Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Sosial / Vitrində bir qiymət, kassada ayrı… – Marketlərdəki fırıldaqlığa niyə göz yumulur?

Vitrində bir qiymət, kassada ayrı… – Marketlərdəki fırıldaqlığa niyə göz yumulur?

Bəzən marketlərdə malların vitrindəki qiyməti ilə kassadakı qiymətləri uyğun gəlmir. Vitrindəki qiymət ucuz olsa da kassada bunun əksini müşahidə etmək olur. Bu problem marketlərdə alıcılarla satıcılar arasında ən çox rast gəlinən mübahisə mövzusudur.
Hazırda marketlərdə olan bütün malların qiymətində artım var. Bəzi marketlər “ucuz qiymətlərlə” alıcı cəlb etməyə çalışırlar. Lakin bu zaman müştəriləri aldadırlar. Belə ki, vitrindəki qiymətlərlə kassadakı qiymətlər uyğun gəlmir. Bunu isə diqqətli olan, malı aldıqdan sonra qəbzdəki qiymətlə tutuşduran alıcılar aşkar edirlər.

Bəs belə olan halda müştəri nə etməlidir? İstehlakçı hüquqlarını müdafiəsi üçün hara müraciət etməlidir?

Məsələ ilə bağlı Bakupost.az –a danışan Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov bildirib ki, o özü də belə hallarla tez-tez üzləşir:

“Bu məsələ ilə bağlı hər həftə istehlakçılardan 2-3 telefon zəngi daxil olur. Bunun bir neçə səbəbi var. Birinci səbəbi qanunlarda axtarmaq lazımdır. Çünki cəmiyyəti insanlar yox, qanunlar idarə edir. İstehlakçıların hüquqlarının müdafiəsi haqqında qanun 1995-ci ildə qəbul olunub, ondan sonra 7 dəfə dəyişiklik aparılıb. Lakin bu dəyişikliklərin hamısı istehlakçıların zərərinə olub. Azərbaycan hökuməti biznes qurumları üçün dünyanın heç bir yerində olmayan gözəl şərait yaradıb. Onlara heç kim toxuna və yoxlaya bilməz. Amma təəssüflər olsun ki, biznes qurumları dövlətin apardığı bu əhəmiyyətli siyasətdən sui-istifadə edir və istehlakçı hüquqlarını pozan çoxsaylı hallara yol verirlər. Bizə daxil olan bu tip şikayətlərin hamısında istehlakçı deyir ki, iradımızı bildirəndə bunun tekniki səhv olduğunu deyirlər. Bir dəfə də görməmişik ki, vitrində qiymət baha amma kassada ucuz olsun. Yəni, bunu bilərəkdən edirlər”.

Ekspert əlavə edib ki, marketlər üçün qaydaların yaradılması haqqında Nazirlər Kabinetinə təkliflər verilib:
“Marketlər istədikləri kimi təkcə müştərilərlə deyil, eləcə ora mal göndərənlərlə də istədikləri kimi davranırlar. Taxçaları satır, əldə edilən puldan böyük miqdarda bonus tələb edirlər. Qapıdan girən istehlakçıya potensial oğru kimi baxırlar. Dəfələrlə bu cür məsələləri İqtisadiyyat Nazirliyi qarşısında qaldırmışıq. Bizə deyirlər ki, marketlərin özlərinin ərazisidir, onlara müdaxilə edə bilmərik. Nazirlər Kabineti mütləq marketlər üçün qaydalar hazırlamalıdır. O cümlədən, təkcə süni qiymət artımına rəvac verən hallar yox, eləcə də mal gətirənlərə pulun geri ödənilməsi məsələsində də böyük problemlər yaşanır”.

“Yerli mallara 30%, xarici mallara isə 70% yer verirlər”, – deyən E. Hüseynov vurğulayıb ki, bununla marketlər yerli biznesin boğulmasına şərait yaradırlar:
“Bir sözlə, marketlərin çoxlu problemləri var. İstehlakçını aldatmaq üçün müxtəlif hallar müşahidə olunur. Məsələn, marketlərdə hansı müasir texnologiyalar tətbiq olunursa, mütləq altında istehlakçını aldatmaq jestləri dayanır. Çoxlu mal alırsansa almadığın malı vururlar. Belə bir hal mənim də başıma gəlib. Nizami küçəsində yerləşən marketlərin birində bir il ərzində 3 dəfə hüququmu pozublar. Qabıqlı qoz aldığım halda kassada qoz ləpəsinin qiyməti ilə vurublar, 8 manatlıq mal aldım onu 68 manat yazmışdılar. Əgər kartla ödəniş edəndə telefonuma baxmasaydım, 60 manat zərərə düşəcəkdim. Təbii ki, mən onu qaytardım. Mümkün qədər istehlakçını aldatmağa çalışırlar. Bunun da əsas səbəbi qanunların zəifliyindədir.
Vətəndaşlar belə hallarla qarşılaşdığı zaman İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin 195/2 qaynar xəttinə zəng vurub məlumat verə bilərlər”.

İqtisadçı-ekspert Akif Nəsirlinin fikrincə isə bu ölkədə sürətlə davam edən bahalaşma ilə bağlıdır:

“Bu hal ilə qarşılaşan alıcı faktı təsdiqləyən sənədləşmə aparmalıdır. Vətəndaş vitrində həmin malın şəklini çəkməli daha sonra kassada aldığı çek ilə qarşılaşdırmalıdır. Belə hal aşkarlandığı zaman İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlakçıların Hüquqlarının Müdafiəsi Xidmətinə xidmətə müraciət etməlidir ki, bu barədə barədə ölçü götürülsün. Amma bir məqamı da qeyd edim ki, hazırda qiymətlər tez-tez dəyişir və bahalaşma sürətlə gedir. Elə marketlər var ki, bu faktla qarşılaşmağı arzulamırlar. Sadəcə qiymətin dəyişməsini çatdıra bilmirlər. Görürük ki, qiymətlər dünən dəyişib, bu gün qiyməti dəyişməyə hələ imkan tapmayıblar. Bahalaşma o qədər sürətli gedir ki, marketlərdə az qala hər gün qiymət dəyişir. Onlar da hər gün yazdıqlarını dəyişməyə məcburdurlar. Təbii ki, bəzi hallarda bundan sui-istifadə edirlər. Amma əksər hallarda onlar bahalaşmanın təsirindən yazıları dəyişməyi çatdırmırlar”.

Həmçinin oxuyun

Birinci sinfə qəbul üzrə prioritet məktəblər – SİYAHI

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələri üzrə I sinfə qəbul prosesində prioritet …