Cümə , Aprel 19 2024
Ana səhifə / Sosial / Yaqlandın Azərbaycan barədə fövqəladə qərarı səlahiyyətlərin aşılması kimi…

Yaqlandın Azərbaycan barədə fövqəladə qərarı səlahiyyətlərin aşılması kimi…

Aydın Mirzəzadə: “Belə təəssürat yaranır ki, Yaqland Avropa Şurasının Azərbaycan üzrə baş katibidir”

“T.Yaqlandın Azərbaycanla bağlı xüsusi araşdırmaya başlamasının arxasında Azərbaycanı günahkar elan etmək…”

AŞPA-da antierməni qətnamələrinin qəbulu ərəfəsində qurumun baş katibi Torbyörn Yaqland ölkəmizlə bağlı xüsusi araşdırma aparmağa göstəriş verib. Bu məsələdə yenidən rəsmi Bakıya qarşı ənənəvi sərt ritorikadan və əks effektli təzyiq taktikasından istifadənin elementləri nəzərə çarpır.
Avropa Şurasının baş katibi T.Yaqland Azərbaycanın Avropa İnsan Haqları Konvensiyasını necə yerinə yetirməsi üzrə rəsmi araşdırmaya başlayıb. Baş katib deyib: “Avropa İnsan Haqları Məhkəməsinin qərarları Azərbaycanda tənqidi səslərin susdurulması, söz azadlığının məhdudlaşdırılması üçün hüququn özbaşına (əsassız) tətbiqini üzə çıxarıb. Belə narahatedici bir şəraitdə durumun düzəlməsinə yönəlik müsbət addım atılmadığından, Azərbaycana təmsilçilər göndərəcəyəm. Onlar ölkənin İnsan Haqları Konvensiyasının icrası ilə bağlı hakimiyyətdən izahat istəyəcək”.
Xatırladaq ki, bir müddət öncə T.Yaqland Azərbaycanda insan haqları üzrə hökumətlə birgə yaradılan İşçi Qrupdan çıxıb.
Məlum olduğu kimi, gəlin ilin yanvarında Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) qış sessiyasında Azərbaycanla bağlı iki mühüm sənəd səsverməyə çıxarılacaq. Onlardan biri Dağlıq Qarabağla, digəri isə ermənilərin nəzarətindəki Sərsəng su anbarı ilə bağlıdır. Artıq qurumun müvafiq komitələrində (Siyasi və Sosial komitələr) təsdiqlənən hər iki qətnamə layihəsində Ermənistan birmənalı şəkildə işğalçı dövlət kimi göstərilir, Dağlıq Qarabağ və ətrafındakı 7 rayonun işğal altında saxlandığı xüsusi vurğulanır.
O da bəllidir ki, bu fakt Ermənistanın siyasi, hakimiyyət və ekspert dairələrində ciddi təlaş və məyusluq doğurub, “diplomatik fiasko” adlandırılıb. Şübhəsiz, Avropa Şurası baş katibinin son qərarı ermənilərin dəyirmanına su tökəcək, onların sessiyada Azərbaycana qarşı hücumlarını kəsərli edəcək.
Yaqlandın məhz belə həssas məqamda bu addımı atması nə ilə bağlıdır?
Milli Məclisin deputatı Aydın Mirzəzadə hesab edir ki, Yaqlandın bu addımında onun Azərbaycana qarşı xüsusi “sevgi”si ortaya çıxır: “Belə təəssürat yaranır ki, Yaqland Avropa Şurasının Azərbaycan üzrə baş katibidir. T.Yaqlandın Avropa Şurasının prinsiplərinə zidd olaraq, vaxtaşırı Azərbaycanla bağlı münasibət bildirməsi, Azərbaycanı daim xüsusi nəzarətdə saxlaması və Azərbaycanın öhdəliklərini necə yerinə yetirməsi ilə bağlı xüsusi araşdırmaya başlaması baş katib səlahiyyətlərindən kənara çıxması deməkdir. Baş katib Avropa Şurasının fəaliyyətini əlaqələndirən vəzifəli şəxsdir. Bu zaman təşkilatın bütün üzvlərinə qarşı eyni münasibət sərgilənməlidir. Yaqlandın son addımında isə biz bunu görə bilmirik. Azərbaycan Avropa Şurasına qəbul olunana qədər təşkilatın bir çox tələblərini yerinə yetirib. Azərbaycan Avropa Şurasına üzv olduqdan sonra öhdəliklərin yerinə yetirilməsi ilə bağlı monitorinq prosesindən keçir və hazırda da monitorinq prosesindədir. Azərbaycan öhdəliklərinin yerinə yetirilməsinə dair fəaliyyəti barədə daim həmməruzəçilər qarşısında hesabat verir və hər hansı problem yaranmır”.
Millət vəkili hesab edir ki, T.Yaqlandın Azərbaycanla bağlı xüsusi araşdırmaya başlamasının arxasında Azərbaycanı günahkar elan etmək, ölkəni Avropa Şurasının deyil, “Yaqland standartları”na uyğunlaşdırmaq cəhdləri görünür.
Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

Neftin qiymətində olan artım maaş və pensiyalara təsir edəcək? – VİDEO  

Hazırda dünya bazarında brend markalı neftin qiymətində artımlar müşahidə olunur. Bəs bu artımlar pensiya və maaşların …

Bir cavab yazın