Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Sosial / Xəzərə axıdılan çirkli suyun mənşəyi məlum oldu — VİDEO

Xəzərə axıdılan çirkli suyun mənşəyi məlum oldu — VİDEO

Baku Tv-yə Xəzər dənizinin çirkab suyu ilə bağlı şikayət videosu göndərilib.


Televiziyanın əməkdaşları şikayət əsasında Lökbatan dairəsi yaxınlığında yerləşən Şıxov çimərliyi ərazisinə gedərək süjet hazırlayıb.


Borudan dənizə axıdılan su təxminən 5-10 dəqiqədən bir gah durulur, gah da bulanır. Yəni daimi çirkli su axmır. Yəqin ki, bu da hansısa istehsal prosesi ilə bağlıdır. Videogörüntülərdə axıdılan suyun yaxınlıqdakı sement zavodundan qaynaqlandığı qeyd edildiyinə görə, əməkdaşlar həmin müəssisəyə üz tutub.


Həqiqətən də ərazidə hər hansı istehsal prosesi görünməyib. Zavoddakı beton istehsal edən qurğular isə tamamilə fəaliyyətsiz vəziyyətdədir. Üstəlik, borunun mənbəyi də digər zavoda aiddir.


Nəhayət, əməkdaşlar borunun başlanğıc götürdüyü gəmi təmiri zavoduna çatıblar. Müəssisənin baş mühəndisinin sözlərinə görə, videogörüntülərdə əks olunan fikirlər tamamilə yanlışdır. Gəmilərin rahat yan alması üçün ərazidə dib dərinləşdirmə işləri aparılır. Axıdılan su da qazıntı zamanı gillə suyun qarışığından əmələ gəlib. Qısacası sementli su yox, palçıqlı su.


Baş mühəndis bildirib ki, Ekologiya və Təbii Sərvətlər nazirliyindən əraziyə baxış keçirilib və proseslə tanışlıq olub. Yəni hər-hansı qeyri-qanuni fəaliyyətdən söhbət gedə bilməz.


Bu məqsədlə Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə də əlaqə saxlanılıb. Qurumdan bildirilib ki, həqiqətən də əraziyə baxış keçirilib. Axıdılan suyun isə heç bir ziyanı yoxdur. Çünki dəniz suyu ilə gilin qarışığından əmələ gələn sırf palçıqdır. Bir sözlə, dənizdən götürülən dənizə də qayıdır.

Həmçinin oxuyun

“OMİD” 10 min manatədək cərimə oluna bilər – Məhkəmə davam edir

Azərbaycanda inşaat mallarının topdan və pərakəndə satışı üzrə ən böyük satış mərkəzlərindən birinə sahiblik edən …