Şənbə , Dekabr 10 2022
Ana səhifə / Sosial / Yeni il gəlməyib, hotellərdə 1 gecə 400 manatdır

Yeni il gəlməyib, hotellərdə 1 gecə 400 manatdır

Yeni ildə Azərbaycan vətəndaşları dincəlmək üçün əsasən regionlarımıza üz tuturlar. Qarşıdan Yeni il gəlir. Yerli turistlər Yeni ildə əsasən şimal bölgələrinə səfər etməyi daha çox üstün tutur, əsasən Quba, Qusar, Şəki, Qax, Zaqatala, Balakən rayonlarına üz tuturlar. Həmin bölgələrdə bayram günləri hotellərdə doluluq səviyyəsi yüksək olur. Bunun da əsas səbəbi quru sərhədlərin bağlı olmasıdır. Belə ki, azbüdcəli turistlərimiz pandemiyadan qabaq avtobuslardan istifadə edərək Gürcüstana, Rusiyaya, Türkiyəyə dincəlməyə gedə bilirdi. Hazırda quru sərhədləri bağlı olduğundan həmin turistlər ölkə daxilində istirahət etməyə üstünlük verirlər.

Məlumata görə, hazırda Quba, Qusar bölgəsində yerləşən beşulduzlu hotellərdə 30 dekabrdan 3 yanvara qədər olan qiymətlər bir nəfər üçün günü 400 manatadək dəyişir. Səki, Qax, Zaqatala, Balakən bölgəsində isə qiymətlər 200-250 manat, dördulduzlu hotellərdə isə 100-150 manat arasında dəyişir. Qəbələdə beşulduzlu hotellərdə qiymətlər 250-400 manat, dördulduzlular isə 150-250 manat arası dəyişir. Cənub bölgəsində beşulduzlu hotellər Yeni ildə 150-200 manat, dördulduzlular isə 70-150 manat aralığındadır. Ekspertlər bu qiymətlərin artacağını da istisna etmir.

 “Şahdağ”, “Tufandağ” və “Ağbulaq” turizm mərkəzlərində lazımi infrastrukturlar qurulsa da, qiymətlər bahadır. Belə ki, xizək mərkəzlərinin ətraf ərazilərindəki əyləncələrdən istifadə, hotellərdə gecələmək bir çox halda yerli vətəndaşların büdcəsinə uyğun olmur.

Misal üçün, Qəbələdə yerləşən böyük qış istirahət kompleksindən biri “Tufandağ”da kanat və xizək kimi digər əyləncə mərkəzlərinin qiymətlərinə baxaq. Burada avtoxizək turu – 45 manat, qarda tübinq 1 nəfər üçün – 10 manat, dağ yelləncəyi böyüklər üçün 20 manat, balacalar üçün 15 manatdır.  14 yaş minimal yaş həddidir. Paraplanla uçmaq üçün isə 120 manat ödəməlisən. Trekkinq 40 manat, kvadrosikl turları 40 manatdır.

Turistlərin üz tutduğu qış istirahət əyləncə mərkəzlərindən biri də “Şahdağ” istirahət və əyləncə kompleksidir. Burada müxtəlif növ xizək və snowboard xidmətləri təklif olunur. Qiymətlər isə belədir: Kanat yolları böyüklər üçün (lift) 5-15 manat, uşaqlar üçün (lift) 5-10 manatdır. Xizək turu üçün avadanlıqların icarəsi tam günlük 34 manat, yarım gün 28 manata başa gəlir. Tam avadanlıq (Xizək paketi, təhlükəsizlik paketi, bələdçi) tam gün 264 manat, yarım gün 150 manatdır. Kanatın bir ucundan digər ucuna kimi havada hərəkət etmək üçün isə 18 manat ödəmək lazımdır. Avtoxizəkdə 1 nəfər – 45 manat, 2 nəfər – 60 manat ödəməlidir. Qar ayaqqabıları və gəzinti çubuqları  23-35 manat arasında dəyişir.

Göründüyü kimi, qiymətlər yüksəkdir, bura qida xərcləri də əlavə edildikdə xeyli maddi vəsait tələb olunur. Qeyd edək ki, bunlar ilin əvvəlində müəyyənləşmiş qiymətlərdir. Yeni il ərəfəsində qiymətlərin artacağı istisna edilmir. 

Turizmplus.az - Azərbaycan Turizm Xəbərləri. Dünyada turizm xəbərləri.

Ceyhun Aşurov

Turizm eksperti Ceyhun Aşurov mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, qış mövsümü yaxınlaşır və qış turizmi ilə əlaqədar olaraq bizdə müəyyən təsisatlar vardır: “Kifayət qədər yüksək səviyyədə dünya standartlarına cavab verəcək qış turizm təsisatları yaradılıb. “Tufandağ”, “Şahdağ”, “Ağbulaq” turizm mərkəzlərinin bu mövsümdə xüsusən qeyri-iş günləri, bayram günlərində dolu olacağı ehtimal olunur. Hər il olduğu kimi, burada tələbat yüksək görünür. Bəli, xizək, sürüşmə, qışda olan bu əyləncə növlərindən istifadə etmə məkanlarının sayı məhduddur. Nəzərə alsaq ki, orada qonaq həm də gecələməlidir, həmin hotellərdə qalmalıdır. Bu çox baha başa gəlir. Lakin son dövrlər biz də görürük ki, bu tələbata görə həmin ərazilərin ətrafında yeni hotellər tikilir. Nisbətən daha uyğun qiymətə evlər var, onlar icarəyə verilir ki, bunların da qiymətləri həmin beşulduzlu hotellərin qiymətlərindən aşağıdır. Amma bunun həlli yolu daha çox bazarda təklifin olmasıdır. Əhalinin seçim imkanları, alternativlər nə qədər çox olarsa, o qədər əlçatan və əlverişli qiymətə istirahətlərini təmin edə bilərlər”.

Ekspert qiymətlərin baha olması ilə bağlı verilən sualı belə cavablayıb: “Ümumiyyətlə, bütün dünyada qiymətlər artıb. Xüsusən beynəlxalq səyahətlərin qiymətləri turizm bazarında 40-50 faizə qədər qalxıb. İstər ərzaq bahalaşması, istər geosiyasi, iqtisadi sferada baş verən hadisələr enerji daşıyıcılarının qiymətinin artması ümumi qiymətlərin və səyahət paketlərinin artımına ciddi şəkildə təsir edir. Azərbaycan da bu mənada qiymətlərdə müəyyən artımlar müşahidə olunur. Nəzərə alınsa ki, Azərbaycan əhalisinin müəyyən qismi xaricdə istirahətə və öz əyləncəsini xaricdə təşkil etməyə üstünlük verirdi. Qiymət bahalığında xaricə gedən insanların bir qismi də daxili bazara yönəlmişdi ki, bu da daxili bazarda tələbatı bir neçə ildir ki, artırmaqdadır. Xüsusən də quru sərhədlərin bağlı olması daxili tələbatı yüksək saxlayır. Qiymətlər də ona görə müqayisədə əvvəlki illərə nisbətən bahadır. Yer məhdudiyyəti nöqteyi-nəzərindən həftəsonları, tətillərdə, bayram günlərində tələbat daha yüksək olur və əlverişli qiymət əldə etmək bir az çətin olur. Bununla bağlı geniş işlər görülməlidir, daha çox hotellər açılmalı, fəaliyyət göstərməlidir. Xoşbəxtlikdən hər il bazara yeni hotellər və qalma yerləri daxil olur. Kənd evləri, icmalarda olan yerli evlər müəyyən standartlara satılaraq insanların ixtiyarına verilir ki, bunlar da daha rəqabətli və daha uyğun qiymətlər təklif etmiş olurlar. Əlbəttə, düşünürəm ki, vətəndaş olaraq rəqabət mühitində əlverişli qiymət və daha yaxşı xidmət əldə etmiş ola bilərik”.

Vüsalə Əhmədova: “İldə bir neçə bank müflis elan olunaraq bağlanacaqsa...”

Vüsalə Əhmədova

İqtisadçı-alim Vüsalə Əhmədova isə dedi ki, turist cəlb etmək üçün ölkənin təbii və ya tarixi zənginlikləri qədər xidmət səviyyəsi də vacib rol oynayır: “Turizmin inkişafı indeksində qiymət rəqabət qabiliyyətinə görə irəlidə olan ölkələr hər zaman daha çox turist cəlb edirlər. Məsələn, qiymət rəqabət indeksində İspaniya 117 ölkə arasında 90-cı yerdə, Türkiyə isə 18-ci yerdədir. Bakı və ətrafındakı ortalama hotellərin sutkalıq qonaqlama qiymətləri 200-500 manat arasında dəyişir. Lüks hotellərdə isə qiymət 1000-2000 manatdır. Və bu qiymətə ən yaxşı halda səhər yeməyi daxil edilir. Məsələn, Antalyada ortalama hotellərdə 5-6 günlük “hər şey daxil” (all inclusive) istirahət qiymətləri 450-1200 manat arasında dəyişir. Azərbaycan aviaməkanını inhisara alan AZAL aviadaşımalarının qiymətinin yüksək olması da bir başqa problemdir. Bu səbəbdən də ölkəmizə gələn turistlər dünya üzrə turistlərin cəmi 0,003%-ni təşkil edir. Aylıq ortalama 400-600 manat əməkhaqqı alan vətəndaşlarımız üçün isə istirahət əlçatmazdır”.

Həmçinin oxuyun

Azərbaycanda kişilər üçün sığınacaq niyə yoxdur?

Bir neçə gün öncə, daha dəqiq desək, noyabrın 25-də bütün dünyada və eləcə də Azərbaycanda …