Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Sosial / “Xırda bir səhvdən ötrü vətəndaşı ünvanlı sosial yardımdan məhrum edirlər”

“Xırda bir səhvdən ötrü vətəndaşı ünvanlı sosial yardımdan məhrum edirlər”

2020-ci ilin birinci yarısında ölkədə 84 min 600 aztəminatlı ailənin 351 min 800 üzvü ünvanlı sosial yardım alıb. 2021-ci il iyulun 1-nə olan nəticələrə görə isə, ölkədə 62 min aztəminatlı ailənin 264 min 100 üzvü bu yardımdan faydalana bilir. Beləliklə, ünvanlı sosial yardım alan ailələrin sayı son 1 ildə təqribən 22 min nəfər azalıb.

Məlumat üçün qeyd edək ki, Azərbaycanda ünvanlı sosial yardımların verilməsinə 2006-cı ildən uşaqlara aylıq müavinətlərin dayandırılması ilə başlanılıb. O da məlumdur ki, ötən ilin əvvəllərindən Azərbaycanda koronavirus pandemiyası yayılmağa başladı. Bununla əlaqədar karantin rejimi tətbiq olundu, müəyyən məhdudiyyətlərə gedildi, pandemiya ilə əlaqədar sosial yardımlar edildi və s. Ancaq bu ilin əvvəllərindən başlayaraq müəyyən yumuşalmalara start verildi, iş yerlərində işçilərin sayı ilə bağlı tətbiq olunan kvota aradan qaldırıldı. Bütün bunlara baxmayaraq, pandemiyanın fəsadları tam aradan qaldırılmayıb. O üzdən nəzərə alsaq ki, koronavirus pandemiyası davam edir, pandemiyanın sosial təsirlərini hələ tam aradan qaldırmaq mümkün olmayıb, o zaman bu nə dərəcədə doğrudur? Rəvadırmı bu çətin vaxtda yardım alanların sayını azaltmaq?

Sözügedən məsələyə aydınlıq gətirən iqtisad üzrə fəlsəfə doktoru Firdovsi Şahbazovun fikrincə, bütün bunlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanlış sosial siyasəti üzündən baş verir: “Sabiq nazir Səlim Müslümov 5 il pafosla bəyan edirdi ki, elektronlaşma ilə əlaqədar ünvanlı sosial yardım sahəsində şəffaflıq olacaq. Məmur-vətəndaş əlaqəsi kəsiləcək. Ancaq bunların tam əksi oldu. Əvvəl vətəndaş ünvanlı yardım almaq üçün sosial təminat idarələrinə gəlirdi. Bununla bağlı tələb olunan sənədlərin sayı elə də çox deyildi. Elə ailə var idi ki, 5-6 sənəd toplamaqla yardım ala bilirdi. Müxtəlif orqanlardan – maliyyədən, məşğulluqdan, statistikadan, bələdiyyədən gələn nümayəndələr komissiya formasında müraciətə baxırdılar. Həmin komissiyalar daha şəffaf idi, nəinki indikilər. Çünki vətəndaş narazı qalanda həmin komissiyaya dəvət olunurdu. İnspektora, müdürə müraciət edirdi. Yəni vətəndaşın şikayət etməsi üçün kifayət qədər ünvanlar var idi. İndi isə tam əksinədir. Vətəndaş elektron formada sistemə müraciət edir və elə olur ki, telefon nömrəsini yazmaq yaddan çıxır. O dəqiqə vətəndaşa imtina cavabı gəlir. Bundan başqa, elektron formada vətəndaşın ünvanlı sosial yardım almaq haqqında müraciəti qəbul olunandan sonra komissiya təşkil edilir. Ailənin maddi-məişət şəraitinin müəyyən olunması ilə bağlı yoxlama təyin olunur. Elə əsl həngamə də bundan sonra başlayır. Ailələrə gedən inspektorlar heç nədən problem yaradırlar. Məsələn, vətəndaşa deyirlər soyuducuda kilosu 16 manatdan olan yağ var. Sən bunu necə almısan? Yaxud da deyirlər evdəki led televizor təzəyə oxşayır, onu necə almısınız? Bütün bu yersiz sorğu-sualdan insanlar bezir. Bir çoxları, ehtiyacı olduğu halda, məhz bu kimi hallar üzündən ünvanlı sosial ala bilmir. Ona görə yardım alanların sayı belə kəskin azalıb. Elə rayon var, orada 1000 nəfər ünvanlı sosial yardım almaq üçün müraciət edib, amma vur-tut 15 nəfərə yardım təyin edilib. Heç nədən, xırda bir səhvdən ötrü vətəndaşı yardımdan məhrum edirlər. Bütün bunlar əhali arasında narazılıqları bir növ körükləyir. Pandemiyanın davam etdiyi dövrdə, inflyasıyanın getdiyi bir vaxtda, işsizlik və məşğulluqla bağlı problemlərin olduğu bir zamanda ünvanlı sosial yardımı azaltmaq heç bir məntiqə sığmır. Üstəlik, bunu elə təqdim edirlər ki, guya insanların sosial-maddi rifahı artıb. Ən nəhayət, ƏƏSMN-nin, DSMF-nin rayon şöbələri ola-ola rayonlarda Dost Mərkəzləri şöbələri tikməyə ehtiyac yoxdur”.

Bir sözlə, ekspert hesab edir ki, ünvanlı sosial yardımın təyin olunmasında çoxsaylı problemlər var. (Bakı-Xəbər)

Həmçinin oxuyun

Birinci sinfə qəbul üzrə prioritet məktəblər – SİYAHI

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələri üzrə I sinfə qəbul prosesində prioritet …