Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Sosial / Vurğun Əyyub Müsavatın Məclis üzvlüyündən çıxarıldı

Vurğun Əyyub Müsavatın Məclis üzvlüyündən çıxarıldı

Bu gün Müsavat partiyasının qərargahında partiya Məclisinin toplantısı başlayıb.  İclasda Məclisin boş qalan 26, MNTK-nın isə  4 yerinə seçkilər keçiriləcək. Məclisdə boş qalan yerlər uğrunda 28, MNTK-da isə 3 namizəd mübarizə aparır.  
“Yeni Müsavat”ın əməkdaşı Cavanşir Abbasın verdiyi məlumata görə, Məclisin toplantısında ilk çıxış edən Məclis sədri Nüşabə Sadıqlı iştirakçıları salamlayıb. Daha sonra Müsavatın himni səsləndirilib, ötən sessiyadan bu yana həyatlarını itirən müsavatçılar bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra iclasın gündəliyi elan edilib və səsə qoyularaq qəbul olunub. Gündəliyin ilk məsələsi Müsavat başqanı Arif Hacılının məruzəsidir. Məclis sədri Vurğun Əyyubun Məclis üzvlüyündən çıxarılması ilə bağlı müsavatçıların təklif verdiklərini də elan edib.
Məclis üzvü Latafat Məlikova təklifin əleyhinə çıxış edib: “İclasda üç dəfə iştirak etməyən şəxs avtomatik xaric olunur. Bu baxımdan çıxarılma kimi qəbul etmək doğru deyil”.
 
Müsavat başqanının müavini Elman Fəttah isə qeyd edib ki, V. Əyyubun Məclis üzvlüyündən çıxarılması səs verməyə qoyulmalı deyil, çünki artıq bu istefadır və Məclis üzvləri tərəfindən təsdiq olunmalıdır.
Müsavat Qadınlar Birliyinin sədri Ellada Məmmədli də təklifin əleyhinə çıxış edib.
İsa Qəmbər təkliflə bağlı bunları deyib: “Heç bir səsverməyə ehtiyac görmürəm. Vurğun Əyyub bizim köhnə dostumuzdur və ona qarşı belə hörmətsizliyi qəbul etmirəm. Ancaq Vurğun Əyyub öz qərarını verib ki, özünü Məclis üzvü hesab etmir. Mən təklif edirəm ki, bu məsələ səsverməyə qoyulmasın. Çünki özünü Məclis üzvü hesab etməyən şəxsin adı üzvlük siyahısından çıxarılmalıdır, heç bir səsverməyə ehtiyac da görmürəm”.
Beləliklə, Vurğun Əyyubun adı Məclis üzvü siyahısından çıxarılıb.
Bununla Məclisdə 27 boş yer qalıb. Bir nəfər namizədliyini geri götürüb.
Partiyanın Təşkilat Komitəsinin sədri Razim Əmiraslanlı rayon təşkilatlarında sədr seçilən şəxslərlə bağlı məlumat verib.
Şirvan, Səbayel, Sabunçu təşkilatlarının yeni sədrlərini Məclis təsdiq edib.
Müsavat İcra Aparatının sədri Gülağa Aslanlı Məclisə namizədliyini verən şəxslərin siyahısını elan edib. Hər bir namizəd özü barədə məlumat verib.
Cavanşir Abbasov









Həmçinin oxuyun

Pensiya, maaş və müavinətlər yenidən artırılır

Cari ilin yanvar ayında ölkədə əmək pensiyaları artırılsa da, maaş və əlilliklə bağlı müavinətlər olduğu …

Bir cavab yazın