ötüşdü – icra hakimiyyətləri isə milyonluq ziyandan danışır

Zəlzələ ciddi dağıntısız ötüşdü – icra hakimiyyətləri isə milyonluq ziyandan danışır

Baş seysmoloq: “Necə olub ki, episentrdə yerləşən seysmik stansiyada adi çat da əmələ gəlməyib, amma ətrafda evlər uçub?”

Noyabrın 15-i gecə saatlarında Azərbaycanın bir neçə rayonunda zəlzələ baş verib. Zəlzələdə ölüm-itim halları olmasa da, bir sıra rayonlarda dağıntılara səbəb olub. Zəlzələ baş verən ərazilərdə yeraltı təkanların davam etdiyini deyən Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişlinin sözlərinə görə, zəlzələdən sonra həmin ərazidə enerji boşalmaları gedir, ona görə yeraltı təkanların olması normaldır: “Episentrdə 30-dan çox avterşok qeydə alınıb. İlk dəfə baş verən güclü zəlzələdən sonra gecə saatlarında bir dəfə 3 bal gücündə zəlzələ hiss olunub.

Digər yeraltı təkanlar zəif olub. Episentrin əvvəlki sakit vəziyyətinə qayıtması üçün enerji boşalmaları davam edəcək. Q.Yetirmişli əlavə edib ki, həmin zəlzələ fəsadlar törədə bilən zəlzələ deyildi: ”Yerin 25 km dərinliyində olan və o gücdə olan zəlzələ dağıdıcı gücə malik deyil. Bizim Ağdamda olan seysmik stansiyamız episentrdə yerləşir. Stansiyada adi çat da əmələ gəlməyib. Normal tikililərdə bu zəlzələ heç bir fəsadlar törədə bilməzdi. Kənd yerində zəif divar, tövlə tikirlər, onlarda çatlar əmələ gələ, lap divar tökülə də bilər. Amma normal tikililər üçün heç bir qorxu yoxdur”.

Q.Yetirmişli Azərbaycanda baş verən zəlzələnin İranda baş vermiş zəlzələ ilə heç bir əlaqəsi olmadığını deyib.

Qeyd edək ki, Ağdamda  zəlzələ nəticəsində bəzi evlər qəzalı vəziyyətə düşüb. Məlumata görə, zəlzələnin təsiri daha çox Bərdə və Tərtər rayonlarında müşahidə edilib. Ağdam Rayon İcra Hakimiyyətindən bildirilib ki, zəlzələ nəticəsində 127 evə və 1 məktəb binasına ziyan dəyib. Tərtər rayon İcra Hakimiyyətindən verilən məlumata görə, zəlzələ rayonun İsmayılbəyli və Evoğlu kəndlərinə daha çox ziyan vurub. Rayon ərazisində 9 evə ziyan dəyib, 3 ev isə dağılıb. Bundan başqa, bir tövlə tamamilə dağılıb və zəlzələ zamanı tövlədə heyvanları yemləyən kənd sakini dağıntılar altında qalaraq xəsarət alıb. Bərdə rayon İcra Hakimiyyətindən isə bildirilib ki, zəlzələ 100-yə yaxın evə ziyan vurub.

Image result for Qurban Yetirmişli

Qeyd edək ki, bir sıra insanlarda bu zəlzələnin korrupsiyaya yol açacağı düşüncəsi var. Bu düşüncəyə səbəb olan amillərdən biri də Q.Yetirmişlinin verdiyi açıqlamadır. Necə olur ki, Ağdamda olan seysmik stansiyada episentrdə yerləşməsinə baxmayaraq adi çat da əmələ gəlməyib, amma evlər uçub?

Xatırladaq ki, bir neçə il bundan öncə Zaqatalada baş verən zəlzələ zamanı ciddi korrupsiya halları olduğu haqda məlumtlar yayılmışdı.

Maraqlıdır, bu zəlzələ də korrupsiyaya yol aça bilərmi?

Image result for Fazil Mustafa

Deputat Fazil Mustafa bildirdi ki, hər şey, hətta yol qəzası, yaxud da uçqun, daşqın, sürüşmə də korrupsiyaya yol aça bilər. Əgər korrupsiya niyyəti varsa, bunun qarşısını almaq mümkün deyil: “İstənilən səviyyədə, hansısa bir formada bunu gerçəkləşdirmək olar. Amma elə məsələ var ki, insanların hansısa bir faciəsi, fəlakəti üzərində hər hansısa bir korrupsiya əməllərini gerçəkləşdirmək istəyən insanların özləri həyatlarında bunun acı nəticələrini görürlər. Bu çox ağır bir şeydir. Bir var ki, durub günün gönorta çağı hansısa bir ümumi əməliyyatlardan, fəaliyyətlərdən korrupsiya elementləri ilə pul qazanasan, bir də var ki, insan faciəsindən yararlanaraq, evləri dağılmış insanların çıxılmaz vəziyyətindən istifadə edərək belə bir addım atasan. Bu o addımı atan insanların həyatında unudulmaz acı izlər buraxır. Ona görə də normal şüuru, düşüncəsi olan hansısa bir məmur bu addıma maraqlı görünməməlidir. Bura döyüş bölgəsidir və burada baş verən hadisələr insanların müəyyən dərəcədə gözü qarşısındadır. Ən azı insanlar fəal olaraq daha normal şəkildə hansısa bir neqativ prosesin qarşısını ala bilər. Ümumi şəkildə hamı bir birinin probleminə eyni qaydada həssaslıq göstərməyə çalışsa, məncə korrupsiyanın özü bu hallarda mümkün ola bilməz”.

Image result for Natiq Cəfərli

İqtisadçı ekspert Natiq Cəfərli isə bildirdi ki, dövlət tərəfindən aparılan və yaxud da maliyyələşdirilən istənilən təmir tikinti işində korrupsiya ola bilər: “Beynəlxalq araşdırmalar, daxildə olan uzun müddətli vəziyyət də göstərir ki, korrupsiya üçün ən münbit şərait təmir-tikinti işləridir. Həm orada işlərin həcminin daha çox göztərilməsi imkanları var, həm materialların alış qiymətinin şişirdilməsi imkanları var. Dövlət orqanları hansı ki, təmir-tikinti ilə məşğul olan və yaxud da sifarişlidirlər şirkətlərlə danışığa gedib əlavə vəsait qəbul edə bilirlər. Amma sırf zəlzələ oldu deyə korrupsiya olacaq demək yanlışdır. Zəlzələ olmayıb başqa bir təbii fəlakət olacaqdısa və təmir-tikinti işləri başlayacaqsa, burada korrupsiya mənbələri yaranacaq. Ona görə də təbii hadisələrdən daha çox dövlət çalışmalıdır ki,  bu cür satın almaların, təmir tikinti işlərinin həyata keçirilməsində şəffaflıq təmin olunsun. Sistem elə qurulmalıdır ki, dövlət tərəfindən maliyyələşdirilən təmir-tikinti işlərində heç bir korrupsiya hallarına yol verilməsin. Əgər zəlzələ hansısa bir rayona zərər yetiribsə, həmin rayonun icra strukturları çalışacaqlar ki, vəziyyəti daha pis təqdim etsinlər və dövlət büdcəsindən daha çox vəsait alsınlar. Nə qədər çox vəsait alırlarsa, bir o qədər çox da onların şəxsi maraqları təmin olunur”.

Həmçinin oxuyun

İş adamı “McDonald’s“la bağlı dəhşətli faktlar AÇIQLADI

“Onsuz da nə mən, nə ailəm, nə də ki yaxın ətrafım gündəmdə olan məşhur fast …