Şənbə , Dekabr 5 2020
Ana səhifə / Sosial / Yeni ildə qar yağacaqmı…

Yeni ildə qar yağacaqmı…

Gülşad Məmmədova: “Bu barədə bayrama 2-3 gün qalmış məlumatlı olacağıq”

Əksər insanlar soyuq qış havasını sevməsələr də, demək olar ki, hamı dekabrın 31-də qar yağmağını, Yeni ilə əsl qış ab-havası ilə girməyi xəyal edir. Ancaq hazırda davam edən hava şəraiti, deyəsən, insanların bu arzusunu ürəyində qoyacaq. Bir qisim vətəndaşlar qarın ölkəmizə yaraşmadığını, hər tərəfin su, palçıq içərisində qaldığını desələr də, bir çoxları qar yağarsa, havanın təmizlənəcəyini, mikrobların öləcəyini düşünürlər.

Hazırda yayılan qrip virusunun havaların fəslə uyğun keçmədiyi səbəbindən baş verdiyini deyənlər də var. Amma bu da mübahisəlidir: məsələn, Rusiyanın Sibir bölgəsində ilin az qala 6 ayını qar, şaxta olur, amma ora qrip virusunun ən çox yayıldığı bölgələrdən biridir…

Maraqlıdır, ümumiyyətlə, əsl qış havasını nə vaxt görəcəyik? Yeni ili qarlı hava ilə qarşılaya biləcəyikmi?

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirdi ki, Yeni il günü qar yağıb yağmayacağını demək hələ tezdir: “Yeni ilə 2-3 gün qalmış bu barədə məlumatlı olacağıq. Hər kəs Yeni ilə qarlı hava ilə girib girməyəcəyimizlə maraqlanır. Ancaq hələ ki bu barədə nəsə demək çox tezdir. Amma ümumi olaraq dekabr ayını xarakterizə etsək deyə bilərik ki, bu ayda havanın temperaturunun iqlim normasına yaxın, bir qədər də yuxarı olacağı gözlənilir. Yaxın 2-3 gün ərzində də ölkə ərazisində hava şəraitində mühüm bir dəyişiklik olmayacaq. Bölgələrimizdə də gün ərzində havanın yağmursuz keçəcəyi gözlənilir. Lakin bəzi şərq rayonlarında çiskin, yağış yağacağı ehtimal olunur. Temperatur rejimində mühüm bir dəyişiklik gözləmirik. Bakı və Abşeron yarımadasına gəldikdə isə paytaxtımızda daha çox buludlu hava şəraiti üstünlük təşkil edəcək. Lakin bəzi yerlərdə, əsasən də səhər və axşam saatlarında yağış yağacağı ehtimal olunur. Havanın temperaturunda mühüm bir dəyişiklik olmayacaq və 9-12 dərəcə arasında dəyişəcək. Bölgələrimizdə 8-13, dağlıq ərazilərdə isə 4-9 dərəcə isti olacaq”.

Image result for Gülşad Məmmədova

Məmmədova indi hava mülayim olsa da, dekabrın əvvəllərində hava şəraitinin qeyri-sabit keçdiyini xatırlatdı: “Bəzi yerlərdə yağış, əsasən də dağlıq və dağətəyi rayonlarda qar yağmışdı. Yağan qar nəticəsində qar örtüyünün hündürlüyü də əmələ gəlmişdi. Lakin bir neçə gündür və yaxın iki üç gün ərzində də hava şəraitində bir dəyişiklik gözlənilmir. Ötən illərin dekabr aylarını xarakterizə etsək görərik ki, ayrı-ayrı illərdə dekabr ayında qarın yağması da müşahidə edilib. Hətta bəzi illərdə güclü qar yağması halı da olub”.

Həmçinin oxuyun

Erməni terroru nəticəsində həlak olanlara şəhid statusu verildi

Vətən Müharibəsi zamanı erməni terroru nəticəsində həlak olan 94 mülki şəxsə şəhid statusu verilib. Əmək …