Cümə , Aprel 19 2024
Ana səhifə / Sosial / Yüzlərlə azərbaycanlı Polşaya getmək istəyir… 900 dollar dalınca

Yüzlərlə azərbaycanlı Polşaya getmək istəyir… 900 dollar dalınca

Polşanın məşğulluq agentlikləri təsdiqləyirlər ki, postsovet ölkələrinin, ələlxüsus Azərbaycan vətəndaşlarına hazırda Polşada təxminən 1 milyon vakansiya təklif olunur.

Virtualaz.org-un əməkdaşı Zaur Rəsulzadə ilə söhbətində “EWL” məşğulluq agentliyinin direktoru Anjey Korkus bildirib ki, Polşa postsovet məkanından olan ixtisaslı kadrlar üçün açıqdır.

“Bizdə Polşada işədüzəlmə ilə bağlı Azərbaycandan sorğular var. İldə 500-800 belə müraciət olur, lakin nəzərə alsaq ki, ölkələrimiz arasında vizasız rejim mövcud deyil, biz yalnız çox yüksək ixtisaslı azərbaycanlı mütəxəssislərə işçi vizası zəmanəti verə bilirik. O ki qaldı hazırda təklif edilən fəhlə ixtisaslarına, bunlar toxucular, qaynaqçılar, frez dəzgahı mütəxəssisləri, dəmirçilər və inşaatçılardır. Vergilər çıxılandan sonra belə ixtisaslarda çalışanların orta aylıq əməkhaqqı 1900-2000 zlotıya bərabərdir, bu da 900-1000 dollar edir”, – Korkus deyir.

Bununla bərabər, məşğulluq üzrə mütəxəssis qeyd edir ki, istehsalda məşğul olan, yaxşı texniki vərdişlərə malik işçilərin əməkhaqqı daim artır. Bundan savayı, bir çox şirkətlərdə həvəsləndirici mükafatlar, bonuslar sistemi mövcuddur. Ümumiyyətlə isə, onun sözlərinə görə, Polşada texniki istisaslar üzrə əməkhaqqının səviyyəsi postsovet məkanında olduğundan dəfələrlə yüksəkdir, lakin bu ixtisaslara da kadrları çox böyük həssaslıqla seçirlər – namizəd bir neçə seçim mərhələsindən keçir.

“Əlbəttə ki, sizin yüksək ixtisaslı kadrların müraciətləri dərhal təmin olunur. Polşalı işəgötürənlər işçi vizasının verilməsi üzrə xərcləri ödəyir, konsulluqla bütün məsələləri həll edirlər ki, mütəxəssislər daha tez və pulsuz olaraq iş icazəsi ala bilsinlər. İşəgötürən həmçinin işçiləri və xidmətləri axtarıb tapan vasitəçi şirkətin haqqını ödəməyi öz üzərinə götürür. Biz bütün sənədlər paketini toplayır və onu konsulluğa təqdim edirik”, – Korkus izah edir.

Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Məşğulluq və demoqrafiya departamentinin rəhbəri Elnur Süleymanov bildirir ki, son vaxtlar, həqiqətən, Azərbaycan vətəndaşları Polşaya üz tuturlar. “Azərbaycan açıq ölkədir və mütəxəssislərimiz istənilən dövlətdə özlərinə iş tapa bilərlər”, – o əlavə edib.

Eyni zamanda, “Diplomat ltd Azərbaycan” rekrutinq şirkətinin rəhbəri Konstantin Frenkin iddia edir ki, yaxşı qazanc dalınca qaçan həmvətənlərimiz bəzi hallarda dələduzların toruna düşürlər. “Elə həmin Polşada yüksək ixtisaslı mütəxəssislərimiz istehsalat əvəzinə çiyələk sahələrinə düşürdülər ki, burada hər gün 10 saat çalışmaq lazımdır. Bu isə cəhənnəm əzabıdır. Lakin Polşada iş tapmaq üçün iri məbləğdə pul ödədiklərindən, həmin pulu çıxarmağa məcburdurlar. Bundan başqa, onların orada heç bir hüququ yoxdur və istehsalat zədəsi baş verərsə, onları sadəcə olaraq, küçəyə atırlar. O ki qaldı qaynaqçılara və həkimlərə, elə burada da yaxşı mütəxəssislər təxminən 1000 dollar qazana bilirlər…” – o, əminliklə deyib.

Həmçinin oxuyun

Adı məktəblilərin zəhərlənməsində hallanan şirkət bu dəfə DİM-ə yemək satacaq

Dövlət İmtaham Mərkəzi (DİM) tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “TAİS-İKF” MMC (VÖEN-1400019741) olub.Yeniavaz.com xəbər verir ki, …