“Azərbaycana gələn xarici turistlər üçün sağlamlıq xidmətləri ƏDV-dən azad edilərsə, bu çox mühüm addım olar”.
Bunu Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının sədri Ruslan Quliyev deyib.
O bildirib ki, belə bir addım ölkəyə gələn turistlərə təqdim edilən sağlamlıq turizmi paketinin daha büdcəli və rəqabət qabiliyyətli olmasına imkan yaradacaq.
Qeyd edək ki, son günlər ölkədə sağlamlıq-tibbi turizmin inkişafı üçün bir sıra təkliflər irəli sirülür. Onlardan biri də xarici turistlər üçün ƏDV tətbiqi ilə bağlıdır.
Xarici turistlər üçün sağlamlıq xidmətlərinin ƏDV-dən azad edilməsi ilə bağlı iqtisadçı-ekspert Natiq Cəfərli öz fikirlərini bildirib:
“Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının sədri şəxsən tanıdığım, Azərbaycanda turizmin inkişafı üçün əzmlə çalışan insanlardan biri olan Ruslan Guliyev təklif verib ki, Azərbaycana gələn xarici turistlər üçün sağlamlıq xidmətləri ƏDV-dən azad edilsin, doğru təklifdir. Amma sistem problemini bir daha göstərir.
Xarici səfərlərdə olanların tez-tez istifadə etdiyi bir məsələ var – “Tax Free”, müxtəlif yerlərdə səfər etdikləri ölkələrdə aldıqları mallara ödədikləri vergiləri geri alırlar. Bu məsələnin fəlsəfəsi də odur ki, dövlətin topladığı vergi öz vətəndaşları üçün xərclənir, başqa ölkə vətəndaşının ödədiyi vergi bu məntiqə ziddir.
Əslində bizdə də “Tax Free” anlayışı var, amma bu alınan mallara aiddir, göstərilən xidmət sahəsi kənarda qalıb, bu isə doğru deyil. Bundan başqa bu xidmətdən istifadə xarici vətəndaşlar üçün elə də asan deyil, müəyyən şərtləri var:
1. Hesab-faktura (ƏDV daxil olmaqla) ən azı 300 manat olmalı və mallar alındığı tarixdən 90 gün ərzində hava yolu ilə ölkədən kənara aparılmalıdır.
2. Səlahiyyət verilən xidmət operatoru tərəfindən 20% xidmət haqqı və bank əməliyyatlarının aparılması kimi xidmətlərə görə haqq alınır, bu yüksək bir faizdir. Ruslan müəllimin təklifi yaxşıdır, sağlıq turizminə dəstək ola bilər, amma hökumətin doğrudan da turizmi inkişaf etdirmək kimi bir fikri varmı?!
Mən buna şübhə ilə yanaşıram, turizmi inkişaf etdirmək istəyən ölkə quru sərhədləri bağlı saxlamaz, təyyarə biletlərinin bu qədər baha olmasına imkan verməz, hələ də Avropa Birliyi ölkələri, ABŞ, Kanada, Yaponiya, Çin, Avstraliya və s. kimi ölkələrə viza tədbiq etməz, bu sahədə rəqabət mühitinin yaranmasına dəstək olar. Axı bu problemlər qaldıqca ölkə turizmi necə inkişaf edə bilər?”