Ana səhifə / Sosial / XİN-dən həmsədrlərin açıqlamasına SƏRT MÜNASİBƏT

XİN-dən həmsədrlərin açıqlamasına SƏRT MÜNASİBƏT

Xarici İşlər Nazirliyi ATƏT-in Minsk Qrupunun həmsədrlərinin 22 yanvar 2016-ci il tarixli açıqlamasına münasibət bildirib. XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərindəki vəziyyət ilə əlaqədar Avropa Şurası Parlament Assambleyasının müvafiq komitələrinin hazırladığı hesabatları və AŞPA-nın qış sessiyasında qəbul edilməsi gözlənilən qətnamələrinə dair mövqeyi ilə bağlı Xarici İşlər Nazirliyinin münasibəti 10 noyabr 2015-ci il tarixli bəyanatda ifadə olunub: “22 yanvar 2016-ci il tarixli açıqlaması ilə ATƏT-in MQ-nin həmsədrlərinin münaqişənin həllinə töhfə vermək niyyətində olan digər beynəlxalq təşkilatın fəaliyyətinə və həmçinin, ciddi narahatlıq doğuran məsələ ilə əlaqədar beynəlxalq təsisata müraciət etmiş dövlətin suveren hüquqlarına müdaxiləsi MQ-nin həmsədrlərinin vasitəçilik səylərinin dürüstlüyünü, onlara olan inam və etimadı sual altına qoyur.

ATƏT-in MQ-nin həmsədrləri BMT Təhlükəsizlik Şurası tərəfindən verilən mandatı hələ də doğrultmayıb və 20 ildən artıq bir dövr ərzində münaqişənin həllində heç bir irəliləyiş əldə olunmayıb. Belə ki, Azərbaycan Respublikasının ərazilərinin Ermənistan tərəfindən hərbi işğalı davam edir, qaçqın və məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması mümkün olmayib. Bunun da əsas səbəbi ATƏT-in MQ-nin Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalının davam etməsinə münasibətdə nümayiş etdirdiyi barışdırıcı mövqeyidir.

ATƏT-in MQ-nin həmsədrlərinin danışıqlar prosesinin inhisarçısı qismində çıxış etməyə heç bir əsası yoxdur. Mandatına uyğun olaraq, ATƏT MQ-nin həmsədrləri münaqişənin həlli prosesində BMT Təhlükəsizlik Şurasının 822(1993), 853(1993), 874(1993), 884(1993) qətnamələrinin tələblərini, eləcə də digər beynəlxalq təsisatların sənədlərini nəzərə almalıdırlar.

Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyət ilə əlaqədar Avropa Şurası Parlament Assambleyasının qış sessiyasının gündəliyinə çıxarılacaq qətnamələrə münasibətdə Ermənistanın təşviş içərisində olması rəsmi Yerevanın münaqişənin həllinə dair beynəlxalq ictimaiyyətin ədalətli və haqlı mövqeyindən nə dərəcədə qorxmasının daha bir göstəricisidir. Bu hal bir daha sübut edir ki, Ermənistanın məqsədi ATƏT Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə danışıqların davam etməsi imitasiyasının yaradılması ilə işğal və təcavüzə əsaslanan mövcud status-kvonun saxlanmasından ibarətdir.

Azərbaycan Respublikası beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, Ermənistanın Azərbaycana qarşı təcavüz və işğalının nəticələrinin aradan qaldırılması və regionda davamlı sülh və sabitliyin bərpa olunması istiqamətində bütün beynəlxalq təsisatların xoşməramlı fəaliyyətini və töhfəsini təqdir edir. Azərbaycan bu istiqamətdə bütün müqabil beynəlxalq təşkilatlarda fəaliyyətini davam etdirəcək”.

Həmçinin oxuyun

Mənzil bazarında bu evlərə kirayəçi tapılmır

“Mart ayında kirayə mənzil bazarında qiymətlərdə heç bir dəyişiklik baş verməyib. Bu da kirayənişin qıtlığı …

Bir cavab yazın