Sosial şəbəkədə biz:
“VİP Construction” yarımstansiyanın dibində ağacları kəsib, obyekt tikir - ŞİKATƏT
Xəbər Şəkli

“VİP Construction” yarımstansiyanın dibində ağacları kəsib, obyekt tikir - ŞİKATƏT

27 April 2026, 15:54
Sosial

“VİP Construction” MMC Bakıda “yaşıl soyqırımı” həyata keçirir.

Bu iddia ilə sakinlər məlumat veriblər.

Onların sözlərinə görə, şirkət Binəqədi rayonu, 9-cu mikrorayon, Mir Cəlal küçəsində (Dərnəgül-2 yarımstansiyasının qarşısında yerləşən sahədə) bütün ağacları kəsərək tikinti işləri aparır.

Sakinlər deyir ki, məsələ ilə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciətlər edilsə də, nəticə dəyişməyib. Belə ki, şirkət müxtəlif vaxtlarda cərimələnsə də, nə ağacların kəsilməsi, nə də tikinti işləri dayandırılıb.

Sakin Rəşad Qurbanov bildirir ki, son şikayətdən sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı onlarla əlaqə saxlayaraq faktın protokollaşdırıldığını və işin məhkəməyə göndərildiyini deyib:

“Amma hazırda tikinti işləri davam edir. Sanki heç nə olmamış kimi işləyirlər. Nazirlik əməkdaşları dəfələrlə gəlib, amma nəticə yoxdur. Açıq şəkildə dedilər ki, tikintinin qarşısını ala bilmirlər. O boyda nazirlik bir MTK-nın qarşısında aciz vəziyyətdə qalıb”.

Rəşad Qurbanov həmçinin deyir ki, tikinti elektrik yarımstansiyasına çox yaxın ərazidə aparılır və təhlükəsizlik qaydalarına əməl olunmur:

“Obyekt “Dərnəgül -2" yarımstansiyadan 10-15 metr məsafədə inşa olunur. “Azərişıq” ASC-yə müraciət etdik, dedilər ki, tikintiyə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi icazə verib”.

Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvəətlər Nazirliyinə sorğu göndərdik. Qurumdan Bakupost.az-a cavab olaraq bildirildi ki, daxil olan şikayət əsasında əraziyə baxış keçirilib və 2 ağacın zədələndiyi müəyyən edilib:

“Faktla bağlı akt tərtib olunub. Ərazidəki digər ağaclar inventarlaşdırılaraq identifikasiya nömrələri ilə işarələnib və agac.az portalına yerləşdirilib.

Eyni zamanda, MMC-nin hüquqi şəxs qismində cərimə olunması məqsədilə toplanmış materiallar Binəqədi Rayon Məhkəməsinə göndərilib və məhkəmənin qərarı ilə MMC 3000 manat məbləğində cərimə edilib.

Əraziyə keçirilən növbəti baxış zamanı 1 ağacın qanunsuz kəsildiyi müəyyən edilib. Faktla bağlı akt tərtib olunub. “VİP Construction” MMC-nin hüquqi şəxs qismində cərimələnməsi məqsədilə qanunamüvafiq tədbirlər görülür”.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən isə bildirildi ki, 2021-ci ildə həmin ərazidə iki yaşayış binasının tikintisinə icazə verilib:

“Diqqətinizə çatdırmaq istəyirik ki, tikinti icazə icraatı aidiyyəti dövlət qurumları tərəfindən layihə sənədlərinə verilən müsbət rəylər əsasında, qanunvecilik çərçivəsində həyata keçirilir”.