Ana səhifə / Sosial / Yeni tədris ili və işləməyən işıqforlar tıxac “vəd edir” – AÇIQLAMA

Yeni tədris ili və işləməyən işıqforlar tıxac “vəd edir” – AÇIQLAMA

Paytaxt küçələrində səhər və axşam pik saatlarda nəqliyyatın hərəkətində ciddi sıxlıqlar müşahidə edilir. Sıxlıq xüsusilə “20 Yanvar” dairəsi, Üçüncü mikrorayon dairəsi, Heydər Əliyev prospekti, Biləcəri dairəsi və bir sıra ərazilərdə daha çox qeydə alınır. 
Yaranan sıxlığın qarşısını almaq üçün hansı addımlar atılmalıdır?
Moderator.az xəbər verir ki, mövzu ilə bağlı Oxu.Az-ın suallarını Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov cavablandırıb.
O bildirib ki, paytaxt ərazisində müşahidə edilən sıxlığın əsas səbəbi sürücülərin Dövlət Yol Polisi əməkdaşının köməyi olmadan yol hərəkəti qaydalarının tələblərinə uyğun hərəkət etməmələridir. 
V.Əsədov sıxılığın digər səbəbinin yeni tədris ilinin yaxınlaşması ilə əlaqəli olduğunu qeyd edib:
“Bu gün paytaxt ərazisində güclü tıxac müşahidə edilmir. Mərkəzi küçə və prospektlərdə yaranan sıxlıq, əsasən, dairəvi hərəkət olan yollarda, küçələrin kəsişməsində, işıqforlarla tənzimlənən və tənzimlənməyən küçələrdə müşahidə edilir.
Bundan başqa, təhsil müəssisələrinin yerləşdiyi ərazilərə bitişik küçə və yollarda da süni sıxlığın yaranma ehtimalı var. Bunun səbəbi dayanma-durma tələblərinin pozulmasıdır. Baxmayaraq ki, bu təlimatla bağlı hər gün təhsil ocaqlarının yerləşdiyi ərazilərə bitişik küçə və yollarda polis əməkdaşları nəqliyyatın hərəkətinə nəzarət etməyə çalışır, həmin ərazilərdə dayanma-durma tələblərinin pozulması böyük narazılığa səbəb olur.
Bununla bağlı paytaxtın bir neçə küçəsinin, o cümlədən, Səməd Vurğun və Bakıxanov küçələrinin kəsişməsində “sarı tor” çəkilib. Belə ki, tor “Yol hərəkəti haqqında” Qanunun 75-ci maddəsinin 2-ci hissəsinin tələbini əyani şəkildə, görüntülü olaraq sürücüyə çatdırmaq üçündür. Artıq bu tədbirin yollarda nəqliyyatın hərəkətini yaxşı istiqamətə dəyişdiyinin şahidi oluruq. Bu tədbirlərin artırılması planlaşdırılır”.
Tez-tez sıradan çıxan işıqforlar da yollarda yaranan sıxlığın səbəblərindən biridir. DYP sözçüsü belə hallarda sürücülərin yolun sağ istiqamətindən gələn nəqliyyat vasitəsinə üstünlük verməklə hərəkətə davam etməli olduqlarını deyib:
“Olmamalıdır, amma texniki nasazlıq səbəbindən bəzən belə hallar müşahidə edilir. Amma qısa zamanda yaranan texniki nasazlıq aradan qaldırılır. Bunu faciəyə çevirmək lazım deyil. Sürücülər həmin ərazidə qoyulan yol nişanlarına uyğun şəkildə hərkətlərini davam etdirməlidirlər.
Bu kimi məqamlar sürücüləri çaşdırmasın. Əgər həmin yolda hərəkəti nizamlayan yol nişanları yoxdursa, yolun sağ tərəfi ilə hərəkət edən nəqliyyat vasitəsinə üstünlük verməklə, yola davam etməlidirlər. Əgər yol kəsişmələrində sıxlıq və ya tıxac yaranıbsa, sürücü hərəkət edərkən kəsişmənin ortasında qalmamaq üçün işıqforun tələbindən asılı olmayaraq, yolayrıcına girməməlidir”.

Həmçinin oxuyun

“Vəziyyətimiz acınacaqlıdır, Kəlbəcərə qayıtmaq istəyirik, adımızı siyahıya salmırlar”

Kəlbəcərin Ağdaban kəndindən olan Sadiq Məmmədov deyir ki, 30 ildən çoxdur qazı, şəraiti olmayan yataqxanada …