Şənbə , Aprel 20 2024
Ana səhifə / Sosial / VHP sədrinin Milli Şura barədəki fikirlərinə partiya funksionerləri reaksiya verdi

VHP sədrinin Milli Şura barədəki fikirlərinə partiya funksionerləri reaksiya verdi

 
Sabir Rüstəmxanlı: “Milli Şura dağılmış vəziyyətdədir”
Samir Əsədli: “ “Sədrimizin dediklərinə şərh bildirmək istəmirəm, hər halda onun öz şəxsi fikirləridir”
Rafiq Manaflı: “Blok yaratmağın tam əleyhinəyəm”

Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlının APA-ya verdiyi açıqlama bəzi suallar yaradıb. Qurumun sədri bildirib ki, VHP seçkilərə öz siyahısı ilə gedəcək. Partiyanın Milli Şuranın üzvü olduğunu nəzərə alsaq, bu fikirlər gerçəkliklə təzad təşkil edir.
VHP sədri Milli Şuranın dağılmış vəziyyətdə olduğunu da qeyd edib: “Milli Şuranın ayrıca siyahı ilə parlament seçkilərinə qatılıb-qatılmayacağını bilmirəm. Bizim partiya üzvləri isə seçkilərə yalnız partiyanın siyahısı ilə gedəcəklər. VHP-nin Milli Şuradakı üzvləri qurum yeni yaradılanda fəal olublar, amma bu gün Milli Şura dağılmış vəziyyətdədir. Mən Milli Şuranın parlament seçkilərinə ayrıca siyahı ilə gedəcəyini də düşünmürəm”.
Qeyd edək ki, VHP Ali Məclisinin sədri Rafiq Manaflı Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü, partiyanın İcra Aparatının sədri Samir Əsədli isə, Milli Şuranın üzvüdür.
Milli Şuranın üzvü olan VHP funksionerlərindən səslənən fikirlərə münasibət öyrəndik.
İcra Aparatının rəhbəri Samir Əsədli partiya sədrinin dediklərinə münasibət bildirmək istəmədiyini söylədi: “Sədrimizin dediklərinə şərh bildirmək istəmirəm, hər halda onun öz şəxsi fikirləridir. Seçkiyə gəldikdə isə, biz ilk öncə partiyamızın qərarı nə olacaqsa, ona uyğun hərəkət edəcəyik. Hazırda 125 seçki dairəsi üzrə VHP-nin irəli sürəcəyi namizədlərlə bağlı müzakirələr aparılır, irəli sürüləcək namizədlər dəqiqləşdirilir. İşimizi bu istiqamətdə aparırıq. Həmçinin, ilin sonunda qurultayımız olacaq, rayonlarda da qurultay öncəsi konfranslar keçirilir”.

Samir Əsədli Milli Şuradan gedənlərdən də danışdı: “Milli Şura yarananda orada çoxlu sayda partiya, ziyalılar vardı. Təbii ki, yarananda orada təmsil olunan bir sıra şəxslər qurumdan çıxıb. Amma Milli Şura fəaliyyətini davam etdirir. Milli Şura da bizə dəstək verə bilər. Biz VHP olaraq təkbaşına seçkiyə getməyi düşünürük. Hələlik partiyada bu istiqamətdə müzakirələr gedir. Seçki öncəsi situasiya nə olacaq, onu indidən demək çətindir. Müzakirələrimiz partiyanın seçkilərə təkbaşına getməsidir”.

Ali Məclisin sədri Rafiq Manaflı isə seçkiyə getməyin mənasız olduğunu bildirdi: “Hazırda doğru-dürüst seçki sistemi, komissiyaları yoxdur. Formal seçki keçirilir. Dəyişikliklər olmasa, namizədliyimi verməyəcəm. İstər VHP, istərsə də, başqası buna israr etsin; belə şəraitdə namizəd olmaq mənasızdır. Fikirlərimi hərə bir cür başa düşür, başa düşdükləri kimi də təqdim edirlər. Sözlər deyildiyi kimi verilməlidir. Seçkiləri havayı yerə xərc tökülən bir şey sayıram”.

Rafiq Manaflı VHP-nin seçkilərə təkbaşına getməsi iddiasına da münasibət bildirdi: “Blok, birliklər professional seçki sistemində daha aktual idi. İndi bunun əhəmiyyəti yoxdur. Hər kəs majoritar qaydada namizədliyini verir. Ümumi müxalifət bir cəbhədə birləşib seçkiyə gedəndə əhəmiyyəti ola bilər. Bir partiya birinə, digəri başqasına qoşulur. Bunun heç bir əhəmiyyəti yoxdur. Bloklaşma tam mənasız bir şeydir. Bu baxımdan, blok yaratmağın tam əleyhinəyəm. VHP yəqin ki, təkbaşına seçkilərə gedəcək”.

Həmçinin oxuyun

Adı məktəblilərin zəhərlənməsində hallanan şirkət bu dəfə DİM-ə yemək satacaq

Dövlət İmtaham Mərkəzi (DİM) tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “TAİS-İKF” MMC (VÖEN-1400019741) olub.Yeniavaz.com xəbər verir ki, …

Bir cavab yazın