Çərşənbə , Oktyabr 28 2020
Ana səhifə / Sosial / YAP-ın Ağdam təşkilatının yeni sədri müsavatçıdır?

YAP-ın Ağdam təşkilatının yeni sədri müsavatçıdır?

Bu barədə mətbuatda xəbərlər yayılıb; Müsavatın Ağdam təşkilatının qurucusu xəbəri təkzib edir
YAP-ın Ağdam rayon təşkilatına sədr təyin edilən Ağa Qəzənfər oğlu Zeynalovun əvvəllər Müsavat Partiyasının üzvü olması barədə mətbuatda xəbərlər dolaşır. Bu barədə ilk xəbəri “Azadlıq” qəzeti yayıb.

Məlumatda bildirilir ki, uzun müddət Ağdamın Qaradağlı orta məktəbinin direktoru işləyən A. Zeynalov həmin vaxt Müsavatın üzvü olub və edilən təzyiqlər qarşısında əqidəsini dəyişib YAP-a keçməyib. 2009-cu ildə Ağdam rayonuna icra başçısı təyin edilən Nizami Sadıqovun onu icra hakimiyyətində ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri vəzifəsinə gətirdiyi, məhz elə həmin gündən onun hakim partiyaya üzv olduğu yayılan xəbərlər sırasındadır.

Xəbəri dəqiqləşdirmək üçün Müsavatın Ağdam təşkilatının qurucusu, son qurultaydan sonra partiya sıralarından xaric olunan Əlövsət Əhədoğlu ilə əlaqə saxladıq. O, yayılan xəbəri yalanladı: “Heç vaxt o, Müsavatın üzvü olmayıb. Mətbuatda gedən məlumatlar yanlışdır. ”Azadlıq” qəzetinə neçə dəfə zəng edib, bu barədə məlumat vermək istədim ki, yanlışlığı düzəltsinlər. Çünki ən azından Ağdamda yaşayanlar bilirlər ki, bu informasiya düzgün deyil. Dəfələrlə zəng etsəm də, əlaqə yarada bilmədim. Bu xəbər dezinformasiyadan başqa bir şey deyil. Əgər onu şəxsi üzv kimi qəbul etmək lazım gəlsəydi, mən qəbul edərdim. Mənim də yaddaşımda belə bir şəxs yoxdur. Rayonla məlumatı dəqiqləşdirəndə oradan mənə dedilər ki, belə bir hal heç vaxt olmayıb. Müsavatın Ağdam təşkilatını mən qurmuşam. Əvvəlcə təşəbbüs qrupu yaradılıb və onun sədri olmuşam.

Sonradan da rayon təşkilatının 2 il sədri olmuşam. Sonralar da baş verən proseslərdə iştirak etmişəm. Dəqiq məlumatdır ki, o şəxs təşkilatın üzvü olmayıb. Sadəcə, onun AXCP üzvü olan, partiyanın tanınmışlarından sayılan bir şəxslə yaxın dostluğu olub, hətta qonşu olublar. Baxışları fərqli olsa da, bu, dostluqlarına kölgə salmayıb. Ola bilsin ki, bu xəbər oradan qaynaqlanıb. Əks halda, bu məlumatın başqa bir mənbəyi yoxdur. Həmin şəxsi tanıyıram, amma partiya üzvü kimi yox. Onun icra hakimiyyətində işlədiyini əvvəlcədən bilirdim. Amma müxalif meylli bir qurumun üzvü olduğunun şahidi olmamışam. Yaxından onunla söhbətim olmadığına görə müxalif fikirlərinin olduğunu deyə bilmərəm”.

Həmçinin oxuyun

42 obyektin koronavirusla bağlı qaydalara əməl etmədiyi aşkarlanıb

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair …

Bir cavab yazın