Ana səhifə / Sosial / “Virusa görə ayrılan xəstəxananın çirkab suları da çaya axıdılır”

“Virusa görə ayrılan xəstəxananın çirkab suları da çaya axıdılır”

Bir vaxtlar kəndlilər Pirsaat çayının suyundan məişətdə istifadə edirdilər, indi isə nəcis də çaya qarışır

“Bu gün yenə heyvanları çaya apardıq ki, su içsinlər, heç yaxın getmədilər. Səbəb odur ki, bütün Qobustan rayonunun kanalizasiya suları çaya tökülür, ordan heç heyvan da su içə bilmir. Sudan nəcis iyi gəlir”.

Bunu Qobustan rayonu, Poladlı kəndinin sakinləri deyir. Onların sözlərinə görə, 2017-ci ildə Qobustan rayonunun içməli su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması əks nəticə verib. 3 ildən çoxdur ki, Poladlıda və digər kəndlərdə həm ciddi su, həm də ekoloji problemlər yaşanır.

“Qobustana kanalizasiya xətti çəkəndə boruları Pirsaat çayına qədər gətirdilər. Çayın yuxarı hissəsində – Nərimankənd kəndinin yaxınlığında sutəmizləyən qurğular quraşdırdılar. Həmin qurğu suyu filtirləyib çaya tökməlidir. Ancaq 3 ilə yaxındır ki, quraşdırılan qurğu hələ də işləmir deyə, çirkli su təmizlənmədən çaya tökülür. Bir sözlə, Şamaxıdan kəndimizə gələn Pirsaat çayı yuxarıda Qobustanın kanalizasiya suyuyla birləşir. Nəticədə Pirsaat çayından əsər-əlamət qalmayıb, çayın yerində kanalizasiya suları axır”, – kənd sakinləri deyir.

Sakinlər deyir, 3 ildən çoxdur ki, suyu pulla alırlar: “10 tonluq su çənini 70-80 manat verib ayda bir dəfə doldururuq. Böyük ailələr gərək o çəni ayda azı iki dəfə doldursunlar. Söhbət içməyə, yeməyə istifadə etdiyimiz sudan gedir. Məsələn, hazırda çaya həm də sel gəlib, yəni vəziyyət daha da çətinləşib, heyvanlar ordan su içə bilmir deyə, suyu çox almağa məcburuq. İri mal-qaraya isə su çatdırmaq mümkün deyil, heyvanlar susuzluqdan qırılır”.

Qarşıdan yaz, yay ayları gəlir, sakinlərin narahatlığı daha da artıb. İndi torpağın canlanan vaxtıdır. Ancaq susuzluq səbəbindən əhali təsərrüfatla məşğul ola bilmir:

“Nə əkinlə, nə də heyvandarlıqla məşğul ola bilirik. Kənddə insanların dolanışığı təsərrüfata, təsərrüfat isə ilk növbədə suya bağlıdır. Biri olmasa, o biri də yox olub gedər… Bu isə o deməkdir ki, insanlar acından qırılar… Bizi bir tərəfdən işsizlik, virus qırır, o biri tərəfdən hökumətin Qobustanda gördüyü bərbad su-kanalizasiya işləri…

Yayda əkin sahələrimiz susuzluqdan cadar-cadar olur. Kanalizasiya suyudur deyə, əkin sahələrinə verə bilmirik. O suyu vedrəylə götürüb tökürsən ağacın dibinə, ətrafı üfunət bürüyür, iki gündən sonra isə baxırsan ki, ağac quruyub. Buna bir əncam çəkilməlidir. Susuzluq insanların canını boğazına yığıb”.

Sakinləri narahat edən məsələlərdən biri də Qobustan rayonundakı xəstəxananın çirkab sularının çaya axıdılmasıdır:

“Qobustan xəstəxanası COVİD-19 xəstələri üçün ayrılıb, o xəstəxananın kanalizasiya suyu da bu çaya tökülür. Görün insanların həyatını necə təhlükəyə atırlar. Ona görə də tələb edirik ki, təcili tədbir görülsün. Bu vəziyyət bir az da davam etsə, kəndimizdə COVİD-19-dan da təhlükəli yoluxucu xəstəliklər yayılacaq. Üzü yaya gedirik, Pirsaat çayı insanlar üçün infeksion xəstəliklərin mənbəyinə çevrilib. Sabah elə bir xəstəlik yayılar ki, qarşısını ala da bilməzlər. Özümüzün, əzizlərimizin həyatı üçün narahat oluruq”.

Kənd sakinlərinin sözlərinə görə, bu problem təkcə Poladlı kəndində deyil, Pirsaat çayının keçdiyi bütün kəndlərdə mövcuddur:

“Bu gedişlə kənddə bircə heyvan da qalmayacaq. İnsan heç olmasa borca-xərcə düşüb suyu pulla alıb içir, ancaq heyvana su almağa imkanımız yoxdur. İstədiyimiz, tələbimiz odur ki, çayı 3 il əvvəlki kimi təmizləyib özümüzə qaytarsınlar”.

Qobustan Rayon İcra Hakimiyyətindən Meydan TV-yə bildirilib ki, çayın yuxarı hissəsində çirkab suların çaya tökülməsinin qarşısını alan bəndlər dağıldığından çirkab suların qarşısını almaq mümkün olmayıb. Hazırda isə bəndbərkitmə işləri aparılır. Yaxın vaxtlarda sutəmizləyici qurğular istifadəyə veriləcək və problem kökündən həllini tapacaq.

Həmçinin oxuyun

Azərbaycanda peyvənd olunanların sayı 400 minə çatır

Martın 5-də Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 27 073 nəfər vaksinasiya olunub. Bu barədə …