Bazar , Fevral 25 2024
Ana səhifə / Sosial / Yaşayış evləri maya dəyərindən niyə dəfələrlə baha satılır? – Açıqlama

Yaşayış evləri maya dəyərindən niyə dəfələrlə baha satılır? – Açıqlama

Ötən ilin yanvar-noyabr aylarında Azərbaycanda əsas kapitala 15 milyard 725,9 milyon manat məbləğində vəsait yönəldilib.
Bu barədə məlumat Dövlət Statistika Komitəsinin açıqladığı sonuncu aylıq hesabatda yer alıb.
Məlumatda bildirilir ki, ötən ilin ilk 11 ayında əsas kapitala yönəldilən vəsaitin 805 milyon manatı və ya 5,1%-i yaşayış evlərinin tikintisinə sərf olunub. Lakin komitə 11 ay ərzində tikilən yaşayış evlərinin sahəsi haqqında məlumat açıqlamayıb.
Məlumat üçün bildirək ki, Statistika Komitəsi əvvəllər tikilən yaşayış evlərinin sahəsi və sərf olunan vəsait barədə məlumatları aylıq olaraq açıqlayırdı. Bu məlumatlar əsasında yaşayış evlərinin 1 kv. metri üçün nə qədər vəsait sərf olunduğunu öyrənmək mümkün olurdu.
Onu da bildirək ki, ölkədə tikilən yaşayış evlərinin sahəsi barədə sonuncu məlumat 2022-ci ilə aiddir. Dövlət Statistika Komitəsinin məlumatına görə 2022-ci ildə ümumi sahəsi 2 816 000 kv metr olan yaşayış evlərinin tikintisinə 925,4 milyon manat vəsait sərf olunub. Açıqlanan məlumatlara istinadən apardığımız hesablama göstərir ki, 2022-ci ildə Azərbaycanda yaşayış evlərinin 1 kv. metrinin tikintisinə orta hesabla 328 manat sərf edilib.
Maraqlıdır ki, satışa çıxarılan yeni tikililərdə mənzillərin qiyməti bu göstəricidən dəfələrlə yüksəkdir.
Məsələn, məlumdur ki, Azərbaycanda ən ucuz mənzillər Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən satışa çıxarılır. MİDA-nın inşa etdiyi Yasamal Yaşayış Kompleksində 75 kv. metrlik mənzil 70,6 min manatdan satışa çıxarılıb. Açıqlanan rəqəmlərdən də göründüyü kimi MİDA mənzilin 1 kv. metrini 940 manata təqdim edir.
Qeyd edək ki, özəl tikinti şirkətləri tərəfindən inşa olunan yaşayış evlərinin qiyməti MİDA ilə müqayisədə daha yüksəkdir. MİDA-nın Yasamal Yaşayış Kompleksi ilə eyni ərazidə (Yasamal rayonu) inşa olunan binalarda mənzillərin 1 kv. metrinin qiyməti 1 500 manatdan yüksəkdir.
Məsələ ilə bağlı Yeniavaz.com-a açıqlama verən iqtisadçı-ekspert Allahverdi Aydın bildirir ki, mənzillərin satış qiyməti ilə maya dəyəri arasında bu qədər kəskin fərqin olması başa düşülən deyil: “Bina inşa edən şirkətlərin tikintiyə yönəltdiyi vəsaitdən sonra xərcləri ən çox torpaq sahəsinin alınmasına sərf olunur. Torpaq sahəsinin alınmasına xərclənən vəsait isə maya dəyərinə ciddi təsir edə bilməz. Bildiyimiz kimi hazırda yaşayış binaları əsasən köhnə birmərtəbəli evlərin söküldüyü ərazilərdə inşa olunur. Köhnə birmərtəbəli evlərin 1 kv. metri isə 1500 manatdan satın alınır. Təxmini hesablama aparsaq, görərik ki, torpaq sahəsinin qiyməti hazırkı satış qiymətlərinin 10%-dən çox deyil. Məsələn, ümumi sahəsi 7000 kv. metr olan 12 mərtəbəli yaşayış binasını 600 kv. metr ərazidə inşa etmək mümkündür. 600 kv. metr ərazini satın almaq üçün tikinti şirkəti 900 min manat vəsait xərcləyir. Göründüyü kimi, ümumi sahəsi 7 000 kv. metr olan yaşayış binasının hər kv. metrində torpaq sahəsinin alınmasına xərclənən vəsait təxminən 130 manat təşkil edir. Bunu yaşayış binalarının maya dəyərinə əlavə etsək, mənzillərin 1 kv. metrinin 460 manata başa gəldiyini görürük.
Rəsmi sənədləşmə ilə bağlı (eskizin hazırlanması, icazənin alınması və s.) digər xərcləri də nəzərə alsaq, mənzillərin 1 kv. metrinin təxminən 500 manata başa gəldiyini görə bilərik. Amma bu halda da satış qiyməti ilə maya dəyəri arasında yenə də 3 dəfədən çox fərq yaranır”.
Ekspert bildirir ki, aradakı fərqin bu qədər böyük olmasının səbəbi qeyri-rəsmi ödənişlərlə bağlı ola bilər: “Ehtimal etmək olar ki, tikinti şirkətləri yaşayış evlərinin tikintisi zamanı böyük məbləğdə hansısa əlavə qeyri-rəsmi ödənişlər edirlər. Aydın məsələdir ki, bu ödənişlərin rəsmi statistikada yer alması mümkün deyil. Belə olan halda da yaşayış evlərinin rəsmi statistikada açıqlanan maya dəyəri (328 manat) ilə satış qiymətləri arasında (1500 manat) kəskin fərq yaranır. Əks halda, maya dəyəri ilə satış qiyməti arasındakı bu cür kəskin fərqin məntiqi və iqtisadi izahı yoxdur”.

Həmçinin oxuyun

Uşağın bioloji atası olmayan kişi aliment ödəməlidir? – VİDEO

Kişi yeddi ildən sonra övladının bioloji atası olmadığını öyrənib. Bir müddət əvvəl yayılan bu xəbər …