Şənbə , Aprel 20 2024
Ana səhifə / Sosial / Xəzərdə ekoloji fəlakət: Suitilər niyə kütləvi qırılır?

Xəzərdə ekoloji fəlakət: Suitilər niyə kütləvi qırılır?

Rusiya Federasiyasının Dağıstan Muxtar Respublikasının Xəzər dənizi sahillərində 2500-ə yaxın suitinin ölü tapılması son 10 ildə ilk hadisədir. Belə hallar əvvələr olsa da, bu, azlıq təşkil edib. Xəzərin Azərbaycan sahillərində də suiti cəsədlərinin aşkarlanmasından sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri tərəfindən monitorinq keçirib və nümunələr götürüb. Buna əsasən yırtıcı məməməlilərin kütləvi ölüm səbəbləri müəyyən olunacaq.

Zoologiya İnstitutunun Hidrobiologiya laboratoriyasının aparıcı elmi işçisi, dosent Süleyman Süleymanov AzVision.az -a açıqlamasında suitilərin kütləvi ölümünün müxtəlif səbəblərdən ola biləcəyini qeyd edib. O vurğulayıb ki, hər il noyabr-dekabr aylarında suitilər sürü şəklində Xəzərin Şimal hissəsində Dağıstan sahillərində cəmləşirlər. Daha sonra balalamaq üçün Xəzərin Qazaxıstan sahillərinə gedirlər. Yayda isə Azərbaycan sahillərində dağınıq halda olurlar.

“Ola bilsin ki, Rusiya ərazisindən Xəzərə axıdılan çaylarda güclü çirklənmə baş verib və kütləvi ölüm olub. Digər versiya balıqçıların ov zamanı partlayıcılardan istifadə etməsidir. Başqa versiya isə Rusiyanın dənizə raket atması ilə bağlıdır. Qeyd edilir ki, kütləvi ölüm həmin zamana təsadüf edir. Amma tam dəqiq nəticə monitorinqin nəticələri açıqlanandan sonra olacaq”, dosent əlavə edib.

Elmi işçi yırtıcı məməlilərin suiti taunundan ölməsi barədə iddiaların inandırıcı olmadğını vurğulayıb: “İnfeksion xəstəliklər suitiləri kütləvi şəkildə qıra bilməz. Bir-iki günün ərzində Xəzərin şimalında, Rusiya hissəsində 2500 suitinin qırılması faktı aşkarlanıb. Bu, çox güman ki, suyun toksiki zəhərlənməsi ilə bağlıdır”.

Həmçinin oxuyun

Adı məktəblilərin zəhərlənməsində hallanan şirkət bu dəfə DİM-ə yemək satacaq

Dövlət İmtaham Mərkəzi (DİM) tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “TAİS-İKF” MMC (VÖEN-1400019741) olub.Yeniavaz.com xəbər verir ki, …