Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Sosial / Yeni nazirin övladına sevgisi, yoxsa Azərbaycana nifrəti qalib gələcək? – Zahid Oruc yazır

Yeni nazirin övladına sevgisi, yoxsa Azərbaycana nifrəti qalib gələcək? – Zahid Oruc yazır

İndi əminliklə demək olar ki, 4 günlük müharibə olmadan Ermənistan hökumətinin və şəxsən prezident Sarkisyanın gələcəyini proqnozlaşdırmaq mümkün deyildi. Belə çıxır ki, uzun on illər ərzində hərbi status-kvonun saxlanması öz növbəsində siyasi hakimiyyət sahiblərinə çevrilmiş voinşinanın da ayaqda qalmasına kömək edirmiş.
 
Azərbaycanda ordu quruculuğu torpaq itkiləri, işğal reallığı və keçmiş sovet hərbi sisteminin mirasından tədricən xilas olmağa edilən cəhdlər hesabına demək olar ki, bütün müstəqillik illərində getmişdi. İndi Vihen Sarksiyanın Ermənistanda yeni müdafiə nazirinə çevrilməsi sübut edir ki, düşmən tərəfi “qalibiyyət sindromu”ndan xilas olaraq real quruculuq işlərinə faktiki olaraq yalnız indi başlamaq niyyətindədir.
Tərcümeyi-halına görə yeni nazir antütürk və antiazərbaycanlı ideologiyası ilə silahlansa da gerçək şəkildə o, heç vaxt öz sələfləri kimi səngərdə azərbaycanlı qanını tökməyib. Baxmayaraq ki, bütün həyatı boyu soyqırım epidemiyasından əziyyət çəkən və Qarabağ xalqının azadlığı uğrunda mübarizəni ən çox körükləyənləyənlərdən biri də məhz indiki nazir olub. Bununla belə onun siyasi səngərdən kənarda bizə qarşı tuşlanan avtomat lüləsi ilə bəzədilmiş şəklini görən olmayıb. İndi özünüz nəticə çıxarın – Qarabağdan kənarda hakimiyyətə gələn qüvvələri “sülh göyərçinləri” adlandırmaq olarmı?
Əslində aprel ayı Ermənistanda bütün hərbi və siyasi komandanın atəşkəs dövrü ərzində ən böyük sınağı olduğundan heç kəsə sirr deyildi ki, cəbhə xəttindəki ən kiçik yerdəyişmələr total kadr dəyişiklikləri baxımından təsirsiz ötüşməyəcək. Ekspertlər haqlı olaraq Ermənistandakı həmin böhranı 90-cı illər Azərbaycanı ilə eyniləşdirir, xalqın qəzəbi qarşısında köhnə qəhrəmanların hesab verməli olduqlarını deyirdilər. Onda Sarkisyan bütün ictimai nazarılıqları Rusiya siyasi elitası əleyhinə yönəldərək itirilən torpaqların günahını başqalarının üstünə yazmağı bacarmışdı. Həqiqətən, meydanlara çıxanlar “rus silahı”ndan öldürülmələrini qəbul etməyərək, ötən yüz ildə onları bir xalq kimi qoruyan dövlətə qarşı genişmiqyaslı aksiyalara əl atmışdılar və müttəfiqlik sazişinin onları qorumadığını görüb Moskva ilə izdivaca son qoyacaqlarını bəyan etmişdilər. Sarkisyan elə həmin vaxtlar bir neçə generalın başını milli etirazlara qurban verərək özünü edamdan qorumuşdu, lakin artıq heç kəsə sirr deyildi ki, uzun illər ərzində “Qafqazın məğlubedilməz ordusu” adı altında özünü təqdimedən və hər cür triumflara qadir olduğunu nümayiş etdirən ordu qəfil zərbədən yıxılıb və onu ayağa qaldırmaq üçün İrəvana mütləq “İskəndər”raketlərini yerləşdirmək lazımdır.
Yoxsa, onsuz da monomillətliyini sürdürən bir ölkə titullu xalq olmaqdan çıxıb diaspora şəklində mövcudluğuna davam edəcək.
Sarkisyan özünü orduda külli miqdarda yeyintilərdən kənar tutmaq üçün son 5 ayda Qarabağa səfərlərini Ermənistanın istənilən bölgəsinə ziyarətlərdən daha çox artırmış, keçmişdəki hərbi mundiri ilə xalqın yaddaşındakı obrazına xidmət etməkdən başqa çarə tapmamışdı. Lakin Azərbaycanla müharibə bitən kimi son 20 ildə Ermənsitan dövlətini sözün gerçək mənasında basıb yeyən bu qüvvələr bütün erməniçiliyə ən böyük zərbələri vurmağı da bacarmışdılar. İndi nəinki ordu, eləcə də təhsil, səhiyyə və sosial problemlər müstəqilliyin 25-ci ilində özünün apogeyinə çatıb.
Azərbaycanda ordu rəhbərliyində 3 il əvvəlki dəyişikliklərə qarşı yenə də ayağı protezli Ohanyan vasitəsilə çıxan Sarkisyan indi nədən Qarabağ müharibəsindəki səngər yoldaşlarını qurban verir? Axı generalların rütbəsini və başını üzməklə məsuliyyətdən tamamilə qaçmaq mümkün deyil. 
Son konstitusiya dəyişikliyi sayəsində onsuz da daxili demokratiyadan məhrum olan bir ölkədə parlamentli respublika modeli hazırkı idarəçilik üçün köhnə komandaya sonsuza qədər iqdidarda qalmağa imkan verir. Faktiki olaraq, yeni hökumət quran Sarksiyan orduda ona qarşı yetişən müxalifəti görməyə bilməzdi. Keçmiş veteranlar-döyüşçülər Səfilyanın timsalında polis idarəsinin binasını elə-belə ələ keçirməmişdilər. Lakin kəşfiyyat məlumatları prezidenti o qənaətə gətirirdi ki, Ali Baş Komandan kimi Sarkisyana qarşı silahlı mübarizə baş qaldırsa,ordu onun tərəfində durmayacaq. Çünki Ohanyan hazırki idarəçiliyin korrupsioner mahiyyətini özündə əks etdirirdi və prezidentin müdafiə nazirini günahlandırmağa mənəvi haqqı yox idi.
İndi Sarksiyan cəmiyyətdə onun kölgəsi adlandırılan bir adamı – Vihen Sarksiyanı Azərbaycana qarşı nazir təyin edir. Bəli, sonuncu ifadələr tamam yerindədir, çünki daha çox dövlət quruculuğu və beynəlxalq münasibətlər üzrə ixtisaslaşmış bir adam müharibə vəziyyətində olan bir ölkənin silahlı qüvvələrinə rəhbər gətirilərkən nəzərə alınan ən mühüm amil Qarabağdır. Bununla belə, 4 günlük maharibədən sonra uğursuzluğun bütün erməni cəmiyyətində hüzn və çıxılmazlıq xofunu yaratdığı günlərdə məsələn, Vitaliy Balasanyanın “yüz minlərlə azərbaycanlını məhv edə biləcəkləri” bəyatını verməsi gələcək təyinatlarda məhz “qırğı”ların qalib gələcəyini deməyə əsas verirdi. Xatırladaq ki, Qarabağ ordusunda “nazir müavin”inə çevrilən və Şuşada doğulmuş sözügedən general siyasi iddialarına görə-parlament seçkilərində fəal iştirakına baxmayaraq, Azərbaycan üzərində tam və hərtərəfli qələbəni bilən amansız sərkərdə obrazına işləməklə hansı vəzifəni hədəflədiyini görmək o qədər də çətin deyildi. Balasanyan son illər mediaya yetərincə sərmayə qoyur, erməni cəmiyyətində geniş təbliğ olunurdu. Lakin Sarksiyanın hesabı başqaydı və o, ön cəbhədəki yerdəyişmələrlə Qarabağ klanını təzədən hakimiyyətə qaytarmağın təhlükəsini yaxşı bilirdi. Söhbət prezidentin özünün taleyindən gedəndə başqa hesablar bir qırağa atılır.
Doğrudur, Qarabağda qan tökmüş və rütbələrini-sinələrini azərbaycanlıların qətli hesabına orden-medallarla bəzəmiş ordu üçün son təyinatı-əslində siyasi qərarı həzm elətdirmək o qədər də asan olmayacaq. Bəli, Vihen prezidentə qarşı çox etibarlıdır və birinci şəxs də indi sədaqət sindromundan əziyyət çəkir, ona görə də qüvvələr nisbətini öz xeyrinə dəyişmək üçün bütün müxalif partiya və hökumətiçi qruplaşmalardan daha çox imkana malikdir. Lakin bunlar Azərbaycan qarşısında döyüşü udmaq üçün yetəlidirmi?
Erməni rəhbər son təyinatında ABŞ amilini də nəzərdən qaçırmayıb. Vihen Sarksiyan prezident Administrasiya rəhbəri olana qədər özünün daim irəliyə gedən zəngin keryerasında Birləşmiş Ştatların Taft Universitetində Fletçer Məktəbində hüquq və diplomatiya üzrə doktorluq təhsilini davam etdirib.Görünür, NATO sistemi ilə əməkdaşlıq qarşıdakı dövrdə erməni silahlı qüvvələrinin strateji xətlərindən biri olmalıdır. Lakin bütün silah arsenalı və hərbi-texnologiyası, həmçinin, təlim və taktiki planları Moskvaya tabe etdirlmiş bir ölkənin mülki diplomatiya generalını hətta Şimali Atlantika görəvlisi ilə əvəz etsən, hansı nəticəni almaq olar?
Ən başçlıcası, Ermənistanda son hərbi-siyasi dəyişiliklərin Azərbaycana məğlubiyyətin nəticəsində baş verməsidir. Daha dəqiqi, yeni hökuməti aprel uğursuluğuna cavab reaksiyası saymaq olar. Deməli, kokofoniya üslubunda birinci olmaq nəticələrini verir. Amma vaxt vardı ki, itirlən növbəti rayonumuzun cəmiyyətdə doğurduğu ağır mənəvi-psixoloji depressiya fonunda biz yeni müdafiə nazirinə layiq görülürdük. Həmin vaxtlar Azərbycanın Ermənistan tərəfindən idarə oldundğunu kimsə iddia etsəydi, tamam haqlı görünərdi. Yoxsa, Rəhim Qaziyevin inşaat mühəndisliyi bir millətin səngər qazmaçılığından o yana yaramayacağı halda o, birdən-birə bütün generalların və əskərlərin cəsədlərini ayaqlayaraq, Azərbaycan Ordusunun başına çıxa bilərdimi? Gerçəkdən, bir fizikin hərbi rütbəsini indi xatırlayan kimsə varmı?
Vihen Sarksiyan Azərbaycanın aprel qalibiyyətini Ermənistanda növbəti dəfə təsdiq edən bir əməliyyatdır. 25 ildir Qarabağ ordusunun bizimlə savaşda yeganə qüvvə olduğunu deyən erməni siyasətçiləri “dörd günlük savaş”dakı yüzlərlə itkilərini Şuşada və Xankəndində deyil, Eçmiədzində yuyub basdıranda dəfn mərasimlərinə qatılan ordu rəhbərliyinin keşişlərin arxasında gizlənməsinin mümkün olmayacağını göstərirdilər.
Adama deyərlər, əgər Azərbaycanın kiçik bir əyaləti-Qarabağ diyarı ona qarşı üsyana qalxıbsa, son altı ayda İrəvandakı ermənilərin siyasi və hərbi rəhbərliyinin qırğınının buaraya nə dəxli var?
Deməli, Sarkisyan yeni müharibəyə qərar verir. Bir ölkə getdikcə daha çox sarkisyanlaşır. Prezident və müdafiə naziri təkcə eyni soyadı deyil, oxşar siyasi və hərbi taleyi seçirlər. Söhbət Azərbaycanla sürətlə silahlanma yarışına girməkdən gedir. Baxin, Ağdama gətirilən yeni texnikaları, ön cəbhədəki artilleriya qurğuları və yeni kəşfiyyat sistemləri yüz milyonlara dollara başa gələn yeni avantüranın nəticəsidir. Erməni xalqının boğazından kəsib silaha xərcləyən və onu milli inkişafını səngərdə-tankın-topun üstündə görən bir elita öz millətinin əsil qəbirqazanına çevrilir.
Bəli, Ohanyan getdi. O, Qarabağ müharibəsindən bir ayaqla çıxmışdı.Vihenin hər iki ayağı isə hələ ki, üstündədir. Lakin onun təmsil etdiyi dövlət Ohanyanın durumuna çox oxşayır.
İkinci Qarabağ savaşı qaçılmaz olarsa, Sarkisyanın hər iki ayağını itirməyəcəyinə heç kəs zəmanət verə bilməz. Yeni nazir vaxtilə gənc soydaşları qarşısında diplomat kimi çıxış edərkən İsrailin keçmiş baş naziri Qolda Meerdən sitat gətirməyi xoşlayırdı.
 
Suriya və İraqda hazırkı ağır müharibələrə qərq olan bir məkan vaxtilə fələstin-yəhudi savaşından əziyyət çəkərkən Meer deyirmiş ki, Yaxın Şərqə sülh o vaxt gələcək ki, ərəblər yəhudilərə nifrət etməkdən çox, öz balalarını sevməyi üstün tutacaqlar. İndi apokalipsis yeni erməni naziri qarşısında eyni sualı qoyur: Vihenin öz övladlarına sevgisi, azərbaycanlılara nifrətindən çox olmayacaq ki?

Həmçinin oxuyun

Pensiya, maaş və müavinətlər yenidən artırılır

Cari ilin yanvar ayında ölkədə əmək pensiyaları artırılsa da, maaş və əlilliklə bağlı müavinətlər olduğu …

Bir cavab yazın