Bazar ertəsi , May 27 2024
Ana səhifə / Sosial / Yararsız əti Azərbaycana kimlər gətirir və harada satır?

Yararsız əti Azərbaycana kimlər gətirir və harada satır?

Ukraynadan Azərbaycana gətirilən 20 ton ət məhsulu yararsız çıxıb.

Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib. Tədbirlər çərçivəsində “Polsan Anka” MMC-nin Ukraynadan idxal etdiyi “Business Meat Product LLC” şirkətinə məxsus 20 ton ət məhsulu partiyasından (dondurulmuş sümüksüz mal əti) Agentlik əməkdaşları tərəfindən nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib. Laborator müayinələr nəticəsində nümunələrdə infeksiya törədiciləri – “Pasteruella multocida” və “Stretococcus pneumonia” aşkarlanıb.

Faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb. Aşkarlanmış uyğunsuzluqla əlaqədar Ukraynanın Qida Təhlükəsizliyi və İstehlakçıların Müdafiəsi Xidmətinə ixracın dayandırılmasına dair müraciət ünvanlanıb, görülən tədbirlər barədə Agentliyə məlumat verilməsi bildirilib. 
Bu hal istehsalçı şirkətdən Azərbaycana idxal olunan ərzaq məhsullarında aşkarlanmış təkrar uyğunsuzluqdur. 

Qeyd edək ki, ölkəmiz ət istehsalçısı olmaqla yanaşı, həm də idxalçı ölkədir. Bu gün ölkədə heyvandarlığın inkişafı, ət istehsalının daha da artırılması və bu sahədə idxalın azaldılması vacibdir. Yəni yerli istehsal kifayət qədər olarsa, yararsız məhsulların da ölkəmizə gətirilməsinə ehtiyac qalmaz. 

Bəs həmin yararsız məhsulları ölkəmizə kimlər gətirir və hansı sahələrə yönəldilir? 

İqtisadçı-ekspert Akif Nəsirli “Cebhe.info”-ya bildirib ki, yararsız əti ölkəmizə azərbaycanlı sahibkarlar gətirirlər:

“Onlar gedib ucuz məhsulları alıb gətirirlər. Bəlkə də bu tip məhsullar ölkəmizə indiyədək daxil olub, indi təsadüfən üzə çıxarıblar ki, yararsızdır. Bu, ölkənin deyil, sahibkarların günahıdır. Azərbaycan bazarı inhisarçı bazardır, sahibkarlar ən aşağı keyfiyyətli məhsul varsa, onu gətirirlər. Bilirlər ki, alıcısı var. Ona görə hər cür əti gətirirlər. Məhsul haqqında məlumatlar kodlaşdırılıb göndərilir ki, sahibkarın kim olduğunu bilməsinlər. Bu gün AQTA operativ işləyir, bu cür yararsız məhsulların ölkəyə daxil olmasını bir qədər azaldır, qarşısını alır.

Bu cür məhsulların hamsının ciddi analizi getmir, sənədlərinə baxılır. Əgər sənədlər qaydasındadırsa, idxalına icazə verilir. Onu yoxlayan əməkdaşın professionallığıdır, bəzən sənədləşmədən şübhələnir ki, bu ət yararsızdır. Ona görə də laborator müayinəyə göndərirlər ki, ət yoxlanılsın. O da yoxlanılanda bəzisi normal, bir qismi də yararsız çıxır”. 

Ekspert deyib ki, həmin ətlər də gələndə bazara çıxarılmır:

“Onları şəxsi heyəti qidalandıran müəssisələrə, məsələn, həbsxanalara s. təşkilatlara gedir. Bunu gətirənlər düşünmürlər ki, məhsulu aparar, sata bilməz, əlində qalar. Çünki onun alıcısı var. Son 2-3 ildə AQTA-nın bu istiqamətdə xeyli irəliləyişi var. Qanunvericiliyə dəyişikliklər edilib. “Qida təhlükəsizliyi haqqında” Qanuna görə, Azərbaycana idxal həyata keçirən şirkətlər AQTA-da qeydiyyatdan keçməli, məhsulun hazırlanması barədə sertifikat almalıdır. Ola bilər ki, belə ətlər dönərxalanalara da verilsin.

Biz onun real şahidi olmuruq. Ancaq ən real variant odur ki, yararsız məhsulu sərhəddən keçirilərkən qarşısı alınsın. Bu məhsullar yalnız ət deyil. Ancaq bir qədər çətin prosesdir və bütün əti bir-bir laborator müayinədən keçirmək bir qədər çətin olur. Hansı məhsul yararsızlığına görə saxlanılırsa, uzun müddət həmin mənbədən gələn məhsulları yoxlayırlar”. 

Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov isə bildirib ki, ətlər yararsız çıxıbsa, ya utilizasiya olunacaq, ya da geri qaytarılacaq:

“Yoxlama zamanı yararsız çıxıbsa, birmənalı şəkildə heç yerdə istifadə olunmur”. 

Həmçinin oxuyun

MTK-ların yığdığı “komendant pulu” hara xərclənir? — VİDEO

Coxmərtəbəli binalarda sakinlərdən yığılan “komendant pulu”, yaxud “jek pulu”nun məbləği ilə xidmətin keyfiyyəti arasında tərs …