Çərşənbə , Oktyabr 16 2019
Ana səhifə / Sosial / Yunuslar Azərbaycana məcburən gətirilə bilər – məhkəmə işi

Yunuslar Azərbaycana məcburən gətirilə bilər – məhkəmə işi

Vəkil: “Çalışacağıq ki, növbəti məhkəməyə qədər gətirilmə ilə bağlı qərarın surətini əldə edək”

Mayın 31-də Bakı Apelyasiya Məhkəməsində Leyla Yunus və həyat yoldaşı Arif Yunusun barəsində çıxarılmış hökmdən verilmiş şikayət üzrə məhkəmə prosesi keçirilib. Məhkəmədə işə baxan hakim Mirpaşa Hüseynov bildirib ki, Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus və həyat yoldaşı, tarixçi-alim Arif Yunusun məhkəməyə məcburi gətirilməsi haqda mayın 17-də çıxarılmış qərar uyğun orqanlara göndərilib. Hələlik nəticəsi yoxdur . O həmçinin bildirib ki, Yunusların məcburi gətirilməsi qərarının nəticəsini daha bir ay gözləyəcək: “Nəticə olmasa, növbəti addım atılacaq” – deyə, hakim bildirib.

Yunusların vəkili Elçin Sadıqov “Yeni Müsavat”a bildirib ki, məhkəmədən məcburi gətirilmə qərarının surətini istəyib, ancaq ala bilməyib:

“Təqsirləndirilən şəxs barəsində olan qərarlar müdafiəçiyə verilməlidir. Əlavə olaraq onu da deyim ki, keçirilən məhkəmə təxirə salındı. Bunun da səbəbi odur ki, polis məcburi gətirmə qərarı ilə bağlı heç bir məlumat verməyib. Növbəti məhkəmə iclası iyulun 3-nə təyin olunub. Çalışacağıq ki, həmin zamana qədər qərarın surətini əldə edək. Əslində biz onların dindirilməsinin elektron qaydada aparılması ilə bağlı vəsatət qaldırmışıq. Müvafiq sosial şəbəkələr vasitəsilə bunu etmək mümkündür. Azərbaycanda da artıq elektron məhkəmələrlə bağlı islahatlar aparılır. Biz hesab edirik ki, məhkəmə bu qərarı tətbiq etməlidir”.

 

Qeyd edək ki, ötən il dekabrın 27-də Ali Məhkəmədə L.Yunus və A.Yunusun işi üzrə Bakı Apelyasiya Məhkəməsinin 9 dekabr 2015-ci il tarixli qərarı ləğv edilib və işə yenidən apelyasiya instansiyasında baxılması qərara alınıb. L.Yunus Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə), 192.2.2-ci (qanunsuz sahibkarlıq, külli miqdarda gəlir əldə etməklə törədildikdə), 213.2.2-ci (vergi ödəməkdən yayınma, külli miqdarda törədildikdə), 320.1-ci (rəsmi sənədləri saxtalaşdırma) maddələri ilə ittiham olunub. A.Yunus isə Cinayət Məcəlləsinin 274 və 178.3.2-ci maddələri ilə ittiham olunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 avqust 2015-ci il tarixli hökmü ilə L.Yunus 8 il 6 ay, A.Yunus isə 7 il müddətinə azadlıqdan məhrum ediliblər.

Həmçinin məhkəmə onların əmlakının müsadirə olunması, bank hesablarındakı vəsaitin alınaraq dövlətin hesabına köçürülməsi haqqında qərar verib. Noyabrın 12-də Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə A.Yunus barəsində həbs-qətimkan tədbiri dəyişdirilib və ondan başqa yerə getməməklə bağlı iltizam alınıb. Dekabrın 9-da isə L.Yunus barəsində seçilmiş həbs-qətimkan tədbiri ləğv edilib, o, 5 il sınaq müddəti təyin olunmaqla məhkəmə zalından şərti azadlığa buraxılıb. Bundan başqa, onun qızının evinə qoyulmuş həbs götürülüb. Həmin məhkəmə qərarından narazı qalan L.Yunus və A.Yunus kasasiya şikayəti veriblər. Onlar barələrində bəraət hökmü çıxarılmasını istəyirlər. 2016-cı il aprel ayında L.Yunus və A.Yunus Azərbaycanı tərk edərək, Hollandiyaya gediblər.

Hazırda Hollandiyada yaşayan Leyla Yunus və həyat yoldaşı o vaxta qədər gəlməsə, növbəti iclasda onların barəsində həbsli axtarış qərarı çıxarıla bilər.

Həmçinin oxuyun

Bakıda ağac budaqları qırılaraq insanların üzərinə düşdü – yaralılar var – FOTO

Yasamal rayonunda bədbəxt hadisə baş verib.  Səhiyyə Nazirliyindən verilən məlumata görə, ağacın budaqları qırılaraq dayanacaqda gözləyən üç nəfər …

Bir cavab yazın