Ana səhifə / Sosial / “Xalq Bank” sahibkarların obyektini əlindən alır – VİDEO

“Xalq Bank” sahibkarların obyektini əlindən alır – VİDEO

Paytaxt Bakının Səməd Vurğun küçəsi, 120 ünvanında yerləşən “Yasmin” ticarət mərkəzindəki müxtəlif ölçülü obyekt və ofislərin külli miqdarda qiymətləndirilən dəyərlərini tam ödəməklə, öz adlarına alıb, bizneslərini quran 22 nəfər iş adamının fəaliyyətinə qanunsuz olaraq mane olanların, sanki veclərinə də deyil.

Bu biznes mərkəzi ətrafında çoxdan yaranan və səngimək bilməyən qalmaqalların, hətta polis və prokurorluq orqanlarında, müxtəlif instansiya məhkəmələrində mübahisə obyektinə çevrilməsi də deyilənlərin sübutudur.

Həmin qalmaqallar barədə, ölkə mətbuatı ilə bərabər, biz də xeyli yazı dərc etmişik. Yazılarımızda xüsusi olaraq onu vurğulamışıq ki, “Xalq Bank” Açıq Səhmdar Cəmiyyətinin rəhbər şəxsləri tərəfindən, “Mars-M” MMC-nin tərkibindəki “Yasmin” ticarət mərkəzindən 2008-2013-cü illərdə özlərinə obyektlər alan və orta bizneslə məşğul olan həmin iş adamlarının başlarına olmazın oyunlar açılıb. Nəticədə, onlar artıq öz şəxsi əmlakları ilə bərabər, bizneslərindən də məhrum olmaq təhlükəsiylə üz-üzə qalıblar.

Bir sözlə, bu MMC-nin hazırda həbsdə olan “Moren” kriminal ləqəbi direktoru Mərhəmət Bəşirovla bərabər, “Xalq Bank”-ın həmin rəhbər şəxslərinin 22 nəfər sahibkarın üstündə açıq-aşkar “kredit qumarı” oynadıqları yazılarımızın əsas mövzusuna çevrilib. Ümumi sahəsi 20800 kvadratmetr olan 8 mərtəbəli “Yasmin” ticarət mərkəzi binasının, bütöv olaraq, qanunsuz “Xalq Bank”a girov qoyulması isə, həmin yazıların xüsusi vurğulanan kriminal süjet xəttini təşkil edir.

Doğrudan da, indiyədək adı bir sıra digər qatı cinayətlərdə hallanan Mərhəmət Bəşirovun bu “kredit hekayəsinin” özünəməxsus kriminal süjet xətti var. Bu süjet xəttinin əsası belədir ki, o, “Yasmin” adıyla tanınan qeyri-yaşayış binasından 22 şəxsə 30 müqavilə üzrə 1872,27 kvadratmetr sahənin satılması faktını qəsdən bildirmədən, “Xalq Bank”la kredit müqavilələri bağlamağa nail olub və külli miqdarda qanunsuz kreditlər götürüb. Bir ətək – 5 milyon manatdan çox pul töküb, bu ticarət mərkəzində obyekt alan həmin iş adamlarına 10 ildən sonra məlum olub ki, şirkətin sahibi onların adına rəsmiləşdirdyi obyektləri də həmin banka girov qoyub. Sonda, “Mars-M” “Xalq Bank”-a külli miqdarda borclu qaldığı üçün, bank bunun qarşılığında həmin sahibkarların dəyərləri milyonlarla ölçülən həmin halal ofis və obyektlərinə də əl qoyub.

Halbuki “Xalq Bank”ın həmin sahibkarlara qarşı heç bir iddiası olmamalıydı. Ona görə ki, onların özləri öz obyektlərini girov qoyub, bu bankdan kredit götürməyiblər. Qanunsuz yolla, fırıldaqla və saxta yolla girov qoyub, kredit götürən “Mars-M” firmasının təsisçisi və direktoru Mərhəmət Bəşirovdur. O da, hazırda həbsdədir və törətdiyi cinayətə görə cəzasını çəkir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 195.2 və 308.2-ci maddələri üzrə İttiham edilən Mərhəmət Bəşirovun taleyinin necə olacağını isə, iş üzrə cinayət işinin ibtidai istintaqı başa çatdıqdan sonra, materialların baxılması üçün göndərildiyi Yasamal Rayon Məhkəməsi müəyyən edəcək.

Hakim Hüseyn Səfərovun icraatına verilən və Mərhəmət Bəşirovun ciddi şəkildə təqsirləndirildiyi bu cinayət işinin məhkəmə araşdırması xeyli vaxtdır davam edir. İttihama görə, zərərçəkən “Xalq Bank” ASC ilə bərabər, mərkəzin binasından özlərinə obyekt alan həmin 22 nəfər də, işdə zərərçəkən şəxs qismində tanınıblar. Nə olsun, indiyədək obyektləri qanunsuz olaraq əllərindən alınan çətin durumlu həmin iş adamlarının bir neçəsinin haqlı tələblərinə bəzi məhkəmələrin məhəl qoymaması, “Mars-M” firmasının, o cümlədən “Xalq Bank” ASC-nin vəzifəli şəxslərinin məsuliyyətdən tamamilə kənarda qalmaları, gizli çox mətləbləri ortaya çıxarır. Elə, zərərçəkən sahibkarları daha çox qorxudan da budur.

Bakı Apellyasiya, Respublika Ali və Konstitusiya məhkəmələrinin, həmin sahibkarların bəzilərinin xeyrinə 1 saylı Bakı İnzibati-İqtisadi və digər instansiya məhkəmələrinin çıxardıqları qətnamə və qərarları ləğv edərək, onların mənafelərinə qarşı ağlasığmaz qərarlar çıxarmaları isə, onların bu qorxu hisslərini gündən-günə daha da artırır.

Bütün bunlar, “Xalq Bank” ASC-nin “Mars-M” MMC ilə birgə əvvəlcədən qurduqları oyunun – qanundankənar sövdələşmənin nəticəsi olduğunu, 2008-ci ildən burada sahibkarlıq fəaliyyəti ilə məşğul olan həmin vətəndaşların əmlak hüquqlarını kobud şəkildə pozmaqla, sonda, bu şəxslərin üstündə 17 milyon dollarlıq kredit oyununa getməkdən belə çəkinmədiklərini ortaya çıxarır.

Artıq, Yasamal Rayon Məhkəməsinin son qərarını gözləməyən “Xalq Bank” rəhbərləri onların əmlaklarını, faktiki olaraq, qanunsuz ələ keçirmək istədiklərini bir daha sübut ediblər. Daha dəqiq desək, illər əvvəl “Mars-M” firması ilə qurduğu kredit-ipoteka oyununun məhkəmə mərhələsində binaya qanunsuz mühafizə yerləşdirib, onların öz obyektlərinə girişinə, qanuni əsaslarla aldıqları əmlaklarından təyinatına uyğun istifadə etmələrinə mane olmaqla, onları çoxdan qanunsuz ələ keçirdiklərini bir daha orta qoyublar.

Ümumiyyətlə, banklara olan kredit borcu əgər vaxtında ödənmirsə, onda nə baş verir? Təbii ki, öhdəliyin təminatı olaraq, borclu əmlakını girov qoyubsa, tələb əmlaka yönəldilir -əgər, həmin əmlakın girov qoyulması, sənədlərinin tam araşdırılması barədə məlumatların buna imkan verməsindən sonra mümkün olubsa. Bəs, “Yasmin” girov qoyulanda, mövcud qanunun tələblərinə əməl olunubmu? Əsla, yox!

Məhkəmədə çıxış edən sahibkarlar, onların vəkilləri və hüquqi nümayəndələri bunu xüsusi vurğulayırlar. Deyirlər ki, bank bu zaman diqqətli olub, dəqiq məlumatlar toplamağa məhəl qoymayıb. Guya, banka sonradan məlum olub ki, ticarət mərkəzindəki obyekt və ofislər başqa-başqa vətəndaşlara satılıb. Mərhəmət Bəşirovun “Yasmin”i ümumilikdə “Xalq Bank”a girov qoymaqla kredit götürdüyü, külli miqdarda olan həmin pulu geri qaytarmadığı obyekt sahiblərinə isə, adlarına rəsmiləşdirilən həmin əmlaklarını özlərinin bizneslərinə uyğunlaşdırıb, işə başlayandan çox sonra məlum olub.

Şərtlərə görə, hər hansı bank bu boyda kredit verəndə, daha diqqətli olması tələb olunur. Lakin “Xalq Bank” kredit götürənin kredit dosyesini (tarixçəsini) dəqiq hazırlamayıb. Yəni, kredit dosyesi hazırlananda Mərkəzi Bankın təsdiq etdiyi və Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmış “Banklarda kreditlərin verilməsi Qaydaları”nın müvafiq bənd və əlavəsində təsbit edilmiş şərtlərə əməl edilməyib.

Amma qaydaların qısa məzmunu belədir ki, bankda bütün borcalanlar üzrə kredit dosyesi aparılmalı, orada müəyyən zəruri sənədlərdən əlavə, kreditlərin verilməsinin, monitorinqinin və nəzarətinin aparılması üçün tələb olunan minimum sənədlər belə mütləq olmalıdır. Təəssüf ki, “Xalq Bank” bu vacib şərtə də, başdansovdu yanaşıb, bunu nəzərə almayıb və indi, kredit dosyesindəki vacib sənədləri məhkəməyə təqdim etmək də istəmir.

Çünki keçmişində qaranlıq məqamlar çoxluq təşkil edən Mərhəmət Bəşirovun fəaliyyəti araşdırılsaydı, ona kredit verilməzdi. Üstəlik, “Xalq Bank” Açıq Səhmdar Cəmiyyəti, 04 oktyabr 2013-cü il və 08 iyul 2015-ci il tarixlərində kredit müqavilələri bağlayaraq, birinci dəfə 10 milyon, ikinci dəfə isə, 17 milyon dollar məbləğində krediti, qiyməti bu rəqəmdən üç dəfə az olan “Yasmin” ticarət mərkəzinin girov qoyulması müqabilində də verməzdi.

Məhkəmə işinə obyektiv baxılması üçün bütün sənədlərin, yəni kredit dosyesinin tam təqdim edilməsi zəruridir. Lakin bank bunu etmir. Baş verən bütün qanunsuzluqlar isə ona dəlalət edir ki, vaxtilə Mərhəmət Bəşirovla saxta biznes əlaqələrinə girməkdən çəkinməyən “Xalq Bank” ASC rəhbərləri onların əmlaklarını əllərindən almaqda çox israrlıdır.

Onlar kredit adıyla bir qrup iş adamının halal obyektlərinə əl qoymaqla, mövcud qanunvericilikdəki əmlak hüquqlarının tələblərini kobud şəkildə pozmaqdan belə çəkinməyərək, həmin sahibkarların gələcəyə dair planlarını tamamilə puça çıxarıb, bizneslərini davam etdirməyə imkan vermirlər. Beləcə, 22 nəfər həmin iş adamı da, acınacaqlı tale yaşamağa məhkum edilirlər.

Yasamal Rayon Məhkəməsindəki son proses zamanı hakimin zərərçəkən iş adamlarına qarşı münasibətinin kəskin şəkildə dəyişməsi, onlar tərəfindən verilən və haqlı tələblərlə dolu vəsatətlərin heç birini qəbul etməməsi, “Xalq Bank” ASC-nin vəkili Muxtar Mustafayevin məhkəmə prosesi zamanı oyun çıxarmasına, çox hallarda onun məhkəmə etik davranış qaydalarını kobud surətdə pozmasına və qanunsuz digər hərəkətlərinə göz yumması da, əvvəlcədən qurulan bu kredit oyunun çox gizlinlərinin olduğunu təsdiqləyir.

Bütün sadaladıqlarımız onun sübutudur ki, “Xalq Bank”çılar artıq zərərçəkən iş adamları ilə kəllə-kəlləyə gəlməkdən çəkinmirlər. Elə, paytaxt Bakının ən görməli yerində ucaldılan bu gözəgəlimli ticarət mərkəzini ələ keçirmək xatirinə də, bankirlər milyonlarını bu qanunsuz kreditlərə buraxmaqdan çəkinməyiblər. Bankirlərin çoxdankı arzularının gerçəkləşməsində isə, Yasamal Rayon Məhkəməsi də, onların daha bir dəstəkçisinə çevrilir.

Mənbə Araz.az

Həmçinin oxuyun

Başı yarılan uşağa yardım etməyən həkimlərlə bağlı qərar verildi

Jurnalist Məhərrəm Əliyev bir neçə gün öncə qardaşı oğlunun başından xəsarət aldığını, lakin xəstəxanaların heç …