Cümə , Aprel 19 2024
Ana səhifə / Sosial / Yeni Günəşlidə 16 mərtəbəli yeni binada çatlar yarandı – SƏBƏB SÜRÜŞMƏ

Yeni Günəşlidə 16 mərtəbəli yeni binada çatlar yarandı – SƏBƏB SÜRÜŞMƏ

Bakının Suraxanı rayonunun Yeni Günəşli yaşayış massivindəki Günəşli yaylası çökmə-oturma sahəsində 16 mərtəbəli binada çatlar yaranıb.

Bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.

Onun sözlərinə görə, bu halı bu gün Zığ və Günəşli yaylasındakı əraziyə baxış keçirərkən müşahidə ediblər:

“Günəşli yaylası təxminən Qaraçuxur qəsəbəsində yerləşən “Lukoyl” yanacaqdoldurma məntəqəsindən başlayır və dəniz istiqamətində davam edir. Günəşli yaylasında tektonik qırılma xətti keçir. Oradakı çatları, torpaq qatı üzərində baş vermiş deformasiyaları aydın şəkildə gözlə görmək mümkündür. Burada həmin tektonik qırılma xətti boyunca yamac istiqamətində evlərin əskəriyyətində çatlar, deformasiyalar yaranıb. Bugünkü müşahidələrimiz də onu göstərdi ki, son günlər ərzində çatlar artıb. Eyni zamanda, həmin ərazidə 16 mərtəbəli yeni bir bina da inşa olunub. Həmin binanın bir küncü qırılma xəttinə düşür. Bu gün binada xırda da olsa, çatlar müşahidə etdik. Binanın 5-6 metrlik məsafəsində olan tikililər isə tam yararsız vəziyyətə düşüb”.

Günəşli yaylasında yamacın həddindən artıq yükləndiyini deyən Ə.Qaralov əlavə edib ki, mövsümlə əlaqədar yağıntıların miqdarının artması, məişət sularının axıdılması nəticəsində torpaq qatı həddindən artıq ağırlaşıb: “Eyni zamanda, tektonik qırılma baş verib. Yamac da dikdir. Orada da çox sayda evlər tikilib”.

Həmçinin oxuyun

Adı məktəblilərin zəhərlənməsində hallanan şirkət bu dəfə DİM-ə yemək satacaq

Dövlət İmtaham Mərkəzi (DİM) tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “TAİS-İKF” MMC (VÖEN-1400019741) olub.Yeniavaz.com xəbər verir ki, …