Sosial şəbəkədə biz:

Xəzərdə ekoloji fəlakət: milyonlarla insan təhlükə altında – XƏBƏRDARLIQ

Xəzərdə ekoloji fəlakət: milyonlarla insan təhlükə altında – XƏBƏRDARLIQ
Xəbər Şəkli
11 October 2026, 10:22
Sosial

Xəzər dənizində ekoloji vəziyyətin pisləşməsi və iqlim dəyişmələri region üçün ciddi təhlükəyə çevrilir. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Xəzər Ekoloji Sammitində çıxışı zamanı Dünya Bankının məlumatlarına istinad edərək bildirib ki, 2050-ci ilədək Xəzər regionunda iqlim dəyişmələri 2,5 milyondan çox insanın miqrasiyasına səbəb ola bilər. Tokayevin sözlərinə görə, əsrin sonunadək regionun bəzi ərazilərində temperaturun 5 dərəcəyədək yüksələcəyi proqnozlaşdırılır. Bu isə su qıtlığı, quraqlıq və torpaqların deqradasiyası kimi problemləri daha da ağırlaşdıra bilər.

Bəs iqlim dəyişmələri Xəzər regionunda əhalinin yaşayışına və miqrasiya proseslərinə necə təsir göstərə bilər? Azərbaycanı yaxın illərdə hansı ekoloji risklər gözləyir?

Globalinfo.aza danışan ekoloq Sadiq Həsənov deyib ki, təəssüf ki, Xəzər dənizində ciddi ekoloji vəziyyət yaşanır:

“Bəli, Xəzərin səviyyəsinin düşməsi davam edir. Bəzi rusiyalı alimlər beşillik proqnozlarında səviyyənin müvəqqəti artacağını bildirsələr də, dənizin səviyyəsində azalma dayanmayıb. Hazırda səviyyənin təxminən 10-15 santimetr azalması davam edir. Bunun bir neçə əsas səbəbi var. İlk növbədə, Volqa çayında suyun azalması, eləcə də Xəzəri qidalandıran digər çaylarda, xüsusilə Kür, Ural və Terek çaylarında su axınının həcminin azalması dənizin səviyyəsinin enməsinə ciddi təsir göstərir”.

Ekoloqun sözlərinə görə, iqlimdə baş verən kəskin dəyişikliklər, temperaturun yüksəlməsi və buxarlanmanın artması da səviyyənin azalmasına təsir edən əsas amillərdəndir:

“Volqa və digər çaylarda suyun azalmasına təsir edən amillərdən biri də iqlim dəyişmələridir. Kasım-Jomart Tokayevin Xəzər Ekoloji Sammitindəki çıxışı da regionda vəziyyətin nə qədər ağır olduğunu göstərir. Düşünürəm ki, Xəzərin səviyyəsinin azalması davam etdikcə ölkəmiz iqtisadi zərərlərlə üzləşəcək. Xüsusilə limanların dərinləşdirilməsi, platformalara və limanlara çıxışların təmin edilməsi, müvafiq meydançaların tikintisi üçün əlavə vəsait tələb olunur. Xəzər sahilindəki məşhur çimərliklərimiz də bu baxımdan diqqətə alınmalıdır. Çimərliklərin fəaliyyəti və turizm sektorunun inkişafı üçün xeyli əlavə maliyyə vəsaiti lazım olacaq”.

S.Həsənov qeyd edib ki, Xəzər dənizinin səviyyəsinin enməsi əhalinin miqrasiyasına da təsir göstərə bilər:

“Xəzəryanı regionlarda, o cümlədən Azərbaycanda, Qazaxıstanda, Rusiyada və Türkmənistanda əhalinin bir hissəsi balıqçılıqla dolanır. Təəssüf ki, Xəzərin səviyyəsinin azalması ilə yanaşı, çirklənmənin yüksək olması da balıq ehtiyatlarının xeyli azalmasına səbəb olub. Son məlumatlara görə, bu azalma davam edir. Xüsusilə nərə balığı kimi bəzi növlər artıq yox olmaq təhlükəsi ilə üzləşib. Onların qorunması və sayının artırılması əsasən süni yollarla, xüsusi zavodlar vasitəsilə həyata keçirilir. Bu da həmin növlərin təbii ehtiyatlarının ciddi şəkildə azaldığının göstəricisidir. Xəzəryanı ərazilərdə, o cümlədən Azərbaycanın bir sıra bölgələrində əhalinin balıqçılıqla dolanması onların gəlir imkanlarının azalması və miqrasiya etməsi riskini artırır”.

Sadiq Həsənov

Ekspert deyib ki, iqlim dəyişmələri nəticəsində əsrin sonunadək temperaturun 4-5 dərəcəyədək yüksəlməsi quraqlığın artması ilə müşayiət oluna bilər:

“Bu da əkin sahələrindən əldə olunan gəlirin azalmasına və əhalinin miqrasiyasına səbəb ola bilər. Xəzəryanı ölkələrin bu problemləri müzakirə etmək üçün bir araya gəlməsi müsbət addımdır. Düşünürəm ki, gələcəkdə mühüm qərarlar qəbul oluna bilər. Xüsusilə Rusiyanın Volqa çayında suyun səviyyəsinin artırılması üçün konkret addımlar atması Xəzərdə su səviyyəsinin müəyyən qədər yüksəlməsinə kömək edə bilər. Ən azı, səviyyənin azalmasının qarşısını almaq mümkün olar”.

S.Həsənov bildirib ki, Xəzər dənizinin səviyyəsinin geri çəkilməsi ciddi ekoloji fəsadlarla müşayiət oluna bilər:

“Bakı da daxil olmaqla, Xəzər sahilində yerləşən bir sıra şəhərlərdə uzun illər ərzində kanalizasiya və sənaye suları, neftçıxarma əməliyyatları zamanı yaranan lay suları, eləcə də neftlə qarışmış çirkab suları və çirkli qum qarışıqları dənizə axıdılıb. Bu da Xəzərin çirklənməsində mühüm rol oynayıb. Dənizin səviyyəsinin enməsi nəticəsində ağır metallarla zəngin çirkab suları dənizin daha dərin hissələrinə çöküb. Onların yenidən qarışması ciddi ekoloji problemlər yaradar. Səviyyənin azalması uzun müddət davam edərsə, mövcud ekoloji vəziyyət daha da pisləşə bilər”.