Şənbə , Mart 2 2024
Ana səhifə / Sosial / Yeni il süfrəmiz bizə neçəyə başa gələcək?

Yeni il süfrəmiz bizə neçəyə başa gələcək?

“Əsas problem ölkədəki topdansatış mərkəzlərindədir”

Azərbaycan Yeni ilə hazırlaşır. Artıq 2024-cü ilin gəlişinə bir həftə qalıb. Əhali bayram hazırlıqlarına başlayıb. Hər il bayramqabağı ərzaq və meyvə-tərəvəzin qiymətlərində müəyyən dəyişikliklər olur, bəzi işbazlar süni qiymət artımı yaradırlar. Amma ölkədə süni bahalaşmanın qarşısını almaq üçün  lazımi tədbirlər görülür, qiymətlərə nəzarət gücləndirilir. Bir neçə ildir bayram ərəfəsində süni bahalaşmanın qarşısının alınması üçün paytaxtın müxtəlif ərazilərində “Kənddən şəhərə” yarmarkaları təşkil olunur. Bu il də Kənd Təsərrüfatı Nazirliyi bu cür bayram yarmarkaları təşkil edib. 30 dekabra qədər davam edəcək yarmarkalarda əvvəlcədən qeydiyyatdan keçmiş 42 regiondan 80-dən artıq fermer iştirak edir, hansı ki, onlar da 100-ə yaxın çeşiddə kənd təsərrüfatı və qida məhsullarının satışını həyata keçirirlər. Bu da bəzi fürsətcil işbazların süni qiymət artımı yaratmasının qarşısını demək olar ki alır. 

Bazarlarda bayram bahalaşması

Bayram qiymətləri ilə bağlı Bakının “8-ci kilometr” bazarında qiymətlərlə maraqlandıq. Alıcı sayı əvvəlki günlərə nisbətən, qismən artıb. Bu da bayramla əlaqədardır. Bəs bazarda qiymətlər necədir? 

Bayram ərəfəsi olduğundan bazarda müəyyən qiymət artımı müşahidə olunur. Ötən ilin müvafiq dövrü ilə müəyyən miqdarda qiymət fərqi var. 

Məsələn, bazarda meyvələrdən almanın kiloqramı 70 qəpikdən 2 manat 50 qəpiyə dəyişir. Təbii ki bu qiymət almanın sortu və keyfiyyətindən asılıdır. Həmçinin, armudun 1 kiloqramı 1,50- 2,50 manata, banan 2,5-3 manat, mandarin 1.5-2.5 manat, üzüm 2 manatdır. Bu meyvələrin qiymətində ötən illə müqayisədə qismən artım var. 

Bazarda 1 kq kartofun qiyməti 70 qəpikdən başlayaraq 1 manat 30 qəpiyə qədər dəyişsə də,  soğanın qiyməti 60 qəpikdən 80 qəpik arasındadır. 

Ötən illə müqayisədə bu il pomidor və xiyarın qiymətində dəyişiklik olub. 1 kq pomidor ötən il 1,20-2 manat idisə, hazırda bu məhsulun qiyməti 2 manatdan 5 manat 50 qəpiyə qədərdir. 1 kq nar 0,50-1,5 manat, 1 kq heyva 0,50-0,70 manat, 1 kq qoz ləpəsi 10-16 manat, 1 kq fındıq ləpəsi 12-18 manat, 1 kq şabalıd 8-10 manatdır.

Ötən illə müqayisədə ətin də qiyməti bahalaşıb. Amma bu, bayrama görə deyil. Ötən il 1 kq dana əti 11-12 manat idisə, bu ilin əvvəlindən  bu qiymət 13-14.50 manat arasında dəyişir. Qoyun ətinin kolqramı isə 16 manata satılır.

Bazarda rast gəldiyimiz hind quşu və toyuqların da qiyməti dəyişir. Hind quşu ətinin 1 kiloqramı 16-18 manat, toyuq əti isə 7-9 manatdır. 

Yeni il gecəsinə görə bir ailə nə qədər xərcləməlidir?

Belə olan halda, bir Azərbaycan ailəsi üçün Yeni il süfrəsi neçəyə başa gəlir?

Natiq Cəfərli: “Vəziyyət qəlizləşir, tarixi diplomatik-hərbi  “Çanaqqalamıza” hazır olmalıyıq...” Pravda.az

Natiq Cəfərli

Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan iqtisadi ekspert Natiq Cəfərli bildirdi ki, əslində 4 nəfərlik orta statistik ailənin bir tək Yeni il gecəsi məsrəflərini hesablamaq mümkündür: “Sadəcə bayram günlərinin bir-neçə gün olduğunu nəzərə alsaq, bu bir az çətin məsələdir. Adət-ənənəyə görə, azərbaycanlı ailələr bayram günləri bir-birinə qonaq gəlir. Qonaq qarşılayan ailə yenidən Yeni il süfrəsi açır. Ona görə də, Yeni il süfrəsini bir gün üçün hesablamaq doğru deyil. Bir ailənin yalnız bir günü-Yeni il gecəsi 170-200 manat civarındadır. Bu ən aşağı hesablamadır. Yemək, meyvə, içkiləri nəzərə alsaq, minimal xərc bu qədər demək olar. Amma bayram günləri bir deyil, bir-neçə gün davam edir. Ona görə də, Azərbaycanda bir ailəyə Yeni il bayramı ən azı 500 manata başa gəlir ki, bu da kifayət qədər ciddi bir məbləğdir”.

Qiymətlər niyə ucuzlaşmır?

Ekspert deyir ki, bəzi ölkələrdən fərqli olaraq Azərbaycanda bayramqabağı qiymət endirimi olmur: “Başqa ölkələrdə bu proses ənənəyə çevrilsə də, Azərbaycanda belə deyil. Bunun əsas səbəbi isə tələbin artmasıdır. Təbii ki Azərbaycanda bayram günlərindən öncə tələb artdığından təklif də yerində qalır. Bu da qiymət artımı ilə müşahidə olunur. Burda əsas problem pərakəndə satışçılar deyil. Nədənsə aidiyyəti qurumlar həmin ərəfədə pərakəndə satış yerlərində monitorinq aparır, bu da düzgün deyil. Çünki Azərbaycanda pərakəndə satışda problem yoxdur. Ölkədə 10 minlərlə ticarət məntəqələri var. Təkcə Bakı şəhərində 18-20 minə yaxın ticarət məntəqəsi, dükanlar var. Əsas problem ölkədəki topdansatış mərkəzlərindədir. Bu işlə məşğul olan şirkətlərin sayının az olması, ölkəyə mal gətirən şirkətləırin kifayət qədər sayda olmaması bu sahədə bahalaşmaya səbəb olur. Topdan satış şirkətlərin sayı az olduğundan həmin şirkətlər bazarda qiymətləıri diqtə edə bilir. Qanunvericilik də imkan verir ki, aidiyyəti qurumlar onlara nəzarət etsin. Antiinhisar qurumları kiçik marketlərdə deyil, topdansatış məntəqələrində monitorinq keçirməli, qiymət diqtəsinə imkan verməməlidir. Amma təəssüf ki, biz Azərbaycanda bunu görmürük. Aidiyyəti qurumlar kiçik və orta dükanlarda reyd keçirir, bunun qanunvericiliklə də əsası yoxdur. Çünki pərakəndə satışda dövlətin qiymət təyin etmək hüququ yoxdur. Dövlət bu mağazalardan yalnız vaxtında vergini tələb edə bilər. Dövlət orqanları pərakəndə qiymətə qarışa bilməz. Bu qurumlar yalnız topdansatış şirkətlərdə qiymətə müdaxilə edə bilər. Qanunvericilikdə yazılıb ki, hansısa bir mal növü üzrə bazarın 30 faizdən artığına nəzarət edən şirkət varsa, o zaman antiinhisar qanunvericiliyi işə düşür və qiyməti təyin etmək imkanı yaranır. Amma bizdə qanunvericiliyin bu istiqamətindən istifadə olunmur”. 

Həmçinin oxuyun

Elza dəmir yığaraq 4 uşağı ilə dolanmağa çalışır

Elza Məmmədova 1 ildir ki, xərçəng xəstəliyindən əziyyət çəkir. Balaxanının qazı olmayan, şəraitsiz məhəlləsində yaşayan …