Cümə , Dekabr 1 2023
Ana səhifə / Sosial / Yevlaxda stomatoloqun polisin təhdidlərinə görə intihar etdiyi bildirilir

Yevlaxda stomatoloqun polisin təhdidlərinə görə intihar etdiyi bildirilir

Yevlaxda 33 yaşlı həkim-stomatoloq Nicat Əjdərli intihar edib.  

Yevlax şəhərinin Nizami prospektində yaşayan və stomatoloq işləyən Nicat Əjdərli oktyabrın 18-də özünü iş kabinetində dəmir məftillə asıb. Stomatoloji kabinet onun yaşadığı evin 1-ci mərtəbəsində yerləşirmiş. 

Nicat Əjdərlinin meyiti ailə üzvləri tərəfindən aşkarlanıb. 

Mərhumun əmisi oğlu Elvin Əjdərli Toplum TV-ə bildirdi ki, Nicat Əjdərlinin intiharına səbəb iş yerindən polis idarəsinə aparılması olub: 

“Dünən polislər gəlib, əmim oğlunu iş yerindən iş yoldaşlarının və pasiyentlərinin yanında “narkomansan” deyib aparıblar. Bu, onun qüruruna toxunub. İntiharına səbəb də budur. Yevlax rayon polis idarəsində 4 saat saxlanılıb. Oradan çıxandan yarım saat sonra, saat 18:00 radələrində kabinetində özünü məftillə asaraq intihar edib. Artıq bir neçə dəfə onu bu cür ittiham ediblər. Əmim oğlunun narkotiklə heç bir əlaqəsi yoxdur. O, rayonda sayıb-seçilən hörmətli insanlardan biri idi”. 

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru Aslan Qiyaslı Toplum TV-ə bildirdi ki, intihar faktı doğrudur, səbəbi isə araşdırılır. A. Qiyaslı məsələ ilə bağlı hazırda Yevlax rayon Prokurorluğunda araşdırma aparıldığını söylədi.

Baş prokurorluq məsələ ilə bağlı Toplum TV-nin sorğusuna cavab verməyib.

Həmçinin oxuyun

Güzəştli ipotekaların yarıdan çoxunu hərbçilər alıb

Bu günə qədər İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə verilmiş güzəştli kreditlərin 53 …