Ana səhifə / Sosial / Xalq onlar üçün bircə manatından keçmədi – Zahid Oruc

Xalq onlar üçün bircə manatından keçmədi – Zahid Oruc

Azərbaycanın hakimiyyət əleyhdarları güclərini əsasən sosial elektoratdan, cəmiyyətdən almırlar, əsas dayaqları millət deyil. Onların canı səfirliklərdədir.

 

Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Zahid Oruc deyib. Referendumla bağlı istənilən müxalif qüvvənin təşviqat və anti-təbliğat hüququnun olduğunu qeyd edən millət vəkili bildirib ki, buna görə müxalifəti qınamaq fikrində deyil:

 

“Lakin bunaqədərki dövrdə bir “Məhsul” stadionuna yığışacaq qədər zəif olan qüvvələrin imkanlarını görmüşük. Bu, bizdə açıq-aşkar o qənaəti yaradır ki, on illərdir Azərbaycanın hakimiyyət əleyhdarları güclərini əsasən sosial elektoratdan, cəmiyyətdən almırlar, əsas dayaqları millət deyil. Onların canı səfirliklərdədir. Keçmişdə dəfələrlə müzakirə mövzusu olub ki, diplomatik korpusların səlahiyyəti hara qədərdir? Əlbəttə, kimsə iddia etmir ki, belə görüşlər baş verməsin. Onlar ölkənin bütün siyasi kəsimi ilə dialoq və diskussiya şəraitində tədbirlərini həyata keçirə bilərlər. Ancaq çətin təsəvvür edirəm ki, istənilən bir Avropa ölkəsində, məsələn, Almaniyada müxtəlif aksiyalarda həbsə məruz qalan, polisin zorakılığını görən mitinqçilərlə Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazovun görüşü olsun. Bu reallaşsaydı, Almaniya tərəfindən Azərbaycana münasibət nə cür olacağını təxmin etmək o qədər də çətin olmazdı. Bir məsələni dəqiq bilməliyik ki, müxalifətin əsas, siyasi maliyyə qaynağı diplomatik korpuslar olub. Bu keçmişdə də özünü göstərib. Düzdür, son illər xeyli zəiflədiyindən müxalifətin çevrəsi, vitrini kasıblaşmışdı. Amma onların rəhbərləri haqqında bunu söyləmək olmaz. Çünki uzun illər ərzində heç yerdə işləmədiyini deyənlər qətiyyən fiziki çəki itirmirlər, övladlarının səfərləri isə Avropa ölkələrinin birindən başlayıb uzaq okeana qədər gedib çıxır. Bütün bunlar müftə ola bilməz. Ona görə də referendum, konstitusiya, siyasi aksiyaların əleyhinə olduqlarını deyənlər yüz minlərlə Azərbaycan insanından asılı olduqlarını, onların tərəfindən idarə edildiklərini və maliyyələşdirildiklərini göstərə bilmirlərsə, bu özü mühüm bir nəticədir”.

 

Z.Oruc vurğulayıb ki, müxalif qüvvələrin mitinqləri hər hansı bir tərəfdar kütləsi toplaya bilməyəcəyindən xüsusi nəticələr də doğurmayacaq və referendumun yekunlarına təsir etməyəcək:

 

“Xatırlayırsızsa, 2013-cü ildə prezident seçkiləri zamanı müxalifət xüsusi hesab yaratmışdı. Həmin qüvvələr xalqa müraciət edərək hər kəsdən 1 manat dəstək kampaniyası başlatmışdılar. O zaman cəmi 5 min manat vəsait yığılmışdı, onunda əsas hissəsini bir-iki şəxs vermişdi. Deməli, Azərbaycan vətəndaşı müxalifətin hakimiyyətə gəlməsi üçün bircə manatını belə qurban verməyə razı deyil. Çünki vətəndaş yaxşı bilir ki, sonra bütün imkanlarını, sabitliyini itirəcək, ölkənin bütövlüyünə yeni zərbələr gələcək. Azərbaycan vətəndaşı bu gün qətiyyən hakimiyyətin dəyişilməsinin tərəfində deyil”.

 

Millət vəkilinin sözlərinə görə, hazırda əsas təlimat bazası rolunda çıxış edən səfirliklər az qala müxalif missiyanı öz üzərlərinə götürüblər:

 

“Bir azdan həmin səfirliklərin real olaraq müxalifət missiyasını həyata keçirdiyini görsəniz, təəccüblənməyin. Ötən gün Avropa Birliyinin məsul şəxsinin Türkiyə əleyhinə bəyanatını şərh etdik. Bizim də daxili həyatımızdakı vəziyyət bundan ibarətdir. Təəssüf ki, keçmişdə ayrı-ayrı səfirliklərin və səfirlərin bütün diplomatik normalardan kənara çıxaraq Azərbaycanın daxili həyatında siyasi statusda iştirak addımlarından danışa bilərik. Lakin Azərbaycanda elə müxalifət var ki, yüz səfirlik də yığılsa, onları böyük qüvvə halına gətirib inqilabi vəziyyət yarada bilməz. İnqilabı səfirliklər yox, xalq etməlidir. Xalq da bu inqilabın tərəfində deyil”.

Həmçinin oxuyun

“Vəziyyətimiz acınacaqlıdır, Kəlbəcərə qayıtmaq istəyirik, adımızı siyahıya salmırlar”

Kəlbəcərin Ağdaban kəndindən olan Sadiq Məmmədov deyir ki, 30 ildən çoxdur qazı, şəraiti olmayan yataqxanada …

Bir cavab yazın