Ana səhifə / Sosial / Yolpulunun hesablanması üçün sərnişinin nə qədər məsafə qət etdiyi necə müəyyənləşir? – Açıqlama

Yolpulunun hesablanması üçün sərnişinin nə qədər məsafə qət etdiyi necə müəyyənləşir? – Açıqlama

Daha əvvəl xəbər verdiyimiz kimi, aparılan müzakirələrdən sonra ölkə üzrə tarifin yuxarı həddi şəhərdaxili avtobus marşrutlarında 40 qəpik, şəhərətrafı və qəsəbələrarası avtobus marşrutları üzrə məsafədən asılı olaraq 0,40-1,00 manat təsdiq edilib. Şəhərlərarası avtobus marşrutlarında isə tarifin yuxarı həddi 1 kilometr üçün 3 qəpik səviyyəsində müəyyən olunub.
Tarif Şurasının bu qərarından sonra ortaya bəzi suallar çıxıb. Sərnişinlərin harada minib, harada düşməsinə əsasən ödəniş tənzimlənməsi məsələsi vətəndaşlarda müəyyən çaşqınlıq yaradıb.
Həmçinin xarici praktikada sərnişinin nəqliyyat vasitəsinə minəndə də, düşəndə də kart oxutması və getdiyi məsafədən asılı olaraq ondan məbləğ tutulması kimi bir nümunə var. Azərbaycanda isə belə bir sistem olmadığı halda vətəndaşın nə qədər məsafə getdiyi necə müəyyənləşir və ona uyğun ödəniş necə edilir?
Bundan əlavə bəzi marşrutlar hələ də kartla ödəniş sisteminə keçməyib. Nəğd ödəniş üsulu zamanı sərnişinin getdiyi məsafənin kim tərəfindən ölçüləcəyi, ümumi prosesə necə nəzarət olunacağı və tənzimlənəcəyi vətəndaşları maraqlandıran suallardandır.
Bütün bu suallara aydınlıq gətirilməsi məqsədilə Tarif Şurasının tabeliyində fəaliyyət göstərdiyi İqtisadiyyat Nazirliyinə müraciət etdik.
Nazirlikdən Yeniavaz.com-a bildirildi ki, məsafələr və məsafəyə uyğun qiymətlər haqqında məlumat hər bir nəqliyyat vasitəsində daşıyıcı tərəfindən yerləşdirilməlidir:
“Həmin məlumatda qəsəbələrarası dayanacaqların siyahısı və ona uyğun tətbiq ediləcək tariflər öz əksini tapmalıdır.
İstehlakçı ilə xidmət göstərən arasındakı münasibətlər qanunvericiliklə tənzimlənir və bununla bağlı məsələlərə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Bakı şəhərinin inzibati ərazisində avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili sərnişindaşımaya münasibətdə isə Bakı Nəqliyyat Agentliyi baxır.
Belə hallar baş verdiyi zaman aidiyyəti üzrə müraciət olunması tövsiyyə olunur”.

Həmçinin oxuyun

Mənzil bazarında bu evlərə kirayəçi tapılmır

“Mart ayında kirayə mənzil bazarında qiymətlərdə heç bir dəyişiklik baş verməyib. Bu da kirayənişin qıtlığı …