Çərşənbə , Sentyabr 22 2021
Ana səhifə / Sosial / Yüksək vəzifəli məmurlar peyvənd olunubmu? – Açıqlama

Yüksək vəzifəli məmurlar peyvənd olunubmu? – Açıqlama

Azərbaycanda bu ilin yanvarından etibarən koronavirusa qarşı vaksinasiya prosesi aparılır. Yeddi ay keçməsinə baxmayaraq, vaksinin hər iki dozasını əhalinin cəmi 24 faizi alıb. Bununla belə, iyuldan vaksinin üçüncü dozasının vurulması prosesinin başladığı bildirilib.

Rəsmi şəxslər, deputatlar vaksinasiyanın sürətinin aşağı olmasının səbəblərindən danışarkən, əhalini günahlandırırlar.

Operativ Qərargahın son toplantısında Prezidentin köməkçisi Şahmar Mövsümov bildirib ki, peyvəndlər etibarlı və təhlükəsizdir. O vətəndaşları peyvənd olunmaqdan yayınmaqda qınayıb.

Deputat Məlahət İbrahimqızı isə vaksin məsələsində vətəndaşları dövlət qurumlarına deyil, dedi-qodulara inanmaqda suçlayıb və bunu cahillik adlandırıb.

Amma maraqlıdır, keçmiş səhiyyə naziri Oqtay Şirəliyev istisna olmaqla yüksək post sahiblərindən heç biri publika qarşısında vaksin vurdurmayıb. Bəzi sosial şəbəkə istifadəçiləri iddia edirlər ki, onlar təklif olunan yox, daha keyfiyyətli peyvənd vurdururlar. Bəzi iddialara görə isə, onların bir çoxu, ümumiyyətlə, peyvənd olunmurlar. Bu tip müzakirələrdə o da vurğulanır ki, inkişaf etmiş ölkələrlə müqayisədə Azərbaycanda vəzifəli şəxslər belə məlumatları qapalı saxlayırlar.

Azərbaycan Səhiyyə Nazirliyindən “Turan”ın bununla bağlı sualına cavab olaraq bildiriblər ki, ölkənin hər vətəndaşının vaksinasiyası üçün eyni şərait yaradılıb və məhz ölkədə olan dörd növ vaksinlərlə peyvəndlənmə davam etdirilir.

Azərbaycanda, əsasən, Çin istehsalı olan “Sinovac” vaksini tətbiq edilir. Amma “Sputnik” (Rusiya), “Pfizer” (ABŞ, Almaniya) və “Vaxzevria” (İngiltərə, İsveç) peyvəndləri də ölkəyə gətirilib.

Ölkədə tibb sahəsinə cavabdeh qurumlar avqustun 25-də də açıqlayıb ki, son elmi tədqiqatlara əsasən, COVID-19 xəstəliyi əleyhinə hər iki doza vaksin almış bütün tibb işçilərinin, yaşı 60-dan yuxarı olanların və immun sistemi zəif şəxslərin üçüncü doza (buster) ilə peyvəndlənmələri tövsiyə edilir.

Açıqlamada deyilir ki, “buster” (qüvvətləndirici) adlanan üçüncü dozanın ikinci dozadan altı ay keçdikdən sonra vurulması məqsədəuyğun hesab olunur: “Tədqiqatlara görə, qüvvətləndirici doza kimi istənilən vaksin növü istifadə oluna bilər”.

Həmçinin oxuyun

Fərhad Əliyev Qarabağ döyüşçüsünü işdən qovdurub

Qarabağda erməninin nəfəsini kəsənlərin, demə, Sumqayıtda nəfəslərini kəsənlər varmış. Darıxmayın, indi biləcəksiz, söhbət kimdən, nədən …