Cümə , Aprel 19 2024
Ana səhifə / Sosial / Yol qatillərini necə cilovlamalı?

Yol qatillərini necə cilovlamalı?

Dünən Siyəzəndə 3 gənc avtomobil qəzasında ölməsəydi, srağagün şəxsən şahidi olduğum, daha dəqiqi, öz başıma gələn bu əhvalatı yazmayacaqdım. Çünki bu kimi olayların hamısını yazası olsaq, gərək ayrıca bir “Yol əhvalatları” rubrikası açaq. Belə şeylər hər gün avtomobilinə oturub yola çıxan sürücülərin başına gəlir – özü də bir neçə dəfə. Necə deyərlər, rutin şeylərdir.

Deməli, srağagün işdən çıxıb el qaydası ilə evə gəlirəm, maşınlar üçün ehtiyat hissələri satılan bazarın yanından Babək prospektinə çıxmışam, görürəm, yolda yüngülvari sıxlıq var, amma sürücülər bir-birinə yol verir, hətta bir-birini yola verirlər: hövsələsi çatıb 3 saniyə gözləmədən yan yollardan əsas magistrala düzəlməyə istəyənlərə şərait yaradırlar, 500 metrdən sonra sağa burulacağı üçün maşını artıq indidən piyada yerişi sürəti ilə sürənlərə siqnal vermirlər və s.

Bir də baxıram ki, arxadan bir boz-bulanıq, kirli sarımtıl rəngli “Jiqulu – 06” gəlir. Buna “gəlir” demək, hesab edin ki, “dayanıb” deməkdir, maşın əməllicə uçur – azı saatda 140 km sürətlə. Düşünürəm ki, əgər bu sürətlə gələn maşın sağa və ya sola sərpitməsə, ən yaxşısı odur ki, aşağı əyilim, üstümdən keçib getsin. Xoşbəxtlikdən, mənə çatmağa 3-5 metr qalmış 06 sağa yönəldi, 1 saniyə tuşumda oldu, sonra yenidən sola, önümə çıxdı. Həmin vaxt mən önümdə gedən avtomobillə aramda, həmişə olduğu kimi, ara məsafəsi saxlamışdım. 06 məhz ora girdi və heç bir saniyə çəkmədi ki, bir də sola, sol yanımla gedən maşının qarşısına çıxdı, orda da hər maşınla toqquşmasına 1 kibrit çöpü məsafəsi qalhaqalda, yenidən bir manevr edib, aradan çıxdı, şütüdü, getdi.

Mat qalmalı iş idi. İnanın ki, məşhur avtopilotlar Şumaxer və ya Alonso eyni vəziyyətdə azı 4-5 maşını becərərdilər.

Bu hadisənin şahidi olan yol-hərəkət iştirakçıları bir balaca həyəcanlandılar, siqnallayanlar oldu. İçi mən qarışıq hamı yüz faiz beynindən “şükür, xətadan sovuşduq” fikri keçirdi. Mən ayrıca onu da düşündüm ki, keşkə, buralarda bir yol polisi olaydı və 06-nı… Heç düşüncəmin “saxlayaydı” hissəsinə keçməmiş, yolun solunda bir DYP maşını göründü, sayrışan işıqları ilə güllə kimi onun ardınca şütüdü. Aydın idi ki, o, həmin avtoxuliqanın ardınca gedir, güman ki, onun yolda çıxardığı hoqqanı görmüşdü.

Biz növbəti işıqfora çatanda gördük ki, yol polisi 06-nı işıqforda haqlayıb, yolun soluna çəkdirib və 20-22 yaşlı, arıq, saqqalı, qara köynəkli, bir suyu meyxanaçı Baləlliyə oxşayan bir cavan özündən iki dəfə yaşlı, köhnə maşınından düşüb, artıq sənədlərini yol polisinə təqdim edir.

Qəza qorxusunun yaratdığı hiddət keçməmişdi, istədim, avtomobili onların yanında saxlayım. Hətta dəli şeytan da dedi ki, düş, o gədənin ağzının üstündən bir şillə çək, de ki, alçaq bu, nə sürüşdür. 1 saniyəyə beş adamı bədbəxt edirdin az qala. Amma yenə hirsimi boğdum, düşündüm ki, maşından düşüb məsələyə müdaxilə etsəm, işverənlik kimi çıxacaq, qalmaqal yaranacaq. Ona görə də sürüb getdim və 100 metrdən sonra peşman oldum. Çünki DYP işçisi ona ən uzağı 3-4 bal, 50-60 manat cərimə yazıb buraxacaq, o da ertəsi gün yola çıxıb eyni cür sürəcək və bir gün zəncirvari qəza törədib, 5-6 adamı bədbəxt edəcək.

Belə gədələr sürücülük hüququndan məhrum edilməlidir. Birmənalı. Onlar potensial qatildirlər. Avtomobili ustalıqla idarə edə bilərlər, amma düşüncələri zaydır və məsuliyyətsizdirlər, etdiklərinin, nəyə bais olacaqlarının fərqində deyillər. Hələ bunların içində sükan arxasına hallı-hallı oturan nəşəxorlar da var.

Beş-altı il qabaq şəhərdə bu cür hərəkət edən çoxlu “Niva” vardı. Qırmızı işıq, qarşı yol, qoşa xətt, dairə, “yol ver” nişanı gözləmədən basıb keçirdilər. Heç kəs onların önüylə maşın sürə bilməzdi, çatıb ötməliydilər. Son vaxtlar o “Niva”lar gözə dəymir. Ya motorları dağılıb, ya da sürücüləri yol qəzalarında qırılıb gediblər. Yaşlaşaraq ağıllananları da ola bilər.

Bu sahədə islahatlara ehtiyac var. Görünür ki, 18-20 (hətta 25) yaşlı gənclərə sürücülük vəsiqəsi vermək olmaz – nə qədər usta sürsələr də. Beynindəki qırışların sayı köynəyindəkindən az olan, bir siqnaldan hövllənən, hər dəqiqə özünü “bomba oğlan” kimi göstərməyə çalışan, “indi gör qaqan nağayrajaq” deyə ölümə gedən cavanlar bir az ağıla-kamala dolduqdan sonra sürücülük etsələr, xalqın başı salamat olar. Musavat.com

Həmçinin oxuyun

Adı məktəblilərin zəhərlənməsində hallanan şirkət bu dəfə DİM-ə yemək satacaq

Dövlət İmtaham Mərkəzi (DİM) tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “TAİS-İKF” MMC (VÖEN-1400019741) olub.Yeniavaz.com xəbər verir ki, …