Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Sosial / “Yeltsinlə danışmışdım; Qarabağa hücum olmalıydı…”Araz Əlizadə

“Yeltsinlə danışmışdım; Qarabağa hücum olmalıydı…”Araz Əlizadə

…1 noyabr Parlament seçkilərindən sonra, MM-ə orada ilk dəfə görəcəyimiz yeni üzvlər və ya son 15-20 ildə o kürsülərdən ötrü darıxmış bir neçə sabiq deputat gəlməkdədir. Onlardan biri də 2013-cü ildə də prezidentliyə namizəd kimi maraqlı çıxışları ilə yadda qalmış ASDP sədri Araz Əlizadədir. Düşündük ki, 1988-ci ildən bəri başımıza gələn olayların fəal iştirakçılarından biri ilə “Labirint”də “gəzib-dolaşsaq”, həm onun seçiciləri və opponentləri, həm də oxucularımız üçün maraqlı olar….

– Araz müəllim, rus siyasətçilərindən dekabrist Bestujev-Marlinski ilə eyni gündə – noyabrın 3-də doğulmusunuz. Azərbaycan siyasətçilərindən isə liberal Lalə Şövkətlə eyni ildə (1951) və eyni ayda (noyabr) anadan olmusuz. Maraqdlıdır, Lalə xanımla tanışlığınız, münasibətiniz hansı şəkildə olub?

– Biz Lalə xanımla daban-dabana zidd insanlarıq. 2005-ci idə “YES” blokunda cəmi bir dəfə bir yerdə olmuşuq. Və bir daha əmin olmuşam ki, əvvəlki fikirlərim tamamilə doğrudur…
– Uşaqlıqda başınıza gəlmiş hansı bir hadisə bugünədək yadınızdan çıxmır?
– Uşaqlığım çox qaynar və maraqlı keçib. Heç vaxt yadımdan çıxmayan və ömrümboyu mənə ibrət dərsi olan hadisələrdən birini danışa bilərəm. 10-11 yaşlarım olardı. Yaşadığımız Həzi Aslanov küçəsindən çıxıb, Zərgərpalan küçəsi ilə 190 saylı məktəbə gedirdim. Təxminən, Tolstoyun tinində bir yaraşıqlı xanım göründü. 5-6 addım gedəndən sonra birdən yıxıldı. Cəld yüyürdüm ona köməyə. Bir kişi də yaxınlaşdı. Birlikdə qadını ayağa qaldırmaq istəyəndə məlum oldu ki, o ölüb…
Artıq o gündən mənə əyani şəkildə aydın oldu ki, ölüm bir gözqırpımında baş verə bilər. Gözəl, eybəcər, varlı-kasıb, vəzifəli-vəzifəsiz – hamı ölə bilər və ölüm gələndə heç kəsdən soruşmur, qəflətən gəlir. Və özünü heç vaxt qoruya bilməyəcəksən. Odur ki, ölümdən heç qorxmaq da lazım deyil. Bu düşüncə tərzi həyatımda mənə çox kömək edib. Heç vaxt məndə qorxu hissi olmayıb.
– Tələbəlik illərində yaratdığınız sosial-demokrat yönümlü təşkliatın ilk üzvləri kimlər idi?
– Həmin yoldaşlardan hazırda siyasətdə heç kəs yoxdur. 1989-cu ildə partiya yarananda onlar artıq hər biri həyatda öz yolunu seçdiyindən, partiyaya da qoşulmadılar. Onlar arasında dövlət məmuru olanlar, elmlə məşğul olanlar da var idi. Bu gün də var…
– Adlarını deyə bilməzsiniz?
– Yox, deyə bilmərəm. Çünki onlar özləri adlarının açıqlanmasını istəmir.

– Bəs DTK nə yaxşı imkan verdi belə bir təşkilatın yaranmasına?
– O zaman SSRİ bizim idealımız olan Almaniya kansleri, sosial-demokrat Villi Brantın başına and içirdi. Çünki o deyirdi ki, SSRİ ilə əməkdaşlıq lazımdır. Hətta yardım etməyi də təklif edirdi. Odur ki, biz “KQB” tərəfindən heç bir təzyiqə-filana məruz qalmadıq.
– Müxtəlif mənbələrdə dərc edilən, o cümlədən, namizəd bukletlərinizdəki tərcümeyi-halınızda bir boşluq var: 1975-1976-cı illərdə Əfqanıstanda tərcüməçilik etmisiz. Amma 1976-1979-cu illərdə nə ilə məşğul olduğunuz göstərilmir. Niyə?
– Həmin vaxt 1 il Bakıda işsiz olmuşam. 1977-1978-ci illərdə isə Asəf Zeynallı adına Musiqi Məktəbinin komsomol katibi işləmişəm. Daha sonra Ukraynaya getmişəm…
– 1985-ci ildə siyasi baxışlarınıza görə mühakimə olunmusuz. Nə baş verib bu ildə?
– 1979-cu ildə Ukrayna Elmlər Akademiyasının elmi əməkdaşı idim. Həm də Kiyev Xarici Dillər Pedaqoji İnstitutunda əfqanlara “Yeni Əfqanıstan tarixi” kursundan dərs deyirdim. Həmin kursun müəllifi mən idim. SSRİ Əfqanıstana qoşun yeridəndə, Brejnevə bir mütəxəssis kimi 12 səhifəlik arayış göndərdim. Yazmışdım ki, bu ölkəyə ordu yeridilməsi səhv qərardır. İndiyədək heç bir ölkə Əfqanıstanda qalib olmayıb. Sovetlər də qalib gələ bilməyəcək və nəticədə, SSRİ həm daxildə, həm də xaricdə ciddi şəkildə nüfuzdan düşərək tənəzzülə uğrayacaq. Bu məktub mənim “KQB” ilə “tanışlığıma” səbəb oldu… Başladılar ki, sən anti-sovet təbliğatı aparırsan-filan…
Üç ay təcridxanada saxladılar, sonra heç bir əsas tapmadıqlarından buraxdılar. Amma işdən çıxardılar…
– DTK sizi azad edəndə nəsə şərt-filan qoymadı qarşınızda?
– Yox. Nə şərt qoyasıydılar ki? Ondan sonra hələ nə qədər incitdilər məni. Ukraynada Əfqanıstanla bağlı kimsə nəsə danışanda məni çağırıb dindirirdilər ki, sənin onunla əlaqən var. Bu minvalla düz, 3 dəfə – hər dəfə 3 ay olmaqla həbsdə oldum…
1984-cü il idi. Bir gün evdə oturmuşdum. Birdən qapını döydülər. Qapını açan kimi məni dindirən “KQB” zabiti sifətimə bir yumruq vurdu. Mənim də əlimə bir boru keçdi, vurdum o zabitin başına. Arxasınca bir neçə nəfər girib məni həbs etdilər. Bu, təxribat idi. Uzun müddət istintaq getdi. Əsaslandıra bilmirdilər. Mən deyirdim, özümü müdafiə etmişəm… Nəhayət, 1985-ci ilin əvvəlində hakim insaflı olduğundan, mənə 101-ci maddə (2-7 il) ilə ən aşağı həddə – 2 il cəza kəsdi. 1986-cı ilin sonunda azad etdilər.
Ancaq Moskva, Leninqrad və digər iri şəhərlərdə yaşamaq qadağan olunmuşdu. Yaşayış yeri kimi, Uzaq Şərqdə Komsomolsk na Amure şəhəri müəyyən olunmuşdu. Bir sözlə, sürgünə getdim. Bir SES-in tikintisində fəhlə işləyirdim.


– Araz bəy,”KQB”dən söz düşmüşkən, seçki kampaniyası başlayan kimi – oktyabrın 10-da – saytlardan biri yazdı ki, Araz Əlizadənin “KQB”dəki kuratoru Qriqoryan soyadlı erməni olub…
– Mənim heç bir kuratorum olmayıb. Mənim, guya, “KQB” ilə əlaqəm olması barədə ilk dəfə 1980-ci illərin sonunda Nemət Pənahlı danışıb. O demişdi ki, Araz “KQB”nin mayorudur. Mən də ona başa saldım ki, heç olmasa, tərcümeyi-halımı oxu. “KQB”nin mayoru Komsomolska sürgün edilib fəhlə işləyərdi? İkinci dəfə də deyəndə istehza ilə dedim ki, Zərdüştə Vəzirov “SRU”nun polkovniki” deyib, sən isə elə neçə ildi mənə “KQB”nin mayoru” deyirsən, rütbəmi artır da heç olmasa. Artıq “polkovnik” deməyin vaxtı deyil?
– 1988-ci il 16 və 18 may tarixlərindəki ilk Meydan mitinqləri necə təşkil edildi?
– Qarabağ məsələsi başlananda düşündüm ki, köhnə dostları bir yerə yığsaq, nəsə edə bilərik. Hər gün ermənilər İrəvanda Teatr meydanında, Xankəndidə mitinq edirdi. Bizdə isə hələ Elmlər Akademiyasında, universitetdə alimlər, ziyalılar qorxa-qorxa xısınlaşırdılar. Mən də dostları yığıb dedim ki, gəlin mitinq keçirək. Dedilər ki, cəmi 8 nəfərlə biz necə mitinq keçirək? Dedim ki, gənclərimiz qaynayır, fürsət gözləyirlər. Və biz BDU-nun və indiki Neft Akademiyasının yataqxanalarında gəzib deyirdik ki, Qarabağ əldən gedir – hamı Lenin meydanına gəlsin!
Beləliklə, ilk mitinqi 1988-ci il mayın 16-da indiki Azadlıq meydanında təşkil edə bildik. Cəmi 3-5 min adam yığışmışdı. Sonra Ali Sovetin qarşısında davam etdi. Orada respublika rəhbərliyi bizim nümayəndələri qəbul etdi. Və mayın 18-nə Meydanda növbəti mitinqi təyin etdik. Həmin mitinqə 300 mindən çox insan gəlmişdi…

– Bilirik ki, Vəzirovla da görüşləriniz olub…
– Vəzirovla ilk dəfə, təxminən, 1988-ci ilin iyulunda görüşmüşəm. Ermənilər Moskvada mehmanxanaların birində bütün nömrələrə Qarabağın, guya, ermənilərə aid olduğu barədə yazılmış kitablar paylamışdılar. Bakı Şəhər Partiya Komitəsinin rəhbəri Fuad Musayev mənə xəbər göndərdi ki, görün nə edirsiniz. Mən Zərdüşt və Eldar Namazovla birlikdə Moskvaya getdik. Orada bir gecə ərzində Zərdüştlə Eldar yazdılar. Mən isə Moskvadakı biznes əlaqələrimdən istifadə etməklə, həmin kitabı bir gecə ərzində çap etdirdim. Və eyni mehmanxananın bütün nömrələrinə payladıq. O vaxt Vəzirov məəttəl qalmışdı və demişdi ki, o, yoldaşlarla görüşmək istəyirəm. Beləliklə, Zərdüşt, Eldar, Leyla Yunusova və Tofiq Qasımov gəldik birinci katibin qəbuluna. Vəzirov Eldarın da, Zərdüştün də, Leylanın da – hamısının sözünü kəsib başladı özü danışmağa. Mənə çatanda dedim ki, “Xahiş edirəm, mənim sözümü kəsməyin, pis cavab verə bilərəm…”. Xülasə, mən Qarabağ və s. barədə öz sözlərini ona çatdırdım. Amma heç nə ilə razılaşmadı. Və sonda biz otaqdan çıxanda, Vəzirov gözlənilmədən arxadan mənə yaxınlaşıb, “qıdı-qıdı” deyib, ortamdan qıdıqladı. Təəccüblə ona sarı döndüm ki, bu, nə deməkdir? Ölkə rəhbəri qayıtdı ki, “İstəyirəm, buradan gülərüz gedəsiniz”.
Bayıra çıxanda hamı dilxor olmuşdu ki, bəs nə edək, Qarabağ əldən gedəcək, Azərbaycan dağılacaq, ölkəmizin başçısı dəlidir. Zərdüşt dedi ki, heç nə, Xalq Cəbhəsi yaradacağıq… Azərbaycanda ilk dəfə “Xalq Cəbhəsi” sözünü onda eşitdim…
– Vəzirovla sonuncu görüşünüz nə vaxt oldu?
– 1989-cu ilin noyabrında. Vəzirova dedim ki, Azərbaycan böyük faciələr qarşısındadır. AXC radikallaşıb. Sən respublikanı idarə edə bilmirsən. Ona çıxış yolu kimi təklif etdim ki, mənə və radikalların Elçibəy, Rəhim, Nemət və digər liderlərinə televiziyada iki həftə ərzində gündə 1 saat debat üçün vaxt ver. Cavab verdi ki, “Sən məni axmaq sayırsan? Sən onları əzəcəksən və özün mübahisəsiz liderə çevriləcəksən. Mən buna yol vermərəm. Sən, Zərdüşt, Tofiq kimilərlə mübarizənin yolunu bilmirəm. Ancaq radikallarla mübarizənin yolunu biz meydandan bilirik: əzərik, məhv edərik”. Cavab verdim ki, “Sizə yazığım gəlir. Sizin hakimiyyətdə uzağı, 1, ya 2 ay ömrünüz qalıb”…
– Bəs “20 Yanvar” ərəfəsində Vəzirovla əlaqəniz olmadı?
– 1990-cı il yanvarın 13-də Vəzirov köməkçisi vasitəsilə mənimlə telefonla danışdı. O dedi ki, “Araz, Bakıda erməni talanları başlayıb, əgər bacarırsansa, dayandır”. Dedim ki, “Mən sizin üçün sehrbaz Xottabıçam, yoxsa mən təşkil etmişəm bu iğtişaşları, mən də dayandıram… Mən sizə nə qədər vaxt vermişdim…”. Bunu deyən kimi telefonu qapatdı… Bir daha Vəzirovla rastlaşdıq 1991-ci ildə Moskvada. Bir kvazi-parlament yaratmışdılar. 25 nəfər respublika parlamentindən, 25 deputat da SSRİ parlamentindən nümayəndə toplanmalıydı. Azərbaycan nümayəndəliyində əyləşmişdik. Zərdüşt də jurnalist kimi orada idi. Vəzirov Polyaniçko ilə oturmuşdu. Mən onu görəndə gülümsəyərək dedim ki, “Cənab Vəzirov, “20 Yanvar”ın qanı sizin üzərinizdədir”. O, hiddətlə dilləndi: “Nədən?!”. Cavab verdim ki, “Axı mən sizə kömək təklif etdim. Siz isə razılaşmayaraq dediniz ki, mən radikallarla mübarizənin yolunu bilirəm. Budur nəticə: qan axıtdınız”…

– Eks-prezident Ayaz Mütəllibovla necə tanış olmusunuz?
– Ayaz Mütəllibovla ilk dəfə 1989-cu ilin sentyabrnda tanış olmuşam. Ali Sovetin iclası gedirdi canlı yayımla. Mən də Zərdüştgilin parlamentə yaxın olan evində oturub baxırdım. Müstəqillik haqqında akt qəbul olunmalıydı. Amma Vəzirov fırladıb onu bəyannamə səviyyəsinə endirdi. Nəcəf Nəcəfov, Etibar Məmmədov başladılar etiraz eməyə. Mən də götürüldüm parlamentə. Vestibüldə Vəzirovun bir neçə nəfərlə durduğunu gördüm. Ona yaxınlaşıb dedim ki, “Siz xalqı dolamısız, bəyannamə havayı şeydir…”. Belə deyəndə Polyaniçko yanındakı adama dedi ki, “Ayaz Niyazoviç, bu, Zərdüştün kiçik qardaşıdır”. Mən də ona yaxınlaşıb dedim ki, “Ayaz müəllim, bəs mən bir xarici şirkətin nümayəndəsi kimi, neçə vaxtdır sizə məktub yazıram, cavab vermirsiniz”. Cavab verdi ki, yəqin mənə çatmır. Ayaz müəllim söz verdi ki, sizi qəbul edəcəyəm. Və doğrudan da iki gün sonra məni kabinetində qəbul etdi…
– 1992-ci il martın 5-6-da Ayaz Mütəllibovun hakimiyyətdən getdiyi günlər hansı əsas detallarla yadınızda qalıb?
– O ərəfədə mən prezidentin səlahiyyətli nümayəndəsi kimi, Yeltsinlə danışmışdım. Martın 6-dan 7-nə keçən gecə Rusiya Ordusunun dəstəyi ilə Qarabağa 4 istiqamətdən hücum olmalı və erməni quldur dəstələri oradan qovulmalı idi. Ancaq Kremldəki müəyyən qüvvələr Xocalı faciəsini Yeltsini xəbəri olmadan törətdilər. Burada isə martın 5-6-sı Mütəllibovu devirdilər və hər şey alt-üst oldu. Ağdamdan AXC üzvləri gəlib, buradakılara yalvarırdılar ki, Mütəllibova toxunmayın, qoyun torpaqları azad edək…
– 1993-cü il 4 iyun olaylarında hansı cəbhədə idiniz və həmin hadisələrdə öz rolunuzu necə görürsünüz?
– Həmin gün mən Moskvada idim. İyunun 7-də Bakıya gəldim. Gələn kimi getdim parlamentə. Elçibəylə görüşdüm. Onunla mübahisəmiz oldu. Dedim ki, Naxçıvanı idarə edə bilmirsiniz, Lənkəranı idarə edə bilmirsiniz, çıxın gedin. Və Heydər Əliyev gəlməmişdən bir gün öncə – iyunun 8-də Ali Sovetdə Zərdüştü və məni öldürməyə cəhd etdilər. Bayırda camaat yığışmışdı, deputatlara hücum edirdilər. Biz də gəldik İsa Qəmbərin otağına və ona dedik ki, sizinlə birgə çıxacağıq.
Elə liftdən çıxan kimi, bir neçə qadın, ardınca 18 nəfər hərbiformalı üstümüzə töküldü. Böyük çətinliklə əllərindən qurtulduq. Sonra İsa gəldi, bir yerdə getdik Zərdüştgilə. Yolda bir də hücum etdilər və Zərdüştün başını yardılar…
– Yadımdadır ki, Surət Hüseynovun məsləhətçilərindən biri olan Aypara Əliyev sizin müavininiz, ASDP üzvü idi. Sonradan həbsxanada öldü…
– Bəli, ASDP sədrinin müavini Aypara Əliyev, Gəncədə Surətin qonşusu idi. 1992-ci ildə AXC-yə qarşı barışmaz mövqe tutmaq barədə təklifimin əleyhinə çıxmışdı. Amma onu da deyim ki, Ayparanı heç bir ciddi əsas olmadan həbs etmişdilər…
– Əlikram Hümbətov da ASDP üzvü olmuşdu və 1993-cü il iyunun 7-də Lənkəranda onun oğurlatdığı polislərin azad edilməsində sizin də rolunuz olub…
– Biz Lənkərana təşkilatımızın iclasını keçirmək məqsədilə gəlmişdik. Dedilər ki, polis rəisi Əlövsət Əliyev (Sabir Rüstəmxanlının qardaşı) sizinlə danışmaq istəyir. O, məlumat verdi ki, bəs Əlikram iki polisi aparıb Talış meşəsinə. Nə isə, gedib meşədə Əlikramı tapdım. Dedim ki, “Bu yazıq polislərin günahı nədir?”. Xülasə, polisləri də silahları ilə birgə alıb-gətirdim. Onu da deyim ki, Əlikram hələ 1991-ci ildə orduya qoşulanda ASDP-dən çıxmışdı.
– Heydər Əliyevlə təkbətək görüşmək nəsib olmuşdu sizə?
– 1992-ci ilin mayında mən prezidentliyə namizəd olanda partiya rəhbərliyinin belə bir qərarı var idi ki, indiyədək respublikanın rəhbəri olmuş və həyatda olan bütün şəxslərlə görüşməliyəm. İmam Mustafayev, Kamran Bağırov və Ayaz Mütəllibovla yanaşı, Naxçıvana gedib Heydər Əiyevlə də görüşdüm. Amma artıq təyyarəyə minəndə məlum oldu ki, məni namizəd kimi qeydə almayıblar. Buna rəğmən Heydər Əliyevlə görüşüb, Azərbaycanın ovaxtkı vəziyyəti və gələcəyi barədə maraqlı söhbət etdik. O, Bakıya dönəndən sonra da bir neçə dəfə görüşmüşük. Düzdür, hakimiyyətdə olanda mən ona müxalifətdə idim. Ancaq fəxr edirəm ki, belə bir dahi siyasətçi ilə opponent olmuşam…
– İqbal Ağazadəni nə vaxtdan tanıyırsınız?
– Onu ilk dəfə 1991-ci ildə, atam Məmməd Mübariz Əlizadənin BDU-da keçirilən yubileyində tələbələr adından təbrik edərkən görmüşəm.
– Ondan sonra görüşməmisiniz?
– Heç vaxt.
– Deyəsən, bir ara müttəfiq olmusunuz? İqbal Ağazadə bir dəfə Ayaz Mütəllibovun Vətəndaş Birliyi Partiyasının fəallarından olmuşdu axı?
– Mənim VBP ilə heç bir əlaqəm olmayıb. İqbal Ağazadə ilə yalnız prezident seçkilərində teledebat zamanı 5-6 dəqiqə yaxından görüşmüşəm. Vəssalam.
– Bəs seçkilərdə siz nə iş görmüsünüz, necə səs toplamısınız ki, opponentləriniz belə ürəklə danışırlar?
– Bilirsiz, insan gərək kişi kimi udmağı da, uduzmağı da bacarsın. İqbal Ağazadə, sən eyni komissiya ilə 3 dəfə oradan seçilmisən. Deməli, sən əvvəlki illərdə öz seçilməyini də şübhə altına alırsan. İkincisi, seçki kampaniyasından öncə başlamısan asfalt çəkməyə, yelləncək qoymağa və s. Deyir ki, mənim 30 məntəqədə də nümayəndəm olub, amma Araz Əlizadənin heç bir məntəqədə nümayəndəsi olmayıb. Onda sual olunur: bəs Araz Əlizadə necə saxtakarlıq edib?..
– Deyirlər ki, 2013-cü ildəki prezident seçkilərində Araz Əlizadə elə həmin dairədən cəmi 36 səs toplayıb, indi isə qalib gəlib. Doğrudan da, bir az təəccüblü görünür…
– Belə çıxır ki, mən sürətlə inkişaf edirəm…

 Sultan Laçın

Həmçinin oxuyun

Maşın bazarında durğunluğun səbəbi nədir? (VİDEO)

Ötən illə müqayisədə avtomobil bazarında durğunluq müşahidə edilir. Bunu avtomobil bazarına üz tutan insanlarn sayından …

Bir cavab yazın