Şənbə , Aprel 20 2024
Ana səhifə / Sosial / Xarici Kəşfiyyat Xidmətinin emblemi təsdiq edilib

Xarici Kəşfiyyat Xidmətinin emblemi təsdiq edilib

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin emblemi haqqında” fərman imzalayıb. 

Sənədlə “Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin emblemi haqqında Əsasnamə” təsdiq edilib.

Əsasnamədə qeyd olunub ki, Xarici Kəşfiyyat Xidmətinin emblemi xarici kəşfiyyat orqanlarının rəmzidir. O, Xidmətin hər bir əməkdaşına Azərbaycan Respublikasının milli təhlükəsizliyinin təmin edilməsinə yönəlmiş kəşfiyyat fəaliyyəti üzrə öz xidməti vəzifələrini vicdanla və layiqincə yerinə yetirmək borcunu xatırladır. Emblem xarici kəşfiyyat orqanları əməkdaşlarının, həmçinin silah, xüsusi vasitə, texnika və digər əmlakın Xidmətə mənsubiyyətini bildirən nişandır. Emblem Xidmətin blanklarında, xarici kəşfiyyat orqanlarının inzibati binalarının adı göstərilən lövhələrində, geyim formasında və fərqlənmə nişanlarında yerləşdirilir. Emblemin təsvirindən Xidmətin çap məhsullarında, kino, video və fotomateriallarında və Xidmətin sifarişi ilə hazırlanan reklam-informasiya və suvenir məhsullarında (bukletlər, təqvimlər, nişanlar, vımpellər, saatlar, medalyonlar, dəftərxana ləvazimatları, suvenirlər və digər məhsullar) istifadəyə yol verilir.

Xarici Kəşfiyyat Xidmətinin emblemi göy (peyğəmbərçiçəyi) haşiyəli tünd göy dairə formasındadır. Dairənin kənarında qövs boyunca tünd qızılı hərflərlə yuxarıda “AZƏRBAYCAN RESPUBLİKASI”, aşağıda “XARİCİ KƏŞFİYYAT XİDMƏTİ” sözləri yazılıb. Dairənin ortasında səkkiz yerdən qızılı qadaqla bərkidilmiş, göy (peyğəmbərçiçəyi) haşiyəli tünd göy rəngli dairəvi qalxan təsvir edilib. Qalxanın dairəyə nisbəti 5:6-dır. Qalxanın mərkəzində qızılı rəngdə səkkizguşəli ulduz, onun üzərində tünd göy rəngli dairənin fonunda qızılı rəngdə aypara və ayparanı bütöv bir dairə şəklində tamamlayan qızılı rəngdə qılınc təsviri var. Ulduzun guşələrinin ucları qalxanın hüdudları ilə məhdudlaşır. Ayparanın daxilində üzərində meridian və paralellərin kəsişdiyi qızılı rəngdə kürə təsvir olunub. Kürənin yuxarı sağ dörddə birində qövs şəklində Azərbaycan Respublikası Dövlət bayrağının rəngləri əks etdirilib.

Həmçinin oxuyun

Silah-sursat anbarının tikintisi ilə bağlı qalmaqal: 11 il həbs və 10 milyonluq əmlak müsadirəsi

Müdafiə Nazirliyinin sifarişiylə silah-sursat anbarının tikintisini öhdəsinə götürmüş “Bina Tikinti Kompaniyası” MMC-nin rəhbəri Üzeyir Həsənova 11 …

Bir cavab yazın