Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Sosial / “Yeni dəmir yol xətti Bakıətrafı bütün qəsəbələri əhatə edəcək” – EKSPERT

“Yeni dəmir yol xətti Bakıətrafı bütün qəsəbələri əhatə edəcək” – EKSPERT

Dövlət başçısının sərəncamı ilə Bakıətrafı dəmiryol xəttinin çəkilməsi, əsaslı təmiri ilə bağlı 100 milyon manat vəsait ayrılıb və qısa zamanda bu xəttin inşasına başlanılacağı planlaşdırılır. Bununla da Bakının nəqliyyat sistemində bir sıra müsbət dəyişikliklər olacaq. Bundan başqa, dəmiryol şəbəkəsinin keçdiyi ərazilərdə dövlət satınalması həyata keçiriləcək.

Prezident İlham Əliyevin Bakı şəhər ətrafı dəmiryol xəttinin inşası ilə bağlı sərəncamında Abşeron yarımadasında mövcud dəmiryolu xətlərinin yenidən qurulması və dəmiryolu şəbəkəsinin təkmilləşdirilməsi xüsusi əhəmiyyət kəsb edir.
Bakı şəhər ətrafı dəmiryolu xətti Bakıxanov, Zabrat-1, Zabrat-2, Pirşağı, Fatmayı, Novxanı stansiyalarından keçəcək. Bundan başqa, bu xətti Maştağa qəsəbəsində Bağlar istiqamətində uzatmaq planlaşdırılır. Digər xətt Zirə qəsəbəsinin yaxınlığındakı Dübəndi stansiyasınadək uzadılacaq. Əvvəllər orada Pirallahınadək dəmir yolu olub. Daha bir xətt Binə qəsəbəsinədək çəkiləcək və Heydər Əliyev Beynəlxalq Hava Limanına dəmir yolu məsələsi həll olunacaq. Sabunçu stansiyasından başlayacaq işlər çərçivəsində 23 yeni dəmiryol stansiyasının inşa edilməsi planlaşdırılır.

Bəs görəsən, bu layihə qeyd olunduğu kimi həyata keçirilərsə, Bakının nəqliyyat sistemində hansı müsbət dəyişikliklərə səbəb ola bilər?

Картинки по запросу Ərşad Hüseynov

“Yeni Müsavat”ın sualını cavablanıran nəqliyyat eksperti Ərşad Hüseynov bu sərəncamı müsbət qiymətləndirərək, Bakıda belə bir dəmiryolu xəttinə ehtiyac olduğunu vurğuladı: “Bu maraqlı bir layihədir. Bildiyiniz kimi, Bakıda ilk dəmiryolu XIX əsrdə elə Bakı ətrafına çəkilib. Düzdür, o zaman bu neft buruqları arasında çəkilib və əsasən neft daşımaq üçün istifadə edilib. Ancaq indiki dövrdə Bakıda kimi şəhərdə ictimai nəqliyyatın ən səmərəli növlərindən biri də şəhərətrafı elektrik qatarlarıdır. Onların da müxtəlif variantları var. Yüngül reysli elektrik qatarları da var, Bakıdakı kimi adi elektrik qatarları da var. Mən hesab edirəm ki, Bakı ətrafında yüngül reysli qatarlar olsa daha yaxşı olar. Çünki bu həm daha ucuz başa gəlir, həm də daha çevikdir. Ancaq son sərəncamdan belə baş düşdüm ki, söhbət ənənəvi elektrik qatarından gedir.

Bildiyiniz kimi, əvvəlki dəmiryol xətləri zəbt olunub, onların yaxınlığında müxtəlif tikililər tikilmişdi. Belə başa düşürəm ki, bu iş üçün ayrılan 100 milyon manat vəsaitin böyük bir qismini həmin tikililərin sökülüb köçürülməsinə sərf edəcəklər”.

Ekspertin sözlərinə görə, köhnə dəmiryolunun bütün reysləri, şpalları istismar müddətini başa vurub, çox güman ki, onlara da böyük xərc sərf olunacaq: “Sərəncamda qeyd olunur ki, layihə-smeta sənədlərinin hazırlanması və sonra digər işlərin həyata keçirilməsi də nəzərdə tutulur. Yəni, hələ ilkin mərhələdə layihə hazırlanacaq, Bakıətrafı dəmiryol xətti indiki kimi deyil, daha geniş olacaq. Bütün ətraf qəsəbələri əhatə edəcək. Bu layihə deyildiyi kimi həyata keçirilsə, bütün Bakıətrafı qəsəbələri bir şəbəkədə birləşdirə bilsə, o zaman bu ərazilərdə ictimai nəqliyyatın vəziyyəti xeyli yaxşılaşar. Bu da yollarda avtomobil nəqliyyatının sayının azalmasında öz sözünü deyəcək. Buzovnadan, Pirallahı qəsəbəsindən, Zirədən, Türkandan və sair qəsəbələrdən Bakıya gələnlər görsə ki, norma qatar fəaliyyət göstərir, sürətli qrafiklə işləyir, bundan istifadəyə üstünlük verərlər.

Nəticədə o istiqamətdən Bakıya gələn avtobusların, o cümlədən fərdi nəqliyyatın sayı azala bilər. Bu sərəncamın necə ixra ediləcəyini zaman göstərəcək. Çünki hələ layihə-smeta sənədləri mərhələsindən başlamaq nəzərdə tutulur. Kifayət qədər böyük bir vəsait ayrılıb. Ancaq ola bilər ki, bu hələ ilkin mərhələdə ayrılan vəsaitdir. Yəqin ki, bu ayırmaların davamı da olacaq”.

Həmçinin oxuyun

Pensiya, maaş və müavinətlər yenidən artırılır

Cari ilin yanvar ayında ölkədə əmək pensiyaları artırılsa da, maaş və əlilliklə bağlı müavinətlər olduğu …