Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Sosial / YAP-çı deputatlar qeyri-müəyyənlik içində

YAP-çı deputatlar qeyri-müəyyənlik içində

Hakim partiyanın deputatlığa namizədlər siyahısını hələ açıqlamaması çoxlarının yuxusuna haram qatıb
Hakim Yeni Azərbaycan Partiyasının 1 noyabr parlament seçkilərində irəli sürəcəyi namizədlərin siyahısı hələ ki ictimaiyyətə açıqlanmayıb. Partiyanın icra katibinin müavini Siyavuş Novruzov bu yaxınlarda “Yeni Müsavat”a açıqlamasında namizədlər siyahısının seçkilərə rəsmi start veriləndən sonra açıqlanacağını bəyan edib. Yayılan informasiyalarda isə YAP-ın deputatlığa namizədlər siyahısı ilə bağlı durumun bir az qəliz olduğu deyilir.

Bildirilir ki, siyahıya kimlərin daxil edilməsi ilə bağlı hakimiyyət daxilində fərqli mövqelər var və bu mövqelər arasında gərginlik yaşanır. Məsələn, “Azadlıq” qəzetinin YAP-dakı mənbəyə istinadən yazdığına görə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevlə YAP-ın icra katibi, baş nazirin müavini Əli Əhmədovun hərəsinin öz siyahısı var. Bildirilir ki, Əli Əhmədov artıq YAP-da Paşayevlərə yaxın şəxs kimi tanınır və qəbul edilir: “Onun hazırladığı siyahıda da daha çox bu qruplaşmaya yaxın şəxslərin adı salınıb. Ramiz Mehdiyevin siyahısında isə əksinə, Naxçıvan qruplaşmasına daxil olan şəxslərin adı əks olunub. Ramiz Mehdiyev hazırda deputat olan və Paşayevlərə yaxınlığı ilə seçilən bəzi YAP-çıların üzərindən xətt çəkib”.

Məlumatda bildirilir ki, siyahılardan hansına üstünlük veriləcəyi hələ bəlli deyil. Çünki bu, ölkə prezidentinin daha çox kimə “stavka” etməsindən asılı olacaq. İlham Əliyev isə hələ qərarını açıqlamayıb.

“Yeni Müsavat”ın müxbiri ilə söhbətində isə tanınmış YAP üzvlərindən biri deyib ki, hakim partiyanın namizədlər siyahısının açıqlanmasını ən çox istəyən və bunu səbirsizliklə gözləyənlər hazırda deputat olan YAP-çılar və hakimiyyətin dəstəyi ilə seçilmiş bitərəf adlananlar, eləcə də parlamentdə təmsil olunan bir qrup partiya sədrləridir: “Onlar bilirlər ki, növbəti dönəm üçün deputat mandatı daşıyıb-daşımayacaqları məhz sözügedən siyahı açıqlanandan sonra xeyli dərəcədə məlum olacaq. Siyavuş Novruzovun bir müddət öncə müsahibəsində hakimiyyətin siyasətini yetərincə müdafiə, təbliğ edə bilməmiş, seçiciləri ilə ciddi işləyə bilməmiş deputatların bu dəfə YAP-ın siyahısına daxil edilməyəcəyini bəyan eləməsindən sonra deputatların çoxunun yuxusu çəkilib, narahatlıq içindədirlər. Ona görə də tezliklə bu narahatlıqdan xilas olmaq istəyirlər”.

Həqiqətən də hazırda YAP-ın deputatları və hakimiyyətə yaxın olan bitərəf deputatlar da qeyri-müəyyənlik içindədirlər. Heç kim heç nə bilmir, 5-6 nəfəri çıxmaqla heç kim növbəti seçkidə hakim partiyanın siyahısında adının olub-olmayacağından, ona dəstək verilib-verilməyəcəyindən əmin deyil. Ona görə də heç kim namizədliyini hansı dairədən irəli sürəcəyini belə dilə gətirə bilmir.

Mediadan olan suallara “hələ seçkiyə çox var” kimi özünü “yandırmamağa” hesablanan cavablar verirlər. Çünki bilirlər ki, nəinki hansı dairədən namizəd olmaq, hətta seçkidə iştirak etmək və ya etməmək onların özündən asılı məsələ deyil. Bu məsələləri yuxarılar həll edir. Kimin adı siyahıya daxil edilsə, seçkiyə də o qatılacaq, adı siyahıya daxil edilməyənlər-çıxdaş olanlar isə taleləri ilə barışmalı olacaqlar.

E.SEYİDAĞA

Həmçinin oxuyun

Maşın bazarında durğunluğun səbəbi nədir? (VİDEO)

Ötən illə müqayisədə avtomobil bazarında durğunluq müşahidə edilir. Bunu avtomobil bazarına üz tutan insanlarn sayından …

Bir cavab yazın